Oktyabrın 11-də Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan ölkələrin Daxili İşlər Nazirləri (DİN) Şurasının onlayn formatda növbəti iclası keçirilib.
DİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tədbirdə üzv dövlətlərin Daxili İşlər nazirliklərinin əməkdaşlığının prioritet istiqamətləri və cinayətkarlıqla mübarizədə dövlətlərarası proqramların icra vəziyyəti barədə ümumi fikir mübadiləsi aparılıb, Şuranın terrorizm, ekstremizm, narkotrafik, mütəşəkkil cinayətkarlıq və insan alveri ilə mübarizədə geniş və əhatəli iş apardığı, qurumun MDB məkanında təcrübə və informasiya mübadiləsi istiqamətində də səmərəli fəaliyyət göstərdiyi vurğulanıb.
İclasda çıxış edən Azərbaycanın daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov gündəlikdəki bütün məsələlərin aktuallığını, onların daxili işlər orqanlarının qarşısında duran, günümüzün reallıqları ilə uzlaşan vəzifələrə uyğun olduğunu qeyd edib, müzakirələrin əməkdaşlığın daha da intensivləşməsinə və genişləndirilməsinə yeni impuls verəcəyinə əminliyini bildirib.
V.Eyvazov qeyd edib ki, 2019-2021-ci illər ərzində Birlik üzvü olan ölkələrin DİN-lərinin aidiyyatı qurumları tərəfindən sıx işbirliyində yüzlərlə ağır cinayətlərin üstü açılıb, çoxsaylı mütəşəkkil transmilli kriminal qruplar zərərsizləşdirilib, təhlükəli cinayətkarlar tutularaq ekstradisiya olunub.
Birlik çərçivəsində tərəfdaşlığın kifayət qədər yüksək səviyyədə olduğunu qeyd edən nazir son iki il ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə təxminən 4,5 ton narkotik vasitənin müsadirə edilməsinin Azərbaycan hüquq mühafizə orqanlarının bu istiqamətdə barışmaz mövqe sərgilədiyinin əyani sübutu olduğunu bildirib.
General-polkovnik V.Eyvazov son illər ölkəmizdə cinayətkarlıqla aparılan qətiyyətli mübarizənin müsbət nəticələri, ümumilikdə cinayətlərin, o cümlədən ağır və xüsusilə ağır cinayətlərin açılması, azalma tendensiyası, dövlətlərarası axtarışa verilən təqsirləndirilən şəxslərin tutulması, əlverişli kriminogen durum, ictimai asayişin qorunması sahəsində həyata keçirilən tədbirlər barədə danışıb, transmilli mütəşəkkil cinayətkarlığın yeni təhdid və çağırışlarına birgə səylərlə cavab verilməsinin zəruriliyini diqqətə çatdırıb.
Dostluq və konstruktiv əməkdaşlıq şəraitində keçən toplantıda planlaşdırılan bütün məsələlər üzrə müvafiq qərarlar qəbul edilib.