“Qazaxın 7, Naxçıvanın Kərki kəndinin qaytarılması gecikdirilir” – Rusiyanın “əli” var

Ermənistanın Dilican vilayətinin qubernatoru Hayk Qalumyan Azərbaycanla sərhəddə yerləşən nöqtələrdən, daha dəqiq desək, 1990-cı illərin əvvəllərində işğal edilən Qazaxın 7 kəndindən sonradan köçürülən əhalinin təxliyəsi ilə bağlı sərəncam imzalayıb. Sərəncama əsasən, işğal edilmiş eksklavlarımıza sonradan köçürülən ermənilərin təxliyəsi ilə yanaşı, onların sərhəddən ən azı 10 km içəridə məskulaşdırılması, yemək və içməklə bağlı təminatı da gerçəkləşdiriləcək.


İddialara görə, qubernator Qalumyanın bu addımının iki səbəbi ola bilər. Birincisi, Qazaxın 7 kəndi 10 noyabr üçtərəfli bəyanatına əsasən, Azərbaycan tərəfinə sakit və səssiz şəkildə təhvil verilir. İkincisi, Ermənistan bu addımı ilə kəndlərin qaytarılmasından imtina edir və hətta müharibə hazırlıqlarına başlayır. Üçüncü versiya isə Ermənistan bu kəndləri qaytarmaqla uzun müddətə Zəngəzur dəhlizi mövzusunu və sərhədlərin demerakasiyasını arxa plana keçirir.

Maraqlıdır, Qazaxın 7 kəndinin taleyi bu dəfə necə olacaq, çoxdan gözlədiyimiz "düyünlər" açılır?

 
Siyasi elmlər doktoru, professor, politoloq Cümşüd Nuriyev “Sherg.az”a bildirib ki, Qazaxın kəndləri 1984-cü ildə Nazirlər Sovetinin sədr müavini Şamil Rasizadənin satqın siyasəti nəticəsində imzaladığı razılaşmaya əsasən Ermənistan ərazisində eksklava çevrildi:

 “Müharibə zamanı həmin kəndlərə hücumlar oldu, insanları öldürdülər. O zaman Azərbaycan bir neçə dəfə ermənilərlə görüşlər keçirib kəndlərin bizə qaytarılmasının razılığını əldə etdi. Lakin sonradan SSRİ dağıldı və Rusiya bu missiyanı üzərinə götürmədi, gələcəkdə imperialist siyasətini həyata keçirmək üçün məsələni bu günə qədər saxladı.

Çünki Yuxarı və Aşağı Əskipara kəndləri arasında ermənilərin sonradan düzəltdiyi Voskoper kəndi salınıb, həmin kənd indi də var. Rusiya “sülhməramlı” adı ilə gətirib ora ordusunu yerləşdirib. Ancaq Azərbaycan həmin kəndləri 10 noyabr 2020-ci il üçtərəfli sənədin 1-ci bəndinə görə geri almalıdır və alacaq da”.

C.Nuriyev vurğulayıb ki, Qazaxın kəndlərinin ölkəmizə qaytarılması strateji cəhətdən bizim üçün çox önəmlidir.

 “Çünki həmin kəndlər 3 respublikanın birləşdiyi ərazidə yerləşir, kifayət qədər məhsuldar torpağı olan kəndlərdir, həmçinin Azərbaycan üçün bir imic və prestijdir. Qazaxın kəndlərindən didərgin düşən əhali geri qayıdacaq, ordumuz onların təhlükəsizliyini təmin etməyə tam qadirdir.

Belə bir missiyanın həyata keçirilməsini israrla tələb edirik. Açığı desək, Paşinyan bu məsələlərə bir qədər liberal yanaşır, ancaq Rusiya var. Onun Azərbaycana qarşı qeyri-səmimi və ikili standart siyasəti hökm sürür. Məqsəd Azərbaycanı daim təzyiq altında saxlamaqdır.

Ona görə də Qazaxın 7, həmçinin Naxçıvanın Kərki kəndinin qaytarılmasını gecikdirirlər. Lakin həmin kəndlərin qaytarılması ərazi bütövlüyümüzü bərpa etmək üçün lazımdır.

Cənab Prezident bu iradəni ortaya qoyub, məsələnin üzərində təkidlə durur. İnanıram ki, ölkə başçısının təkidi müsbət nəticəsini verəcək”.