Xalq 14 şəhidi ilə vidalaşdı

Hərbçilərimiz İkinci Şəhidlər Xiyabanında torpağa tapşırıldı

Baş prokuror söz verdi ki, baş vermiş hadisənin səbəb və şəraiti istintaq zamanı öyrəniləcək


Dünən “Sərhədçi” İdman Kompleksində “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirən zaman helikopterin qəzaya uğraması nəticəsində həyatını itirən 14 hərbçimizin vida mərasimi keçirilib. Mərasimdə DSX rəisi Elçin Quliyev, hərbi prokuror Xanlar Vəliyev, Bakı şəhərinin meri Eldar Əzizov, digər rəsmi şəxslər, ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasim şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb və Dövlət Himnimiz səsləndirilib. Daha sonra general-mayor Ayaz Hüseynov helikopter qəzasında həlak olanların dosyelərini təqdim edib. Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev çox ağır itki ilə üzləşdiklərini deyib: 

“Silahdaşlarımızı itirdik. Bu itki çox ağırdır. Onların hər biri şəhidlik zirvəsinə ucalaraq ocaqlarının başını uca etdilər. Şəhid olan hərbi qulluqçularımızın ailələrinə başsağlığı verirəm”. 

DSX-nın rəis müavini, general-leytenat İlham Mehdiyev bildirib ki, şəhidlərimizin əziz xatirəsi onları tanıyanların qəlbindən silinməyəcək. General qeyd edib ki, onlar üzərlərinə düşən işin öhdəsindən layiqincə gəliblər: “Şəhidlər ölmür sözü əbəs deyilmir. Şəhidlərin xatirəsi daim qəlbimizdə yaşayacaq. Bu gün biz silahdaşlarımızı son mənzilə yola salırıq. Kədərimiz sonsuzdur. Əlbəttə, valideynlərin də kədərini başa düşürük. Yeganə təsəllimiz odur ki, silahdaşlarımız şəhidlik zirvəsinə yüksəlməklə bütün Azərbaycan xalqının övladına çevrilib. Bu gün dəfn mərasimini keçirdiyimiz şəhidlərimiz Vətən müharbəsində də öz vəzifələrinin öhdəsindən gələrək torpaqlarımızın işğaldan azad olunmasına öz töhfələrini veriblər. Onların şərəfli xidmət yolu hər bir sərhədçi üçün örnək olacaq. Əziz valideynlər, siz hər bir sərhədçinin timsalında minlərlə oğul, qardaş qazanmısız”.

Mərasimdə şəhid hərbçilərin yaxınları da çıxış ediblər. Mərhum kapitan Xəyyam Əliyevin atası Əlixan Əliyev övladı ilə fəxr etdiyini deyib:

 “Ana-bacılarımdan xahiş edirəm ki, onlar üçün ağlamasınlar. Sağ olsun millətimiz, torpağımız. Dünyanın yarısını gəzmişəm. Hara gedirdim, başımı aşağı salırdım. İndi fəxrlə gəzirəm. Torpaqlarımız azad olunub. Mənim balam şəhid olub. Düzdür, ömür boyu əzab-əziyyət çəkəcəm. Amma mənə dözüm verən onun şəhidliyidir”. 

Mərasimdən sonra hərbçilərin cənazələri dəfn olunmaq üçün İkinci Şəhidlər Xiyabanına yola salınıb və ailələrinin, yaxınlarının, ictimaiyyət nümayəndələrinin iştirakı ilə nəşlər torpağa tapşırılıb. 

Xızıda baş vermiş hadisə ilə bağlı sosial şəbəkədə müxtəlif versiyalar səslənməkdə, təxribat iddiaları ortaya atılmaqdadır. Baş prokuror Kamran Əliyev hadisənin bütün səbəb və şəraitinin istintaq zamanı öyrəniləcəyini və istintaqın gedişi barədə Azərbaycan ictimaiyyətinin ətraflı və mütəmadi məlumatlandırılacağını bildirib. Baş prokuror təəssüf hissi ilə qeyd edib ki, bəzi şəxslər tərəfindən bu hadisədən siyasi məqsədlər üçün sui-istifadə hallarına cəhdlər göstərilir, heç bir fakta söykənməyən əsassız şayiələr yayılır: 

“Bununla bağlı bildirirəm ki, bu kimi şəxslər barədə Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulan ən sərt tədbirlərin görülməsi təmin ediləcək. Bu faciədən siyasi məqsədlər üçün istifadə edilməsi yolverilməzdir”. Baş prokurorun birinci müavini Elçin Məmmədov helikopterin hər hansı kənar müdaxilə nəticəsində qəzaya uğraması barədə ehtimalları istisna edib. Digər ehtimallar üzərində isə işin getdiyini bildirib. O, işin istintaqına ölkənin ən yaxşı müstəntiqlərinin cəlb edildiyini söyləyib. Vurğulanıb ki, hadisənin pilotun ehtiyatsızlığı, helikopterdə baş vermiş hər hansı texniki nasazlıq, hava şəraiti, o cümlədən hər hansı digər səbəbdən baş verməsi ilə bağlı bütün ehtimallar ətraflı yoxlanılır. Müdafiə Nazirliyindən cəlb olunmuş mütəxəssis tərəfindən qara qutunun götürülməsi təmin edilməklə hazırda onun tədqiqi aparılır.

Hadisənin təfərrüatı haqqında qəzada yaralanmış hərbçilər də danışıblar. Polkovnik-leytenant Emil Cəfərov deyib ki, helikopterdə heç bir nasazlıq, şübhəli məqam yox idi. O qeyd edib ki, 30 noyabr 2021-ci ildə praktiki atışlı təlim uçuşları olmalı idi:

“Səngəçal aerodromundan qalxıb Qaraheybət istiqamətinə getməli idik. İstiqamət üzrə getdik, meydançaya eniş manevri etdikdən sonra qəza baş verdi. Sərnişin kabinəsində olduğum üçün tam təfərrüatları ilə xatırlamıram. Heç bir nasazlıq, şübhəli məqam yox idi. Helikopterdə desant daşıma sayı 24 nəfərdir, bu baxımdan heç bir məhdudiyyət aşılmamışdı”. 

Səhhəti ilə bağlı danışan polkovnik-leytenant ayağında əzilmə, sol qolunun yuxarı hissəsində isə sınıq olduğunu deyib. Kapitan Ramin Ədilov da helikopterdə eniş zamanı idarəetmənin itirildiyini və bir anda qəzanın baş verdiyini bildirib. 
Millət vəkili Hikmət Babaoğlu deyib ki, bilərəkdən və ya bilməyərəkdən Milli Ordumuzun imicinə, şəxsi heyətin peşəkarlığına xələl gətirən hallara yol verilir. Deputat bildirib ki, bu hal informasiya təhlükəsizliyimiz baxımından milli maraqlarımıza uyğun deyil: “Qəzanın nədən baş verdiyi hamımız üçün bir sualdır. Ancaq hər birimizə bu sualın doğru cavabı lazımdır. Ona görə də hər şeydən öncə media bu suala düzgün cavab verə biləcək peşəkarlara və rəsmi qurumlara üz tutmalıdır. Bəzən cəmiyyətin təcili informasiya tələbatını görən kimi onu qarşılamaq üçün hər hansı mənbəyə üz tutur, həmin mənbədən əldə etdiyimiz məlumatları cəmiyyətə təqdim edirik. Bu, doğru, media adına peşəkar yanaşma  deyil. İnformasiya cəmiyyətində hər şeydən öncə məsuliyyət, dəqiqlik, bundan sonra operativlik öndə olmalıdır. Milli maraqlarımızın, ordumuzun, onun şanlı mənsublarının əleyhinə operativlik heç kəsə lazım deyil. Hamı bilir ki, belə qəzalar dünyanın hər yerində olur. Statistikaya nəzər salsaq, görərik ki, Azərbaycan bu tipli qəzalara görə ən son yerlərdən birini tutur. Bu da ordumuzun texniki təchizatının yeni və keyfiyyətli, hərbçi kadrlarımızın isə hazırlığının yüksək səviyyədə olması ilə əlaqədardır. Mediamız mühüm nüanslara daima diqqət yetirməli və daha məsuliyyətli davranmağı bacarmalıdır”. 

Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli də bəyan edib ki, helikopter qəzaları intensiv şəkildə təsadüf olunan hallardandır. Onun sözlərinə görə, belə olaylar ABŞ-da, Fransada, Türkiyədə, inkişaf etmiş digər dövlətlərdə də yaşanır:

 “Azərbaycan Silahlı Qüvvələri ən müasir silah arsenalına malikdir, peşəkardır. 44 günlük Vətən müharibəsindəki şanlı qələbəmiz bunu bir daha təsdiqlədi. Qəza baş veribsə, səbəbləri araşdırılacaq, müvafiq ölçü götürüləcək. Dövlət  qurumları zatən tədqiqata başlayıblar. Araşdırma aparılacaq, nəticələr bilinəcək. “Qara qutu” əldədir, üstəlik, helikopterdə olan və sağ qalan iki nəfər canlı şahid də var. Bu qədər faktın içində qəzanı təxribat kimi şərh edənlər ortaya çıxırsa, deməli, faciə üzərindən təxribat törətmək istəyənlər var. Allah Şəhidlərimizə rəhmət eləsin!”.