Nazir yeni söz demir ki...  - Bakıda sürüşmə təhlükəsi həmişə olub

Hündürmərtəbəli binaları sökə bilməzlər, hərəsi bir məmurundu. Çarə qalır, sənədsiz evlərə. Günahı bütünlüklə bu evlərə yükləyirlər

Sürüşməyə səbəb olan, dövləti ziyana salan hallara görə konkret şəxslər məsuliyyət daşımalı və dövlətə dəyən ziyanı ödəməlidirlər

“Bakı şəhərində torpaq sürüşmələri ilə bağlı problemlər var”. Bunu Milli Məclisin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər, Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Maliyyə naziri Samir Şərifov deyib. Nazir bildirib ki, bunun əsas səbəblərindən biri qanunsuz tikililərlə bağlıdır:

“Qanunsuz tikililərin kanalizasiyalara qoşulması və s. işlər həyata keçirilmir. Qoşulsa belə, bu, hansısa qanun pozuntusu hesabına baş verir. Hökumət qanunsuz fəaliyyət nəticəsində sonradan kifayət qədər böyük xərclərə getməyə məcbur olur ki, bu adamlar başqa yerlərə köçürülə bilsin”.
Nazir sürüşmənin səbəblərini göstərdi. Amma bu, yenilik deyil ki! Bəlkə də 20 ildir (Səhv etmirəmsə, 2000-ci ildə Bayılda, “LUKoyl” ətrafında sürüşmə baş verəndən) mütəxəssislər, memarlar Bakının sürüşmə təhlükəsi ilə qarşı-qarşıya olduğunu deyir, səbəbləri də göstərirlər. Həm də bir yox, bir neçə, hətta çoxlu səbəblər. Yəni səbəb təkcə qanunsuz tikililər deyil. Sürüşmənin günahını yalnız qanunsuz tikililərin üzərinə atmaq, digər suçluların “amnistiyaya düşməsi”nə bənzəyir. 

“Şərq”ə açıqlamasında “Hələ indi başa düşürlər?!” söyləyən Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri, uzun illər Bakı Tunel-Tikinti İdarəsində çalışmış Sahib Məmmədov nazirin fikirləri ilə əsasən razılaşdığını, lakin bir sıra məsələlərin aydınlaşmasına ehtiyac olduğunu dedi:

- Bakıda sürüşmə təhlükəsi həmişə olub. Ona görə də ötən əsrlərdə aparılan tikintilər zamanı şəhərin relyefi, hidro-geoloji quruluşu, torpaq qatı... hər bir detal nəzərə alınırdı. Bilirsiz ki, Bakının relyefi amfiteatr quruluşludur. Şəhər üzü aşağı, pilləli quruluşa malikdir. Məhz bunu nəzərə alaraq memarlar, inşaatçılar tikintilər zamanı şəhərin amfiteatr quruluşunun pozulmamasına çalışırdı. Yamacları yükləmirdilər. Çünki yamaclarda sürşümə həm həddindən artıq yüklənmə nəticəsində baş verə bilir, həm də təbii səbəblərdən. Hansısa bir tərpənişdən, təkandan, zəlzələdən. Şəhər tikintisində məyyən zamanda bəzi səhvlər buraxıldı.  Məsələn, Funikulyorun tikintisinə icazə verilməməliydi. Funikulyor Bayıl yamacının yüklənməsinə səbəb oldu. Sonrakı illərdə də torpağın geoloji quruluşu, torpaq qatı nəzərə alınmadan nəhəng tikintilər aparıldı. Bakının torpaq qatı – laylar üstdə el arasında put daşı deyilən daş təbəsindən, onun altında isə gil qatından ibarətdir. Sürüşmənin sadə səbəbi var:  laylar arasına su toplanır. Bir lay suyu süzür, keçirir ikinci qata, ikinci qat isə suyu buraxmır, su orda toplanıb qalır. Belədə də laylar arasındakı ilişki, bağlılıq pozulur. Hər hansı bir tərpənişdən torpaq sürüşməsi baş verir. Həmin layı su yuyur çünki. Deyirik, yaşıllıqlar olmalıdır, ağaclar sürüşmənin qarşısını alır, amma ağac kökləri müəyyən qata qədər işləyir. Gil qatına çatanda daha dərinə gedə bilmir. Ağacın kökü gedə bildiyi, nüfuz edə bildiyi qədər dərinə gedir. Əsas məsələ yamacların yüklənməsinin qarşısını almaqdır, təəssüf ki, zamanında bu görməzdən gəlindi, yamaclar həddindən artıq yükləndi. Şəhidlər Xiyabanı yaxınlığında neçə hündürmərtəbəli binalar tikildi. Biznez Mərkəzi və sair. Hələ də tikinti davam edir. Bunlar qanunsuz tikililər deyil, əksinə, yerli icra hakimiyyətlərinin, bələdiyyələrin, yüksək vəzifəli məmurların rüşvətlə, öz vəzifələrindən sui-istifadə edərək sərəncam əldə edib tikdirdikləri binalardır. Bakı ətrafında böyük qəsəbələr salınıb. Yenə də icra strukturlarının imzaladıqları sənədlər, sərəncamlar, ya da razılaşmalar əsasında.  Ya da müvafiq qurumların, o qurumlar ki, şəhərin ansamblının pozulmasına icazə verməməlidir, göz yummamalıdır. Məhz bu qurumların icazələri və ya göz yummaları hesabına indi bilmirlər nə etsinlər. Hündürmərtəbəli binaları sökə bilməzlər, hərəsi bir məmurundu. Çarə qalır, sənədsiz evlərə. Günahı bütünlüklə bu evlərə yükləyirlər. Dəfələrlə olub ki, sürüşmə zonasından əhali köçürülüb, qanunsuz hesab edilən tikililər sökülüb, lakin az sonra həmin yerdə başqa bir tikintinin başladığının şahidi olmuşuq. 

S.Məmmədov qeyd etdi ki, nazir problemin sonunda dövlətin xərclərini artırması fikrini bölüşür:

- Bu məsələdə maliyyə naziri haqlıdır. Kimlərinsə vəzifəsindən sui-istifadə etməsinə, rüşvət almasına, gizli sövdələşmələrə görə dövlət ziyan çəkir. Halbuki sürüşməyə səbəb olan tikililərə icazə verənlər, bu prosesdə birbaşa iştirak edənlər məsuliyyət daşımalıdır. Birisi evinin qapı-pəncərəsini dəyişəndə də icra orqanı, bələdiyyə, qəsəbə nümayəndəsi, ilk olaraq “uçastkovı” (sahə müvəkkilinin tikintiyə nə dəxli var, ümumiyyətlə?) adamın başının üstünü kəsdirir. Amma paytaxtda xaotik bu qədər tikinti aparılır, kimsə məsuliyyət daşımır. Sürüşməyə səbəb olan, dövləti ziyana salan hallara görə konkret şəxslər məsuliyyət daşımalı və dövlətə dəyən ziyanı ödəməlidirlər.