"Uşaqlar çarəsizdirlər, adamın ürəyi dözmür" - Əfqanıstandan "Sherg.az"a danışdı


"Hazırda hava limanının ətrafında zavallı insanlar toplaşıblar. Onlar Əfqanıstanın  bir az imkanlı vətəndaşlarıdır"


Dünyaya Türk millətinin gücü, məğrurluğu ilə yanaşı, mərhəməti də səs salıb. “Taliban” radikal hərəkatı tərəfindən ələ keçirilən Əfqanıstandakı sülhməramlılarımızdan danışıram. Onlar Kabil şəhərində sakinləri ərzaq və zəruri əşyalarla təmin edirlər. Azərbaycan Ordusunun 120 nəfərdən ibarət sülhməramlı bölməsi Türkiyə qüvvələri ilə birlikdə hava limanının təhlükəsizliyini təmin etmək məqsədilə xidməti vəzifələrinin icrasını davam etdirir. Türkün igid övladları zərər çəkmiş əfqan cocuqlarının sevimlisinə çevriliblər.

Məsum körpələrdən qayğılarını, mərhəmətlərini əsirgəmirlər. Uşaqların könlünü alır, hürkmüş simalarına təbəssüm qondurmağa çalışırlar. Bu insanlıq vəzifəsini müvəfəqiyyətlə yerinə yetirirlər. Onların foto-videolarına baxıb, qürur duyuruq. 

Bəhram Həşimov da Əfqanıstanda xidmət göstərən sülhməramlılarımızdan biridir. Əslən Şuşadan olan B.Həşimovun əfqan uşaqları ilə fotoları bütün sosial şəbəkələri bəzəyib. Təsadüfən profilini gördüm, müsahibə üçün yazdım. O da qəbul etdi, Əfqanıstandan “Şərq”ə danışdı.

- Xidmətiniz müddətində orada nələrin şahidi oldunuz?

- Buradakı söz-söhbətlərdən aydın olur ki, Əşrəf Qani adlı şəxs prezident olub və dövlətini satıb. Sual yaranır ki, belə deyilsə, ordu niyə qarşı çıxmayıb?  Hazırda hava limanının ətrafında zavallı insanlar toplaşıblar. Onlar Əfqanıstanın  bir az imkanlı vətəndaşlarıdır. Yoxsullar hələ də kəndlərdədirlər. Azərbaycanlıların nəzarətində iki qapı mövcuddur. Türkiyəli qardaşlarımızın da nəzarətdə saxladığı giriş-çıxış qapıları var. İnsanları içəri ötürürük. İtaliya, Fransa, Hollandiya, Litva, Amerika kimi ölkələrin nümayəndələri öz vətəndaşlarını siyahı əsasında qəbul edirlər.

- Sosial şəbəkələrdə əfqan uşaqları ilə siz sülhməramlılarımızın səmimi münasibətini izləyirik...

- Onlar çarəsizdirlər. Hər yardıma ehtiyac duyurlar. Biz də əlimizdən gələni edirik. Hazırda 3 tağım səhər saat 5-dən 13:00-a qədər, 13:00-dan axşam  21:00-a, 21:00-dan sübh 5-ə qədər xidmət edir. Mən üçüncü qrupdayam. Çay-su, paltar, yemək hər cəhətdən yardım göstəririk.

- Ağrılı mənzərələri görəndə hansı hissləri keçirirsiniz?

- Hamımız müsəlmanıq. İnsan ürəyi dözmür. Yalnız əlindən gələnin artığını etmək istəyirsən. Şükür ki, bacardığımızı edirik. 

- Əfqanıstanda  nə qədər qalacaqsınız? Sayınız arta bilərmi?

- Bu barədə komandanlığımız xəbər alsa, bizə məlumat verir. Hələ ki, bir əmr yoxdur. 

- Türkiyəli qardaşlarımızla ünsiyyətiniz varmı?

- Bəli. Çox yaxşıdır...

- Bəs nə kimi çətinliklərlə, təhlükələrlə, risklərlə üzləşirsiniz?

- Bura NATO-nun tərkibindədir. Yəni təhlükə yaradan və yaşadan bütün dünyanı gözə almalıdır. Məncə, elə bir dövlət və ya qondarma qurum ola bilməz. Hər şey qaydasındadır. İnşallah, heç nə olmayacaq. Əmr gəlsə, sağ-salamat Vətənə geri dönərik. 

- Əfqan xalqının “Taliban”a münasibəti necədir?

- Onları istəmədikləri üçün bu yerə sığınıblar. Dediklərinə görə, həddi buluğa çatan qızları qondarma qurumda  xidmət edən, əsgər adlandırdıqları şəxslərlə evləndirmək istəyirlər. Bu da məcburidir. 

- Uşaqların psixoloji durumu nə vəziyyətdədir?

- Normaldır. 

- Başqa hansı ölkələrin sülhməramlıları xidmət edirlər?

- Burada Türkiyənin, Amerikanın, Fransanın, İtaliyanın, Almaniyanın, Hollandiyanın əsgərləri var.