Prezident İlham Əliyev Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında çıxış edib. Ölkə başçısı çıxışında mühüm məqamlara diqqət çəkib.
Prezident deyib: “Azərbaycan qalib ölkə kimi münasibətləri normallaşdırmağa hazırdır. Ümid edirik ki, Ermənistan bu tarixi şansı əldən verməyəcək.
Müharibə və münaqişə tarixdə qaldı. Biz ərazi bütövlüyünün qarşılıqlı tanınması şərti ilə sərhədlərin delimitasiyasına dair Ermənistanla danışıqlara başlamağa hazırıq, həmçinin Ermənistanla sülh sazişinə dair danışıqlara başlamağa da hazırıq”.
Prezidentin çıxışını “Sherg.az”a dəyərləndirən Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Orucun sözlərinə görə, ölkə rəhbərinin mesajları uyğun bir məkanda və düzgün hədəflər üzərində qurulub:
“Prezidentin söylədiklərində konseptual mövqelər ortaya qoyulub. Bu, o deməkdir ki, ölkə başçısının liderliyi altında regionun yeni bir dövrü başlayıb. Faktiki olaraq Qarabağ münaqişəsi MDB dövlətlərinin böyük əksəriyyətinə zərbə vurub. Onlar seçim qarşısında qalıb və müxətlif manevrlərə əl atıblar ki, simalarını müəyyən qədər saxlasınlar. Lakin digər tərəfdən dərk ediblər ki, münaqişə regiondakı kommunikasiyalara mənfi təsir göstərir. Ona görə də MDB-yə üzv olanlar Azərbaycanın ərazi bütövlüyünün təmin etməsində maraqlı olmalıdırlarlar".
Z.Oruc hesab edir ki, sərhədlərin delimitasiya və demarkasiyası, Ermənistanın bütövlükdə sülh müqaviləsinə hazırlanması indiki dövrdə Rusiya başda olmaqla MDB-nin digər dövlətlərinin mənafelərinə uyğundur:
“Cənab Prezident tərəfindən Cənubi Qafqazda başladılan yeni era Ermənistan üçün də qəbul olunub. Paşinyanın adıçəkilən iclasda ölkə rəhbərindən sonra çıxış etməsi diqqətləri cəlb edir. Baş nazir millətçi və faşist dairələrin dilindən danışmadı. O, Ermənistanın sülh prosesinə hazırlığını vurğuladı. Paşinyan erməni cəmiyyətində təzyiq altındadır, onu ciddi tənqidlərə məruz qoyurlar. Belə olan təqdirdə o, fərqli bir ritorika seçə bilərdi, amma buna yola vermədi. Bu da Ermənistan baş nazirinin mövqeyində müsbət dəyişikliyi göstərir. Bütün bunlar birdən-birə olmayıb. Ölkə rəhbərinin son bir il ərzində diplomatik fəaliyyəti belə bir durumu meydana çıxarıb. Beləliklə, Cənubi Qafqaz yeni bir mərhələyə qədəm qoyub”.