Brüsseldə siyasət dərsi:“Bu, Vətən savaşındakı Zəfər qədər önəmli idi”

“Danışıqlar masası arxasında nail olduğumuz ikinci qalibiyyət idi”

“Azərbaycan lideri bir daha Avropadan bütün dünyaya elan edib ki, milli məsələdə, Azərbaycanın təhlüksizliyi mövzusunda heç bir güzəştdən söhbət gedə bilməz”

“Heç bir təşkilat Azərbaycanla münasibətdə təzyiq vasitəsinə əl atmamalıdır” 

“Avropa Ermənistanın gələcəyini görmək istəyirsə, ona təsir və təzyiq etməlidir”


“Dünən Azərbaycan diplomatiyası Brüsseldə qələbə qazanıb”.
Bunu “Sherg.az”a danışan politoloq Əlimusa İbrahimov deyib. Onun sözlərinə görə Azərbaycan prezidenti İlham Əliyevin 14-15 dekabrda  nəzərdə tutulmuş Brüssel səfəri həm regionumuzda , həm də qlobal səviyyədə geniş maraqla qarşılanıb:
“Bütün siyasi qüvvələr böyük səbirsizliklə Avropa Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə İlham Əliyevlə Nikol Paşinyan arasında keçiriləcək görüşü gözləyirdi. 

İlham Əliyev böyük ustalıqla, özünəməxsus qrossmeyster gedişi ilə bütün məsələləri NATO-nun Baş katibi Yens Stoltenberqlə görüşdə həll edib. Nə Paşinyanı, nə erməni tərəfini , nə də ermənilərin Avropa böyüklüyündə himayədarlarını intizarda qoyub. Ölkə başçısı üçtərəfli görüşə qədər öz sözünü deyib. 

Bununla Azərbaycan Prezidenti Ermənistanın baş naziri başda olmaqla bütün ermənilərin Avropaya bağladıqları ümidlərini alt-üst edib. 

Ölkə lideri bir daha Avropadan bütün dünyaya elan edib ki, milli məsələdə, Azərbaycanın təhlüksizliyi mövzusunda heç bir güzəştdən söhbət gedə bilməz. Heç bir təşkilat Azərbaycanla münasibətdə təzyiq vasitəsinə əl atmamalıdır. Avropa Ermənistanın gələcəyini görmək istəyirsə, ona təsir və təzyiq etməlidir”.

Ölkə prezidentinin Brüssel şəhərində, bütün Avropanın gözü qarşısında verdiyi “Zəngəzur dəhlizinin hüquqi rejiminə gəlincə, o, Laçın dəhlizinin eynisi olmalıdır” bəyanatı növbəti dəfə ermənilərin qol-qanadını qırıb:

Paşinyanın yenidən Putinə üz tutmaqdan başqa çarəsi qalmayıb. Ermənilər və onların havadarları Paşinyanı Rusiyada görüş keçirməkdən imtina etməyə məcbur edib. Düşmən ölkə düşünüb ki, Brüsseldə ölkə başçısından ermənilər üçün hər hansı bir güzəşt əldə edəcəklər. Azərbaycan prezidenti isə bütün diplomatik səriştəsini və dövlət rəhbəri kimi sərhədsiz imkanlarını ortaya qoyub. Avropanın başında oturanlara heç vaxt unutmayacaqları siyasət dərsi keçib.

Dünən Azərbaycan diplomatiyası Brüsseldə qələbə qazanıb. Bu müvəffəqiyyət ötən ilin 44 günlük müharibədə qazandığımız Zəfər kimi möhtəşəm olub. Danışıqlar masası arxasında nail olduğumuz ikinci qalibiyyət idi. Əlbəttə ki, bu, Ali Baş Komandanın rəhbərliyi altında baş tutub. Yeni qələbəmiz mübarək!”