Sərhəddə və Qarabağda həlledici toqquşma baş verə bilər
Ermənistan Baş naziri Nikol Paşinyan çərşənbə günü hökumətin iclasını keçirib. Paşinyan Ermənistan-Rusiya strateji müttəfiqliyini və respublikanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyünü Ermənistanın təhlükəsizliyində vacib amil sayıb. Baş nazir regional sabitlik baxımından ATƏT-in Minsk qrupu çərçivəsində yekun statusun müəyyən edilməsinə yönələn danışıqların davam etdirilməsinin vacibliyini qeyd edib. Paşinyan hökumətin 2021-2026-cı illər üçün proqramını təqdim edərkən bildirib ki, Ermənistan Azərbaycanla sərhədin bəzi hissələrinin mühafizəsini sərhəd qoşunlarına verməyi planlaşdırır: “Proqramımız və planımız budur ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları tezliklə daha çox ərazini Silahlı Qüvvələrdən təhvil alacaq. Bu baxımdan sərhəd qoşunları artırılmalı və islahatlar aparılmalıdır”. Onun sözlərinə görə, bu, Ermənistanın dinc regional gündəmi təşviq etmək istəyini sübut edir.
Qeyd edək ki, indi erməni sərhədçiləri yalnız Gürcüstanla sərhədi qoruyur. İran və Türkiyə ilə sərhəd Rusiya sərhədçilərinin nəzarətindədir. Ermənistan Silahlı Qüvvələri yalnız Azərbaycanla sərhədə nəzarət edir. Paşinyan Nazirlər Kabinetinin iclasında onu da deyib ki, Ermənistan beş il ərzində Xarici Kəşfiyyat Xidməti yaradacaq: “2050-ci ilə qədərki inkişaf strategiyamızda qeyd etdiyimiz kimi, yaxın 5 ildə Ermənistanda Xarici Kəşfiyyat Xidməti yaradılacaq”. Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyə ilə münasibətləri normallaşdırmağa hazır olduğunu bildirib. O, sərhədlərin bağlı qalmasının bölgədə sabitliyə mənfi təsir etdiyini vurğulayıb. Hökumətin proqramı Nazirlər Kabineti tərəfindən təsdiqləndikdən sonra parlamentdə müzakirə olunacaq. Paşinyana görə, parlament müzakirələri gələn həftə baş tuta bilər. Hökumətin 2021-2026-cı illər üçün proqramı 6 bölmədən ibarətdir.
Paşinyanın diqqət yönəltdiyi məqamları “Şərq”ə şərh edən siyasi şərhçi Asif Nərimanlı bildirib ki, Paşinyanın sərhəd və regional məsələlərlə bağlı fikirləri Ermənistanın “sülhpərvər” mövqeyini göstərməyə hesablanıb. Analitikin fikrincə, dövlət başçısı İlham Əliyevin Kəlbəcər səfərində sərhəd məsələsi ilə bağlı qəti və sərt mövqeyi fonunda Nikolun “sülh göyərçini” olmaq istəyinin hədəfi Azərbaycanla sərhəddə əvvəlcə “beynəlxalq müşahidəçiləri”, daha sonra Rusiya hərbçilərini gətirmək istəyən Paşinyan indi erməni sərhədçilərin yerləşməsindən danışır. İkincisi, bu açıqlamanı kommunikasiyanın bərpası üzrə üçtərəfli işçi qrupunun Moskvada görüşə yenidən başlanmasından dərhal sonra verir. Bu mənzərə sərhədin delimitasiyası ilə bağlı prosesin getdiyi və Ermənistanın daxili ictimaiyyətə yönələn sərt ritorikasına rəğmən, razılaşdığı, yaxud buna məcbur olduğu ehtimalını önə çıxarır. Yəni ordunu geri çəkir və rus hərbçilərini gətirə bilmədiyi bölgəyə öz sərhədçilərini yerləşdirirsə, delimitasiya prosesindən sonrakı dövrə hazırlıq getdiyini deyə bilərik. Üçtərəfli qrupun Ermənistan tərəfindən məhz sərhəd məsələsinə görə birtərəfli qaydada dayandırılan fəaliyyətinin bərpa edilməsi də bu ehtimalı gücləndirir. Çünki sərhəd məsələsi həll edilmədən, kommunikasiyanın açılması mümkünsüzdür. Nikol Türkiyəyə müsbət siqnallar ötürməklə, ölkəsini blokadadan çıxarmaq niyyətindədir. Bu kontekstdə ölkə başçısı İlham Əliyevin sərhəd probleminin yaşandığı Kəlbəcərə üçtərəfli işçi qrupunun Moskva görüşündən öncə səfər etməsi və sərhədlə bağlı qəti mövqe sərgiləməsi diqqət çəkir. Bakı bütün tərəflərə geri çəkilməyəcəyinin, lazım olacağı təqdirdə, daha sərt tədbirlərə əl atacağının mesajını verdi. O da istisna deyil ki, Paşinyan hakimiyyəti delimitasiya prosesindən öncə sərhəddə sonuncu və həlledici toqquşmaya getsin, bu, xüsusilə atacağı addımlara haqq qazandırmaq baxımından lazım ola bilər”.
A.Nərimanlı hesab edir ki, burada “Minsk qrupu formatında sülh danışıqları prosesini bərpa etmək” mövqeyi burada ziddiyyət təşkil edir: “Ermənistan sərhədin delimitasiyası prosesinə razıdırsa, o zaman Qarabağla bağlı hansı yeni danışıqlardan söhbət gedə bilər? Nikol da anlayır ki, sərhəd məsələsinin yekunlaşması sərhəd müqaviləsinin imzalanmasına yol açır. Bu, ikitərəfli qaydada dövlət sərhədinin tanınması və İrəvanın Qarabağdan de-yure imtina etməsi deməkdir. Bunu iki ehtimal üzərindən dəyərləndirmək mümkündür: - Paşinyan kommunikasiyanın bərpası üçün sərhədin delimitasiyası prosesinin getdiyi vaxt Minsk qrupunun “dirildilməsi”nə çalışır. Ən azından Qərbin diqqətini Qarabağa yönəldir. Qarabağ məsələsi Ermənistan üçün həm də sərhəd danışıqlarında əlini gücləndirmək baxımından kart ola bilər. Digər yandan bu açıqlama ilə erməni ictimaiyyətinə, xüsusilə “hakimiyyət yeni gizli razılaşmaya gedir” iddiası üzərindən anti-təbliğat aparan qruplar qarşısında “Qarabağdan imtina etmədiyini” göstərir. Proseslərin inkişafı 44 günlük müharibədən öncəki vəziyyəti xatırladır və sual yaranır: Paşinyan sərhəddə və Qarabağda həlledici toqquşmanı yetişdirir?”.