"Görülən işlər miqyasına görə çox böyükdür"

"Sürətli bərpa-quruculuq işləri bunu əminliklə söyləməyə imkan verir"

İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”

İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri, o cümlədən “Böyük Qayıdış” çərçivəsində həyata keçirilən tədbirlər davam etdirilir. Bu yöndə görülən mühüm işlərdən biri və ən önəmlisi də fasiləsiz minatəmizləmə fəaliyyəti ilə bağlıdır. İşğaldan azad edilmiş ərazilərdə ötən bir ildə 20 min hektara yaxın ərazi minalardan təmizlənib.

Bu barədə noyabrın 30-da Prezident Administrasiyasının rəhbəri, işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə keçirilən iclasda bildirilib. Qərargahın ötən bir illik fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş toplantıda vurğulanıb ki, Böyük Qayıdışın tezliklə təmin edilməsi üçün həyata keçirilən tədbirlərin miqyasının və sürətinin daha da artırılması, qurumlararası koordinasiyanın və əməkdaşlığın gücləndirilməsi olduqca əhəmiyyətlidir. Qeyd olunub ki, bölgənin Ümumi Planının hazırlanması artıq yekun mərhələdədir. Şuşa, Ağdam, Füzuli, Cəbrayıl şəhərlərinin Baş planları dövlətimizin başçısının müvafiq tapşırıqları əsasında hazırlanıb və təqdim edilib. Digər şəhərlərin Baş planlarının hazırlanması isə sürətlə davam etdirilir. 

Dövlət başçısının iştirakı ilə artıq Şuşa, Ağdam, Füzuli, Cəbrayıl rayonlarının ərazilərində salınacaq yaşayış binalarının təməli qoyulub. İclasda işğaldan azad edilmiş ərazilərin çoxsahəli potensialına uyğun olaraq bölgədə iqtisadi fəaliyyətin qısa zamanda bərpası istiqamətində görülmüş işlərə dair də məlumat verilib. Vurğulanıb ki, sənaye zonalarının, istehsal obyektlərinin yaradılması və fəaliyyətinin təşkili, həmçinin bölgəyə investisiyaların cəlb edilməsi istiqamətində konkret addımlar atılıb. Ağdam Sənaye Parkının, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının təməli qoyulub. Buraya potensial rezident və investorların cəlb edilməsi istiqamətində sahibkarlarla və dövlət qurumları ilə müvafiq iş aparılıb. Həmçinin, kənd təsərrüfatı sahəsində həyata keçirilən tədbirlərlə bağlı bildirilib ki, taxıl əkini məqsədilə artıq on minlərlə hektar ərazidə şumlama işləri aparılıb. Bitkiçiliyin, heyvandarlığın, arıçılığın inkişafı üçün prioritet istiqamətlər müəyyən edilib. 
Nəqliyyat infrastrukturunun inkişafı istiqamətində görülən işlər çərçivəsində 2021-ci ilin oktyabrın 26-da istifadəyə verilmiş Füzuli Beynəlxalq Hava Limanının dünya praktikasında ən sürətli icra edilmiş infrastruktur layihələrindən biri olduğu qeyd edilib. Artıq Zəngilan Hava Limanının da uçuş-eniş zolağında ərazi minalardan təmizlənib və tikinti işləri davam edir. Laçın Hava Limanının isə yeri müəyyən edilməklə plan-sxemlər hazırlanıb və hazırda tikinti işlərinə başlanması üçün baza yaradılır. 

Ötən il noyabrın 16-da təməli qoyulan “Zəfər Yolu”nun tikintisi müvəffəqiyyətlə başa çatdırılıb və cari ilin noyabrın 7-də açılışı olub. İşğaldan azad edilmiş ərazilərdə 15 fərqli layihə üzrə 1400 kilometrdən artıq uzunluqda yolların, habelə telekommunikasiya şəbəkələrinin qurulması və rabitə xidmətlərinin təşkili üzrə işlər də sürətlə davam edir. 

İclasda bölgədə elektrik enerjisinin təminatı ilə bağlı ötən il ərzində lazımi avadanlıqların quraşdırılması, yarımstansiyaların yenidən qurulması və bərpası, elektrik xətlərinin çəkilişi istiqamətində görülmüş işlər barədə məlumat verilib. Şuşa, Füzuli, Kəlbəcər, Cəbrayıl, Zəngilan, Qubadlıda yarımstansiyaların tikintisinin qısa müddətdə başa çatdırılaraq istifadəyə verildiyi, digər enerji infrastrukturu obyektlərində bərpa və gücləndirmə işlərinin davam etdirildiyi vurğulanıb. Həmçinin işğaldan azad edilmiş ərazilərdə “Yaşıl enerji” zonasının tətbiq edilməsinə dair konsepsiya hazırlanıb. Ötən dövr ərzində işğaldan azad edilimiş ərazilərdə mədəniyyət abidələrinin bərpası və turizm infrastrukturunun yenidən qurulması istiqamətində mühüm işlər görülüb. Tarix-mədəniyyət abidələrinə sistemli baxış keçirilməsi, onların qeydiyyatının aparılması istiqamətində görülən işlər yekunlaşdırılıb. Şuşa şəhərində “Xarıbülbül” və “Qarabağ” otelləri istifadəyə verilib. Bir sıra şəhərlərdə yeni Zəfər muzeylərinin və memorial komplekslərin təməli qoyulub. 30 ilə yaxın davam edən işğal müddətində Azərbaycan təbiəti, ətraf mühiti və təbii sərvətlərinə vurulan zərərin aradan qaldırılması, bölgənin təbii ekosisteminin, bioloji müxtəlifliyinin bərpası, qorunması və yaşıl enerji məkanlarının artırılması istiqamətində görülmüş işlərə dair məruzə dinlənilib. 

Zəngilan rayonu ərazisində Bəsitçay Dövlət Təbiət Qoruğunun fəaliyyətinin bərpa edilməsi istiqamətində işlərə başlanıldığı diqqətə çatdırılıb. Bəyan edilib ki, işğaldan azad edilmiş ərazilərin yenidən dirçəldilməsi və bu ərazilərə Böyük Qayıdışın təmin edilməsi dövlət başçısının böyük əzmkarlığı, qətiyyəti və güclü siyasi iradəsinə söykənir. 

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışla bağlı “Şərq”ə danışan millət vəkili Ceyhun Məmmədov deyib ki, torpaqlarımız düşmən tapdağından təmizləndikdən sonra qısa zaman ərzində həmin ərazilərdə çox böyük işlər görülüb. Deputatın sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri sürətli olmaqla yanaşı, həm də miqyasına görə çox böyükdür:

“Şuşa, Ağdam, Cəbrayıl, Zəngilan, Qubadlı, Füzuli, Laçın və Kəlbəcərdə infrastruktur yenidən qurulur, yeni müəssisələr, məktəblər, xəstəxanalar tikilir, avtomobil və dəmiryol xətlərinin çəkilişləri həyata keçirilir. 

Ötən bir ildə 20 min hektar ərazinin minalardan təmizlənməsi ciddi məsələdir. Bildiyiniz kimi Zəngilanda Ağalı “ağıllı kəndlər” layihəsi yekunlaşmaq üzrədir. Çox güman ki, gələn ilin əvvəlində, Novruz günlərində vətəndaşlarımız öz doğma yurdlarına köçməyə başlayacaqlar. 

Tədricən isə digər rayonlarımıza, Şuşaya, Füzuliyə, Cəbrayıla, Kəlbəcər və Laçına da köç prosesinin əsası qoyulacaq. Sürətli bərpa-quruculuq işləri bunu əminliklə söyləməyə imkan verir”.