Əliyev-Zelenski görüşü! - Regional masa daha effektivdir: “Azərbaycan liderindən kömək istənilir”

“V.Zelenskinin Krımda, Donbassda əsir götürülənlərin azad edilməsi məsələsində Azərbaycan liderindən kömək istədiyi güman edilir”

“Rəsmi Kiyev Azərbaycanı təsadüfi seçməyib. Bakı bu məsələni Rusiyanın diqqətinə çatdırmaq iqtidarındadır”

“Türkiyə və Azərbaycan Rusiya-Ukrayna münaqişəsinin həll olunmasında vasitəçi olmaq istəyir. Ərdoğan da bununla bağlı müraciət etmişdi. Azərbaycan və Türkiyə irəliləyişə nail ola bilər”


Yanvarın 14-də Azərbaycan prezidenti İlham Əliyev Ukraynaya işgüzar səfər edib. Azərbaycan və Ukrayna prezidentləri arasında təkbətək görüş keçirilib. Sonra prezidentlər birgə foto çəkdiriblər.
Prezidentin Ukraynaya rəsmi səfəri çərvisəndə iki ölkə arasında 6 hökumətlərarası sənəd imzalanıb. İlham Əliyev və Volodimir Zelenski sənədlərin imzalanması mərasimindən sonra mətbuata bəyanatlarla çıxış ediblər.
Azərbaycan Prezidenti İlham Əliyev qeyd edib: 

“Bu gün imzalanan sənədlər ölkələrimizin yaxınlaşmasına yalnız töhfə verəcək”.

Dövlət başçısı Azərbaycan ilə Ukrayna arasında əməkdaşlığın inkişafı üçün çoxlu imkanların olduğunu qeyd edib. Prezident İlham Əliyev Ukrayna ilə Azərbaycanın hər zaman bir-birini dəstəklədiyini və bu gün sənədlərin imzalanmasının bu dəstəyin daha bir sübutu olduğunu vurğulayıb. 

“Biz bütün istiqamətlər üzrə işləməyə hazırıq”, - dövlət başçısı əlavə edib.

Ukraynanın dövlət başçısı Volodimir Zelenski bəyan edib: 

 “Azərbaycan ilə Ukrayna arasında güclü strateji tərəfdaşlıq qurulub”.
V.Zelenski qeyd edib ki, Azərbaycan Prezidentinin işgüzar səfəri zamanı bu gün Kiyevdə bir sıra sənədlər, o cümlədən prezidentlərin Birgə Bəyannaməsi imzalanıb. Onun sözlərinə görə, bu sənəd “bizim baxışlarımızın oxşarlığını” simvolizə edir. V.Zelenski qeyd edib ki, pandemiyaya baxmayaraq, iki ölkə arasında ticarət dövriyyəsi rekord həddə çatıb: “Lakin biz daha iddialı hədəflər qoyuruq, bu, ticarət dövriyyəsinin daha da böyüməsi, qarşılıqlı investisiyaların artması və irimiqyaslı layihələrin həyata keçirilməsidir”.

Ukrayna Prezidenti həmçinin ölkələr arasında tranzit potensialının, o cümlədən avtomobil və dəmiryol daşımalarının artırılmasının mümkünlüyünü qeyd edib.

Görüşlə bağlı “Sherg.az”a danışan siyasi şərhçi Asif Nərimanlı bildirib ki, səfərin siyasi əhəmiyyəti çox böyükdür:

“Ukrayna-Azərbaycan münasibətləri hər zaman yüksək səviyyədə olub. Dekabrın 15-də Azərbaycan prezidenti İlham Əliyev ilə Ukrayna prezidenti V.Zelenski arasında Brüsseldə görüş keçirilmişdi. Belçikada reallaşan toplantıda Ukrayna prezidenti İlham Əliyevi ölkəsinə dəvət edib. Azərbaycan prezidenti də dəvəti qəbul edərək bu gün Ukraynada işgüzar səfərdədir. Görüşdə əsasən iqtisadi məsələlər müzakirə edilib. Azərbaycan Ukrayna ilə Rusiya arasında olan münaqişədə humanitar məsələləri üzərinə götürə bilər. V. Zelenskinin Krımda, Donbassda əsir götürülənlərin azad edilməsi məsələsində Azərbaycan liderindən kömək istədiyi güman edilir. Rəsmi Kiyev Azərbaycanı təsadüfi seçməyib. Bakı bu məsələni Rusiyanın diqqətinə çatdırmaq iqtidarındadır.

Türkiyə və Azərbaycan Rusiya-Ukrayna münaqişəsinin həll olunmasında vasitəçi olmaq istəyir. Ərdoğan da bununla bağlı müraciət etmişdi. Azərbaycan və Türkiyə irəliləyişə nail ola bilər. Bu ilin əvvəlində Ərdoğanın da Ukraynaya səfəri gözlənilir. Vasitəçiliyin təməlləri üçün mühüm addımlar atılır. Qarabağ münaqişəsi də göstərdi ki, qlobal səviyyədə qurulan masalardansa, regional dövlətlərin iştirakı ilə qurulan masalar daha effektiv olur. Yəni, Azərbaycana qonşu olan ölkələr – Türkiyə və Rusiyanın iştirakı ilə irəliləyiş əldə edildi. Kiyev və Moskva arasındakı münaqişənin həlli üçün də Qərb-Rusiya masası qurulmuşdu. Lakin iki cəbhənin qarşıdurması münaqişənin həllində irəliləyişin qarşısını aldı. Hər iki tərəf öz maraqlarını əsas götürdü”.

Xanlar ƏLİBƏY