Zəfər gününə qədər
və sonrakı tarixlərdə - rayonların azad edildiyi zamanlar təqvim qalibiyyət
ruhu yaşadır. 30 ilin məğlubiyyət sindromu ilə yaşamış, formalaşmış və doğulmuş
cəmiyyətin fərdləri başını dik tutur, xaricdə yaşayan soydaşlarımız başqa
xalqların nümayəndələri arasında məğrurluğu ilə, xüsusi sayğı və hörmət
edilməsi ilə seçilir.
Çünki bu, bir qalib
müharibənin, zəfərlə nəticələnən 44 günün nəticəsində mümkün oldu.
Çox çətindir – 30
ilin tarixinin 12 ayı, 365 günü məğlubiyyət zəncirləri ilə bir-birinə amansız
formada bənd edilib. Xocalı, Qarakənd, Daşaltı və onlarla bu cür qara tonlu
təqvim gündəlikləri.
Hazırda təqvimlərin
savaşları təşkil edilir, bir xalqın tarixi iki formalı hadisələrin mübarizəsi
əsasında yazılır: qalibiyyət və məğlubiyyətin.
Biz, 26 sentyabr
2020-ci ildə məğlub vətəndaş kimi son günümüzü yaşamışdıq.
Həmin gün başlayan 44 sutkalıq həyəcanı, bütün
Azərbaycan xalqının bir gözü gülüb, bir gözü şəhidlərinə görə ağlaması və 8
noyabrda Bakının küçələrini Zəfər günün münasibətilə yürüşə çıxan insanların
hayqırtısı ilə davam etməsi ayrıca bir tədqiqat mövzusudur.
Bu, sadəcə Şuşanın azadlığı günü deyildi, soyuq və
qara səhifələrlə zənginləşdirilmiş noyabr ayının qalibiyyət ayına çevrilməsi,
xalqımızın taleyində pozitiv notlarla
yadda qalması demək idi.
27 sentyabr 2020....
Qələbələrlə başlayan tarixin 10 noyabrı
Ermənistanın kapituliyasiyası, 15 noyabrda Ağdamın, 25 noyabrda Kəlbəcərin, 1
dekabrda Laçının, 11 yanvarda Moskvadakı görüşün, yayda Şuşa bəyənnaməsinin,
Zəfər yolunun başa çatmasının, Şuşanın qurulmasının, Füzuli aeroportunun
tikilib, başa çatmasının, Xudafərinin azad edilməsinin, Soçi bəyannaməsinin,
Aşqabad sammitinin qələbə zənciri ilə günümüzün – 30 noyabr gecəsində də davam
etdiyini göstərir bütün dünyaya.
Artıq uzun
illər boyu məktəblərdə işğal edilən rayonların tarixlərinin əzbərlənməsi
az qala unudulur, çünki uzaq 90-lardakı
hər ağır günlərin müasir dövrdə, cəmi bir yaşında olan qalibiyyət təqvimi var:
və böyüyən nəsil qalibiyyət günlərinin yaddaşında böyüməkdədir, artıq
otaqlarımızın divarlarını Zəfər təqvimləri bəzəməkdədir.
Övladlarımız isə “Xudayar”, “Polad” olaraq dünyaya
gəlməkdə və bir Poladın ardınca minlərlə dəmir kimi gələcəyimiz böyüməkdədir.
Vertolyota faciə mənbəyi kimi baxmaq – Dövlət
Sərhəd Xidmətinin Vətən müharibəsinə həsr edilmiş “Görünməyən qəhrəmanlar: 27 sentyabr”
filmində qoşunların nəzdində olan hava qüvvələrinin, helikopterlərin müharibədə
göstərdiyi qəhrəmanlıqlar əks edilib, düşmənin hava cəbhəsinin darmadağın
edilməsi, sıradan çıxarılması və hava hakimiyyətinin Azərbaycanının öhdəsinə
keçməsini əks etdirir.
Helikopterlər – səmanın tanrıları tarix yazır,
düşmənin kilid nöqtələrini sıradan çıxarır, yaralıları döyüş meydanından
təxliyyə edir, komandanlığı döyüş arealına aparır, Ağdamın Mərzilisi ilə
Xocavəndin Qarakəndi arasında qalibiyyət rəqsləri edir, tarixi 1991-ci ilin
dumanlı, qara səhərindən işıqlı, qalibiyyət nurlu təqvimə daşıyır – bu, bir
vertolyot uçuşu deyil, qalibiyyət təntənəsinin Azərbaycan səmalarındakı
görünüşüdür.
Qarakəndin qaranlığında qeyb olan və məhv edilən
helikopterin o gün üçün ölkədə cəmi üç-beş nəfər pilotu vardı, amma sonuncu
pilot da şəhid edilsə də, vətən müharibəsində yüzlərlə gənc pilot şahin kimi
səmalarda pərvazlanaraq düşmənə qan uddurdu.
Onların tarixində belə qalibiyyətlər məğlubiyyətləri
qat-qat üstələdi və qələbə təqvminin bir parçasına çevrildilər.
Ölsək də qalibik,
Atatürkün son müharibəsi kəskin və sərt bir ifadə
ilə yadda qalır: “Şəhid olun, amma təslim olmayın”. Bu gün 14 nəfər DSX şəxsi
heyətinin üzvü həlak oldu, kədərimizi böyükdür, şəhidlərimiz üçün, onların
itkiləri üçün millət olaraq çox üzgünük, amma bu həqiqəti bilmək lazımdır:
Qalib gəlmək üçün 44 günlük müharibədə say-seçmə 3
min gəncimiz öz canlarını fəda etdilər, bu coğrafiyada, dünya siyasi güclərinin
diqqət mərkəzində olan geopolitik arealda tarix və proses ayaqda durmaq üçün
mütləq qalib gəlməyi tələb edir. Bu gün də elədir, 14 nəfər şəhidimiz üçün
müharibədən sonrakı dövrdə - post-müharibə fenomeni üçün savaş başlayır.
Çünki 14 nəfər və 3 min şəhid, eləcə də birinci müharibə dövründə şəhid olan 20 min
nəfər ona görə vətən uğrunda canlarından keçmədilər ki, təqvimi qapqara səhifələrlə boyayaq,
ağlaşma, məğlubiyyət və yazıqlıq obrazları
ilə yaşamağa davam edək, onlar ona görə şəhadətə qovuşdular ki, fevral da, aprel də, yanvar da zəfər
ayları olsun, noyabr heç bir vaxt yas ayı olmasın, qalibiyyət, böyüklük və
qürur ayı olsun.
Çünki...
Noyabrı dəyişmək, onu ağlamaq, itki və məğlubiyyət
ayına çevirmək olmaz.
Sabah qoyun, bu gün şəhid olanların döyüş
yoldaşları, pilot qardaşları səmalarımızda Zəfər uçuşları həyata keçirsinlər,
səmalarımızda üçrəngli bayraqlarımızı hər şeyə və hər kəsə inad
dalğalandırsınlar. Çünki onlar qalib idi, hər hadisədə, müharibə günlərindəki
kimi, son uçuşlarında da qalib
olacaqlarına əmin idilər. Bu da bizim olsun onların xatirəsini yüksək və
sayğı ilə uca tutmağımız.
Çünki o səma şahinsiz qalmayacaq və bir daha
yüzlərlə “Əhmədxanovlar” doğulacaq, göz üzü onlardan görünməyəcək.
İnformasiya savaşır, informasiya ilə savaşır...
Bəli, ağır itkidir, çox üzücüdür və acıdır, amma ən
acısı bu itkilər üzərindən xalqı Qarakəndə aparanların məqsədidir, çünki ortada
qırılan faciə zəncirini müxtəlif komplo teoriləri ilə birləşdirənlər xarici
xüsusi xidmət orqanlarının və “Biz müharibəni Azərbaycan içərisində aparacağıq”
deyən Paşinyanla eyni nöqtədə dayananlardır.
Bir dekabr – sabah Laçının azad edildiyi gün
olacaq, sabaha sinoptiklər fırtına, külək deyib və Bakının halı məlum, Allah
eləməsin ki, bir balaca diqqətsizlik baş verə. Hər cür hadisə, faciə yaşana
bilər, günün və zamanın heç bir sığortası yoxdur axı. Bəs, bu Laçının azadlıq
gününə olan münasibəti dəyişməlidirmi?
Qətiyyən!
Millətimizin genetik qorxuları var: fikir verək,
onlarla necə oynayırlar, onu necə həssas formada iynələyirlər.
Unikal gen mühəndisləri var, bizim tarixi
qələbələrimizi deyil, məğlubiyyətlərimizi əlləri ilə kartotekalaşdırırlar,
uzaqbaşı sabaha TikTok şəbəksində dini musiqilərlə, müxtəlif təsvirlərlə
ittihamlar, proqnozlar hazır olacaq.
Qaydalar: Təqvim siyasətdir, siyasəti
təqvimləşdirmək lazımdır, həm də yalnız qələbələrlə, çünki uğur təqvimi bir
ölkə üçün nə qədər vacibdirsə, iş üçün qəbul edilən adi CV formalarında da hər
kəs uğur hekayələrinə baxır.
“Terror xalq arasına qorxu-xaos salmaq cəhdidir.
"Qarakənd-1991" hərbi cinayətdir,
"Xocalı" terrordur, bu gün baş verən isə qəzadır.
Hər işin arxasında komplo-teori, mason gözü, kreml
caynağı axtarmaq lazım deyil. Elə həmən təşkilatların əlinə oynamış olursuz.
Pul tökmədən, əyləm yapmadan propaqandaları gedir, xalq arasına istədikləri
şübhəni yaşayır və yayırsınız.”
Əziz
Əlibəyli Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri