Mesaj verildi:“Antiterror əməliyyatlarına başlanılacaq”

Bu gün  Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva şəhid ailələri və Qarabağ qaziləri ilə görüşüb. Ölkə başçısı görüş zamanı bir sıra vacib məsələyə toxunub, mühüm mesajlar verib.
Dövlətimizin başçısı deyib: “Biz Qarabağı və Şərqi Zəngəzuru bərpa etmək üçün xüsusi proqram qəbul etdik. Bu proqram bir neçə ili əhatə edir və birinci il - 2021-ci il üçün proqram icra olunur.

Bu gün o bölgələrdə gedən quruculuq-abadlıq işləri göz önündədir. Bir çoxları üçün bu, çox gözlənilməz oldu və bəziləri təəccüb edirlər ki, biz bu işləri belə yüksək templərlə görürük. Əlbəttə, burada təkcə maliyyə vəsaiti kifayət etməz. Gərək bu genişmiqyaslı layihələri icra etmək üçün texniki imkanlar olsun, kadr potensialı olsun, daxili resurslar olsun. Biz bütün bu gücləri səfərbər etmişik və bu gün erməni vəhşiliyinin fəsadlarını aradan qaldırırıq. Mən demişdim, biz Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Biz bunu edəcəyik. Necə ki, bu günə qədər verilən bütün vədlər həyatda öz əksini tapdı, bir dənə də olsun vəd yerinə yetirilməmiş qalmadı və İkinci Qarabağ müharibəsindəki parlaq Qələbəmiz buna əyani sübutdur”.

Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli “Sherg.az”a açıqlamasında qeyd edib ki, Prezidentin çıxışı üç vacib nüansla bağlıdır:

“Birincisi, yekun müqavilə gecikir və ölkə başçısı məhz bu müqavilənin gecikməsinə işarə verir. Yəni onsuz da quruculuq işlərini həyata keçirəcəyik. İkincisi, Şərqi Zəngəzuru gündəmə gətirməklə demək istəyir ki, nəticədən asılı olmayaraq məskunlaşdırmanı davam etdirməliyik. Üçüncüsü isə, müəyyən haqlı iddialarımız var.

Digər vacib məqamlardan biri budur ki, antiterror əməliyyatları gündəmimizdədir və inanıram ki, yaxın zamanda buna başlanılacaq. Ona görə şəhid ailələri və qazilərlə görüşlərin təşkil olunması onu göstərir ki, ümumiyyətlə, əsgərlərimizə böyük müraciət var. Onların həm də sosial təminatına dair məsələ ölkə siyasətinin əsasını təşkil edir və növbəti dəfə kampaniyanın əsas iştirakçısı məhz əsgərlərimizin olması deməkdir.
Cənab Prezidenti şəhid ailələri və qazilərlə görüşündə bu mesajı da verir”.