Eyyub Hüseynov: “Bütün növ enerji içkilərindən uzaq durun, onların yaxşısı pisi olmur”
Vaqif Qarayev:“Mərkəzi sinir sistemi, ürək-damar sistemi, mədə - bağırsaq sisteminə ciddi zərər vurur”
İlk dəfə 1987-ci ildə Avstriyada satışa çıxarılan enerji içkiləri 1997-ci ildə ABŞ-da tətbiq edildikdən sonra bütün dünyada məşhurlaşdı. 24 il öncə həyatımıza daxil olan enerji içkilərindən demək olar ki, hazırda 7-dən 70-ə hər kəs istifadə edir. Böyük təhlükə mənbəyi olduğu dəfələrlə vurğulansa da, onlardan istifadə hər keçən gün sürətlə artır.
Məlum olduğu kimi Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən istehlak bazarında enerji içkisi adı altında istehlakçılara təqdim olunan alkoqolsuz içkilərin enerji içkisi olub-olmaması, eləcə də qaydalara uyğunluğunun müəyyən edilməsi məqsədilə monitorinqlər keçirilib. 30 nümunə üzərində aparılmış müayinələr nəticəsində beş nümunənin enerji içkisi olduğu təsbit edilib. Qalan 25 nümunənin isə saxta olduğu üzə çıxıb.
Monitorinqin nəticələri ölkəmizdə enerji içkilərinin satışı,istehsalı və istehlakı məsələlərini gündəmə gətirib. Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov məsəslə ilə bağlı “Sherg.az”a danışarkən bildirib ki, AİB olaraq insanları daim məlumatlandırırlar:
“Bu istiqamətdə AQTA bir sıra lazımlı,ciddi işlər görüb, enerji içkilərinin tərkibinin araşdırılması, tərkibindəki asılılıq yaradan maddənin azaldılması məsələləri ilə bağlı dövlət orqanları ilə müzakirlər aparıb nəticədə vergilərin artmasına nail olmuşuq. İstifadə edən şəxslərə bildirmişik ki bütün növ enerji içkilərindən uzaq durun, onların yaxşısı pisi olmur.
Sözügedən içki növünün insan sağlamlığına vurduğu ziyan barədə danışan həkim - pediatr Vaqif Qarayev qeyd edib ki, energetik içkilərin tərkibindəki maddələr demək olar ki, oraqanizmə ziyandır:
“Hazırda dünya təbabəti şəkərə qarşı inqilab elan edib. Bu içkilərin tərkibində isə yüksək miqdarda şəkər olur. Bizdə şəkərə meyillilik çoxdur. Energetik içkilər susuzluğu yatıra bilər. Hətta ilkin dövrdə reklamda qeyd olunduğu kimi qanadlandıra da bilər. Lakin bir müddət sonra orqanizmin qanadlarını qırar. Mərkəzi sinir sistemi, ürək qan-damar sistemi, mədə - bağırsaq sisteminə ciddi zərər vurar. Ən pis tərəfi odur ki bu içkilər asılılıq yaradır. Xüsusən də azyaşlılarda. Marketlərdə uşaqlar israr etdiyi üçün valideynlər onlara energetik içkilər alıb verir. Uşaq orqanizmi həssas olduğu üçün təbii onlara daha ciddi təsir göstərir. Gənclərdə tələbələrdə fikir dağınıqlığı yaradır. Yaddaş pozğunluğuna gətirib çıxarır. İlin bütün fəsillərində gənclər bundan istifadə edir. Soruşduqda mənə deyirlər ki, bir dəfə ilə heç nə olmaz. Amma bu içkilərin asılılıq yaratma missiyasını unudurlar. Bizdə bununla bağlı maarifləndirmə işləri çox axsayır. Fikir versək görərik ki bu məhsulların reklamına daha çox məşhur simalar cəlb olunur. Bu insanlar tərəfindən onlara qarşı istəyi artırır. İşin marketinq tərəfini önə çəkirlər, tibbi tərəfini kimsə düşünmək istəmir. Bu içkilərə qarşı ən effektiv mübarizəni onların ölkəyə daxil olduqları zaman tərkibini ciddi araşdırmaqla aparmaq olar. Bir həkim - pediatr kimin yenə də üzümü insanlara tutub müraciət edirəm energetik içkilərdən uzaq durun onlar sizin həm psixoloji sisteminizi həm emosional sisteminizi həm də ürək-damar sisteminizi zədələyir. Sağlam yaşamaq istəyirsinizsə, bunları nəzərə almağınız mütləqdir".
Qeyd edək ki,bəzi ölkələrdə energetik içkilərin satışına qadağalar qoyulub, məhdudiyyətlər tətbiq edilib.2010-cu ildə ABŞ-da kofein tərkibli spirtli enerji içkiləri tamamilə satışdan çıxarılıb, Litvada energetik içkilərin yetkinlik yaşına çatmayanlara satışına qadağa qoyulub. 2015-ci ildə Rusiyada da eyni məhdudiyyətlər tətbiq olunub. Danimarka, Norveç, Uruqvay, İslandiya, eləcə də ABŞ-nın Vaşinqton, Yuta, Oklaxoma, Miçiqan kimi ştatlarında da bu cür qadağalar mövcuddur 2017-ci ildə Türkiyədə yaşı 18-dən aşağı olan şəxslərə satışı qadağan olunub. Hazırda enerji içkilərinin satışı dünyanın 70 ölkəsində satışı davam edir.