Azərbaycan Fransaya etiraz etdi

Prezidentliyə namizəd Xankəndiyə qanunsuz səfər etdiyinə görə "qara siyahı"ya salınıb

Ermənipərəstlərin hərəkətləri münaqişəni yenidən alovlandırmaq məqsədi güdür

Fransa prezidentliyinə namizəd, Paris İle-de-Frans bölgəsinin rəhbəri Valeri Pekress Qarabağa qanunsuz səfər edib. Pekress Xankəndidə “yerli siyasətçilərlə” tanış olub. Səfər Ermənistanda olan əksər fransız mediası, o cümlədən "France TV" tərəfindən işıqlandırılıb. Azərbaycan hökumətinin Qarabağa hətta erməni siyasətçilərin səfərlərinə sərt reaksiya verdiyi halda, Rusiya sülhməramlılarının fransız siyasətçini Xankəndiyə buraxmaları açıq təxribat sayılır. 

Qeyd edək ki, Pekressin Ermənistana səfərinin rəsmi proqramında Qarabağa getmək tutulmayıb. Fransa nəşri “Le Fiqaro” yazıb ki, Valeri Pekress Ermənistana üç günlük səfərin sonunda separatçı Araik Arutyunyanla görüşərək “Artsaxa” dəstəyini nümayiş etdirmək istəyib. 

Məlum olub ki, xanım namizəd Rusiya sülhməramlılarının məsuliyyət zonasında olan ərazilərdə heç bir icazə və qanuni əsas olmadan rahat şəkildə dolaşıb. Qəbiristanlıqlardakı quldur məzarlarını ziyarət edib və qanunsuz rejimin üzvləri ilə təmas qurub. Pekressin qarşıdakı prezident seçkisi ərəfəsində Fransanın müxtəlif bölgələrini dolaşmaq əvəzinə uzaq Ermənistana, oradan isə Xankəndiyə səfəri təəccüb doğurur. 

Bu cür faktlar Rusiya sülhməramlılarının da etibarsızlığını bir daha ortaya qoyur. Dəfələrlə vurğulanıb ki, Laçın dəhlizi Qarabağa əcnəbilərin qanunsuz səfərləri üçün açılmayıb. Bu kimi səfərlər Azərbaycan-Ermənistan arasında danışıqlar prosesinə mənfi təsir göstərməklə yanaşı, həm də Rusiyanın vasitəçilik missiyasına böyük zərbə vurur. Nəhayət, İrəvan hökuməti də başa düşməlidir ki, müəyyən qüvvələr onlardan öz məqsədləri üçün istifadə edirlər. Qanunsuz səfərdən sonra rəsmi Bakı Fransaya etiraz notası verib. Xarici İşlər Nazirliyindən verilən məlumata görə, bu cür səfərlər Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlməklə ölkənin milli qanunvericiliyinin pozulması halıdır. Məlumat üçün bildirmək istərdik ki, Azərbaycan ərazilərinə qanunsuz səfər edən Fransa vətəndaşlarının adları ölkəmizə girişi arzuolunmaz şəxslər siyahısına daxil edilib”. 

Siyasi şərhçi Azər Rəşidoğlu “Şərq”ə açıqlamasında bildirib ki, Pekress qarşıdan gələn prezident seçkilərində Fransadakı erməni lobbisinin dəstəyini qazanmaq üçün bu addımı atıb. Analitikin sözlərinə görə, Fransa siyasətçiləri hər zaman ölkə daxilində və xarici siyasətdə ermənilərdən istifadə ediblər: 

“Pekress və   prezidentliyə digər namizəd Erik Zimmur eyni yolu gedirlər. Əlbəttə, bu cür addımlar Cənubi Qafqazda revanşizmi gücləndirmək və sülhə qarşı təxribat deməkdir. Pekress, Zimmur və Fransa senatında olan digər ermənipərəstlərin hərəkətləri münaqişəni yenidən alovlandırmaq məqsədi güdür. Onların revanşizmi və separatçılığı dəstəkləməsi ciddi təhlükədir. Pekress prezident seçilərsə, Paris-Bakı münasibətləri necə inkişaf edəcək?! İnanmıram ki, Paris iqtisadi maraqlarını ermənilərə qurban versin. Sadəcə olaraq, erməni lobbisinin əlində oyuncağa çevrilən Pekress kimilər ölkələrinin praqmatik maraqlarını görməzdən gəlirlər. Bunun zərbəsini isə ilk növbədə özləri dadmalı olacaqlar”.

Politoloq vurğulayıb ki, Rusiya sülhməramlılarının Bakının razılığı olmadan Qarabağa xarici vətəndaşları gətirməsi ciddi sual doğurur: 

“Rusiya sülhməramlıları Laçın dəhlizində nəyə və kimə nəzarət edirlər? Azərbaycan ərazilərinə kimsə rahat keçəcəksə, deməli, sülhməramlılar üzərlərinə düşən vəzifə və öhdəliklərini icra etmirlər, ya da icra etmək istəmirlər. Rusiya sülhməramlılarının gözü qarşısında Qarabağa silah-sursat daşınır. Bunlara görə Azərbaycan ictimaiyyətində haqlı olaraq belə fikir formalaşır ki, Rusiya sülhməramlıları missiyalarını həyata keçirə bilmirlər. Bu da ruslara olan etimadı heçə endirir. Rusiya sülhməramlıları bəzi hallarda öz mandatlarına uyğun xidmət göstərmirlər. Onların nəzarətində olan ərazilərdən diversantların Azərbaycan postlarına hücum etməsi deyilənlərə sübutdur. Belə davam edərsə, biz sülhməramlıların vaxtından əvvəl bölgəni tərk etməsini tələb edə bilərik”.