Bəxtiyar Qaraca: "İndi Qarabağa gedəndə adama ən gözəl təsir bağışlayan yol boyu Azərbaycan əsgəri ilə qarşılaşmaqdır"
"Kəndimiz azad edilənədək Xocavənddə də ev tikib orda yaşamaq istəyirəm"
"Əgər Hadrut bizdədirsə, gerisi rahatdı. Digər ərazilərimizi də qaytaracağıq. Ermənilər nəinki Hadrutdan, Şuşadan, nə Kəlbəcərdən, nə də Laçından əl çəkmək istəyirdilər"
Hazırıq, hər axşam səcdənə gəlsək,
Bu yolda min dəfə ölüb-dirilsək,
Əgər bu dünyanı yarıya bölsək,
O yan cəhənnəmdir, bəri Qarabağ!..
Bəxtiyar Qaracanın şeirindən bir parçadı. İlk bəndini qəsdən ötürdüm. Pessimizm var, ona görə. Yaralı vaxtımızda, didərgin günlərimizdə, əlimizin Qarabağa yetmədiyi illərdə yazılıb. Artıq əlimiz də çatır, ayağımız da gedir. Həm də tam sərbəst, istədiyimiz kimi. Qalibik!.. Məğruruq!.. İllərlə həsrət qaldığımız, nəfəs çəkib uzaqdan boylandığımız torpaqlara müzəffər xalq kimi qayıtmışıq. Oxucu darıxmasın, məqamında şeirin ilk bəndini də görəcək.
İndiliksə, Bəxtiyar müəllimlə cənab Prezidentin Xocavəndə, Hadruta səfəri barədə danışacağıq. Bu səfərdə Prezidenti müşayiət edənlər arasında Bəxtiyar Qaraca da vardı. Xatırladaq ki, yazıçı-publisist, uzun illər, həm də ölkəmiz üçün ən gərgin dövrdə - 1980-ci illərin sonu 90-ların əvvəlində (bundan sonra da uzun müddət –red.) Azərbaycan Dövlət Televiziyasında çalışmış, hazırda Milli Teleradio Şurasında Şura üzvü Bəxtiyar Qaraca əslən Xocavənd rayonunun Əmrallar kəndindəndir. Bir insan 30 ildən sonra doğma yurda qayıdırsa, ondan “hansı hissləri keçirirdiniz?” soruşmaq nə qədər yersiz görünsə də, başqa sual da düşünə bilmirsən. Yaxşısı budu, özü danışsın.
- Xocavəndin işğal günü 1992-ci il oktyabrın 2-dir. Bu, elə bir zaman idi ki, Dağlıq Qarabağda azərbaycanlılar yaşayan kəndlər sürətlə boşalırdı. Xüsusilə Hadrut ətrafında. Muğanlı işğal olundu, ardınca Əmrallar… Bu kəndlərdən əhalinin çıxmasıyla Xocavənd tamamilə erməni silahlılarının əlinə keçdi. 1991-ci il oktyabrın ortalarında kiçik qardaşım rəhmətə getdi. Mən Bakıda işləyirdim. Kəndimizə qardaşımın dəfninə getdim. Əmrallar qəbiristanlığında qardaşımı dəfn etdik. Amma qardaşımın il mərasimini isə artıq verə bilmədik. Vəfatının ildönümünə 15 gün qalmışdı, biz kənddən çıxdıq…
- Sizin üçün ağırdı, bunları xatırlamaq. Amma soruşum; qardaşınız nədən rəhmətə getmişdi?
- Qardaşım Kənd Təsərrüfatı Akademiyasını bitirmişdi, Xocalıda işləyirdi. Evə qayıdanda yolda qəzaya düşmüşdü…
- Evli idi?
- Xeyr. Evləndirmək istəyirdik. 28 yaşı vardı…
-Sizin üçün nə qədər çətin olub, bu illər ərzində. Eviniz, yurdunuzla bərabər qardaşınızın məzarı da işğal altında qalıb, ziyarət edə bilməmisiniz…
- Ailəmiz, atam, anam Əmrallardan çıxdıqdan sonra uzaq yerlərdə məskunlaşmaq istəmədilər. Elə bir yer istədilər ki, Xocavəndə, Qarabağa yaxın olsun, belə yer də Ağcabədi, Beyləqan ola bilərdi. Onlar da Beyləqanda məskunlaşdılar. Sanki orda yaşamaqla Xocavəndin havasını alırdılar. Kəndimiz işğal olunandan sonra dəfələrlə Ağcabədiyə getmişik, hündür yerlərə qalxanda qarşıda bizim dağlar görünərdi, dağlara baxardıq. Qəbiristanlığa baxardıq. Uzaqdan görürdük bunları. Amma gedə bilmirdik. O zaman bu şeiri yazmışdım:
Mən indi baxıram sənə uzaqdan,
Əlimin çatmayan yeri Qarabağ.
Mən gələ bilmədim, yollar bağlıdı,
Sən gəl mənə sarı yeri, Qarabağ.
Nə verdin, nə dedin qanımda getdi,
Başımda dolandı, canımda getdi.
Atamı gözləmədi, anam da getdi,
Biz öldük, sən həmişə diri Qarabağ…
(Sonrakı bənd əvvəldə qeyd etdiyimdir. İkinci bənddə qayıdış havası var. Min dəfə ölüb-dirildik, arzumuza, muradımıza çatdıq – Qarabağa qayıtdıq! Ona görə önə keçdi. Bütün qələbələr kimi – M.R.)
Bəxtiyar müəllim davam edirdi:
-Siz fikir vermisiniz, ya yox, bilmirəm, bir şey deyim. Qarabağdan didərgin düşmüş bir çox soydaşımızın məzar daşında “əmanət” sözü həkk edilib. Harada dəfn olunduqları önəmli deyil. Amma əksəriyyətində bu söz yazılıb. Bununla o məzarların bir gün doğma torpağa köçürülməsi vəsiyyət edilirdi. Çünki bizim insanlar heç vaxt işğalla barışmadılar. Hamıda ümid vardı ki, o torpaqlara qayıdacağıq. Nə vaxt qayıdacağımızı bilmirdik. Amma mütləq qayıdacağımızı bilirdik. Dostlarım da buna şahiddir. Harada söhbət düşübsə, mən heç vaxt ümidsiz olduğumu deməmişəm. Çəkinəcəyim bircə bu idi ki, görəsən mən o günü görəcəyəmmi? Ömür vəfa edəcəkmi?
- Şükür, Bəxtiyar müəllim gördünüz…
- Mən cənab Prezidentə təşəkkür edirəm. Onun dəmir iradəsi sayəsində, ordumuzun igid əsgərlərinin mərdliyi, qəhrəmanlığı sayəsində Qarabağa qayıtdıq. Allah imkan versin, siz də gedib o yerləri görəsiniz. Görəsiniz, necə cənnətdir. O torpağın hər qarışı üçün qan tökülüb. Qarabağa gedəndə bu fikir insanı tərk etmir. Torpaq uğrunda can verənlər insanın gözünün önündən çəkilmir. Ulu öndərin sözləri həmişə yaddaşımdadır, deyirdi ki, Qarabağsız Azərbaycan yoxdur. Qeyri-adi təbiəti var. Aura tamam fərqlidi. Cənab Prezident də dedi ki, bura gələndə çıxıb getmək istəmirsən. İstər Şuşa olsun, istər Kəlbəcər, Xocavənd… Qarabağın hər yeri, hər qarışı cənnətdir. Cənab Prezident bizimlə söhbətində Kəlbəcərdə ona təqdim olunan 2 pətək balı xatırladı və dedi ki, indiyə kimi belə bal dadmamışdı. Kəlbəcər balının tamı tamam başqadı. Eləcə də Qubadlıda səfərdə olarkən ona təqdim olunan xurmanın unudulmaz dadı olduğunu dedi.
- Xocavənd yolunuz hardan keçdi, Bəxtiyar müəllim?
- Əvvəlcə Füzulidə, Horadizdə olduq, sonra Şuşa yoluyla Xocavəndə, Hadruta çatdıq. Gözəl, abad yol çəkilib. Amma sağa-sola baxırsan, dağıntılar, uçulmuş evlər, qurumuş, kəsik ağaclar, yanmış torpaq… Bir xeyli gedəndən sonra Xocavənd başlayır. Orda vəziyyət fərqlidir. Evlər yerindədir, ağaclar yerindədir. Ən gözəl təsir bağışlayan bilirsiniz nədi? Yol boyu Azərbaycan əsgəri ilə qarşılaşmaq. Bu, insana qürur, güvən hissi verir.
- Bəxtiyar müəllim, belə deyirlər, harda ki, ermənilərin yaşayışı olub, oralar az dağılıb.
- Bəli. Xocavənddə, Hadrutda yaşayırdılar. Onlarım yaşadıqları evlər salamatdı. Düzdü, dağıntılar azdı, amma səliqəsizlikdi ətrafda. Cənab Prezident də dedi ki, bunlar necə yaşayıblar? İnsan da yaşadığı yeri səliqə-səhmana salmazmı? Azərbaycan ordusu əsgərlərinin Hadrutun girəcəyində erməni dilində yazılmış lövhəyə Azərbaycan dilində Hadrut lövhəsini yapışdırması yəqin yadınızdadır.
- Bu, unudulmayacaq səhnədir…
- Müharibənin 13-cü günü Hadrut qəsəbəsi ermənilərdən azad edildi. Ermənilər gözləmirdilər, bəlkə də inanmırdılar ki, Azərbaycan ordusu Hadruta daxil olar. Elə bilirdilər ki, ətraf rayonları azad etməklə iş bitəcək. Hadrutda da dirəniş göstəriblər. Amma ordumuz Hadrutu azad etməklə ermənilərin xülyalarını alt-üst etdi. Ermənilərin beli Hadrutda qırıldı. Gözləmədikləri baş verdi. Onlar öz fikirlərində elə bilirdilər ki, Azərbaycan ordusu Qarabağın içinə doğru irəliləməyəcək. Amma bayaq xatırlatdım ki, ulu öndər “Qarabağsız Azərbaycan yoxdur”, demişdi. Cənab Prezident də daim vurğulayırdı ki, bizim üçün qarabağın içi, çölü, dağı, aranı… fərq yoxdu. Qarabağın hər qarışı Azərbaycandır. Hadrutu azad etməklə Şuşaya da yol açıldı.
- Doğma kəndinizi də gördünüz, Bəxtiyar müəllim?
- Yox… Kəndimiz hələ ki, rus sülhməramlılarının nəzarəti altında olan ərazidədi. Xocavəndin müəyyən hissəsi.
(İnanın, mən Bəxtiyar müəllimin səsində kədər hiss etmədim, doğru sözümdü. Xocavəndə səfər ona qəti inam vermişdi. Sözləri ilə də bunu təsdiq etdi)
- Əgər Hadrut bizdədirsə, gerisi rahatdı. Digər ərazilərimizi də qaytaracağıq. Ermənilər nəinki Hadrutdan, Şuşadan, nə Kəlbəcərdən, nə də Laçından əl çəkmək istəyirdilər. Bunların içməli suyunun 70 faizi Kəlbəcərin hesabınadı. Sonra yalvarıblar ki, bəs suyu hardan alaq?!. Dediyim odur ki, Azərbaycan Prezidenti qətiyyətli iradə ortaya qoyub ərazi bötüvlüyümüzü təmin etdisə, nəzarətimizdən hələ ki, kənarda qalmış az bir hissə də mütləq azad ediləcək və xocalılar Xocalıya, kərkicahanlılar Kərkicahana, kim hansı kənddən, hansı qəsəbədəndirsə ora qayıdacaq. 1997-ci ildə ulu öndər Heydər Əliyev məcburi köçkünlərlə görüş keçirmişdi. O görüşdə iştirak edənlərin çoxu mənim 1989-cu ildə Şuşada, Laçında, Kəlbəcərdə, Malıbəyli, Kərkicahanda apardığım çəkilişlər zamanı görüşüb danışdığım insanlar idi. Çəkilişlər zamanı bu insanlar deyirdi ki, Heydər Əliyev Azərbaycana qayıtsa, bu problem bitəcək. Ermənilərin qarşısı alınacaq. İnsanların hamısı buna ümid edirdi. O çəkilişlərin bir hissəsi həmin vaxt efirə getdi, bir hissəsinə icazə verilmədi… Nə isə. 1997-ci ildə də bu insanlarla ulu öndərin görüşü oldu. O görüşdə Heydər Əliyev dedi ki, siz mənim Qarabağ siyasətimin az bir qismini görürsünüz. Mənim səhərim Qarabağla açılır, axşamım da Qarabağla düşür. Bir də bunu dedi ki, bircə arzusu var: özündən sonra güclü dövlət qoyub getmək. Şükür ki, arzusu yerinə yetdi. Siz kəndimizi soruşdunuz. Bilirsiz, illər, ağrılar bizə çox şey öyrətdi. Qarabağ Şuşa, Laçın, Kəlbəcər və bütün digər ərazilərlə birlikdə azad olunubsa, ayrı-ayrı qəsəbə və ya kəndlər o qədər də vacib görünmür. “Bu mənim kəndimdir, niyə azad edilməyib” düşüncəsi şəxsi problem kimi görünər.
- Yenə də nə qədər olmasa, sizin yurdunuz, ocağınızdı…
- Söszüz. Kim istəməz ki, doğma yurduna, ocağına qayıtmasın?! Amma mən əminəm ki, bu məsələlər də həll olunacaq.
- Xocavəndin bərpası necə olacaq?
- Xocavəndin, əslində bütün Qarabağ kimi qeyri-adi təbiəti, mənzərəsi var. Bu qeyri-adlik qorunub saxlanmalıdır. Prezident səfər zamanı dedi ki, ona təqdim olunan Baş Planı geri qaytarıb. Planda dəyişikliklər olmalıdır, Prezidentin özünün əlavələri, qeydləri var. Bu, Prezidentin Xocavəndə xüsusi diqqət ayırdığını göstərir.
- Bəxtiyar müəllim, yəqin kənddə yaşamağı düşünürsünüz.
- Əlbəttə. Kənddəki evimizi bərpa edəcəm. Kəndimiz azad edilənədək Xocavənddə də ev tikib orda yaşamaq istəyirəm.
- İnşallah, arzunuza çatarsınız…
- İnşallah!..
Söhbətləşdi: Məlahət Rzayeva