“Moskva Bəyannaməsi”!-  “Sənəddə müstəqillik amili qırmızı xətlə keçir” 

“Bununla da  Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıdığını, daxili işlərə qarışmamaq kimi öhdəlik götürdüyünü, daxili işləri öz maraqlarını təmin etmək üçün addımlara getməyəcəyini bildirir. Eləcə də Azərbaycan bu öhdəlikləri götürür” 


Fevralın 22-də Moskvada Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik  haqqında Bəyannamə imzalanıb. Xatırladaq ki, Prezident İlham Əliyevin Rusiyaya səfəri uzun müddətdir planlaşdırılır və müttəfiqlik sənədinin hazırlanması,razılaşdırılması üzərində iş 2021-ci ilin ortalarından aparılırdı. Bu isə onu göstərir ki, bəyannamənin imzalanması yeni gündəmə çıxan məsələ deyil və regionda gedən son proseslərlə əlaqələndirilə bilməz.

 “Moskva Bəyannaməsi”nə əsasən, hər iki ölkə  müttəfiqlik fəaliyyətini bir-birinin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmət,bir-birinin daxili işlərinə qarışmamaq,güc tətbiq etməmək və güclə hədələməmək prinsipləri üzərində qurulmasına dair öhdəlik götürür.Tərəflər ,eyni zamanda, müttəfiqlik münasibətlərinə xələl gətirən, bir-birinə qarşı yönəlmiş hərəkətlərdən çəkinmək,öz ərazisində hər hansı bir təşkilat və şəxslərin digər tərəfin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısını almağa dair öhdəlik götürürlər. Bəyanamə ümumilikdə 43  müddəadan ibarətdir və demək olar ki, bütün müddəaları Azərbaycanın milli maraqlarına uyğundur.

Siyasi şərhçi Aqşin Kərimov  “Moskva Bəyannaməsi”indən “sherg.az”a danışarkən bildirib ki, Bəyannamə formalaşan və situativ dəyişikliklərlə müşayiət  olunan yeni dünya nizamında Azərbaycan-Rusiya münasibətlərinin fazasını müəyyən edir və ikitərəfli əməkdaşlığa yeni təməllər atır: 

“Sənəddə müstəqillik amili qırmızı xətlə keçir.Münasibətlərdəki müttəfiqlik fəaliyyətinin hansı sərhədlər daxilində olacağını müəyyənləşdirir. Sənədin təhlükəsizliyin perspektivinə zəmanət verən və müstəqilliyi qorumağa hesablanmış məhək daşı bunlardır: Dövlət suvrenliyi, ərazi bütövlüyü, dövlət sərhədlərinin toxunulmazlığı, daxili işlərə qarışmamaq, yarana biləcək mübahisələrin dinc yolla, güc tətbiq etmədən və ya güclə hədələməmək yolu ilə tənzimlənməsi. Bununla da  Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıdığını, daxili işlərə qarışmamaq kimi öhdəlik götürdüyünü, daxili işləri öz maraqlarını təmin etmək üçün addımlara getməyəcəyini bildirir.Eləcə də Azərbaycan bu öhdəlikləri götürür”. 

A.Kərimova sənədin tərəflər üzərində bərabərtərəfli hüquqi məsuliyyət yaratdığını vurğulayıb və Bəyannamənin ikinci bəndinə diqqət çəkib: 

“İndi Rusiya tərəfdən daha çox “küləklər əsir” və Bakı bu “küləklər”in önünə səd çəkir. Görünür ki, Rusiya  hələ də Azərbaycanın daxilindəki hansısa özəkləri onun əleyhinə yönəldən mənbə kimi nəzərdən keçirir. Bəyannamənin ikinci bəndində göstərilir ki, Rusiya və Azərbaycan öz milli maraqlarının müdafiəsinə yönəlmiş müstəqil xarici siyasət yürüdürlər. Rusiyanın qlobal arenadakı rolu və tutduğu mövqe onu fərqli xarici siyasət kursu yürütməyə vadar edir. Azərbaycanın isə xarici siyasət konsepsiyasının qayəsi tamamilə başqa səmtdədir. Rəsmi  Bakı Avropa İttifaqı ilə də, NATO ilə də münasibətləri uğurla inkişaf etdirir. Qısası, Azərbaycanın xarici siyasət konsepsiyasının icrası elə incə mexanizmlərlə tətbiq edilir ki, bu əks qütbdə dayanan qlobal güclərin gözündə onun strateji əhəmiyyətini artırır. Azərbaycanın Rusiya ilə də öznövbəsində qarşılıqlı hörmət və etimada əsaslanan münasibətləri formalaşıb”. Siyasi şərhçinin fikrincə, hazırda rəsmi Bakı 44 günlük Vətən müharibəsində qazandığı zəfəri hərbi-siyasi, siyasi-diplomatik cəbhədə daha da möhkəmləndirmək üçün önəmli, çoxşaxəli addımlar atır: 

“ Sürətlə dəyişən, təhdidlərin durmadan artdığı bir dünyada bütün güc mərkəzləri ilə, o cümlədən Rusiya ilə münasibətləri ən yüksək səviyyəyə çatdırmaq Azərbaycana öz milli təhlükəsizliyini qorumaq üçün yeni immunitet qazandırır. O bundan sonra digər tərəfdaşlarla da münasibətləri daha da inkişaf etdirmək üçün səylərini davam etdirəcək”. 

Ekspert bəzi şəxslərin “Moskva Bəyannaməsi” ilə bağlı cəmiyyətdə yanlış rəy yaratmaq istədiyini söyləyib: 

“Eyni zamanda bu sənədi Azərbaycanın dostu, strateji müttəfiqi Türkiyə ilə imzaladığı “Şuşa Bəyannaməsi” ilə  uğursuz və dəxilsiz müqayisəsi də  bəzi çevrələrin marağındadır.

Onlar iddia edirlər ki,güya bununla da “Şuşa Bəyannaməsi”  qüvvədən düşmüş olur. Axı bir dövlətlə imzalanan sənəd, digər dövlətlə imzalanan sənədi qüvvədən salmır. Bunun əksini iddia edən varsa, buyursun, beynəlxalq hüquqdan buna dair sübut ortaya qoysun. 

“Şuşa Bəyannaməsi” hər iki ölkənin parlamentləri tərəfindən təsdiq olunub. Bəyannamə Türkiyə ilə Azərbaycan arasında münasibətləri strateji müttəfiqlik səviyyəsinə yüksəldib, Azərbaycan öz təhlükəsizliyi üçün əlavə zəmanət əldə edib. Digər tərəfdən “ Moskva Bəyannaməsi” Azərbaycan-Türkiyə-Rusiya üçbucağında birgə maraqları yeni mərhələyə keçirir. Eyni zamanda Azərbaycanla Rusiya arasındakı müttəfiqlik Ermənistana böyük rəzbədir. Bununla da, Ermənistan Azərbaycanla münasibətlərdə gərginlik yaşayacağı təqdirdə, üçüncü tərəfin prosesə cəlbinə cəhdlər üçün sui-istifadə hallarına yol verə bilməyəcək”. 

Analitik  43 maddədən ibarət “Moskva Bəyannaməsi”nin 18-ci bəndinə aydınlıq gətirib: 

“Sənədin 18-ci bəndində qeyd olunur ki, Rusiya və Azərbaycan beynəlxalq terrorçuluq, ekstremizm və separatçılıq təhdidlərinə, transmilli mütəşəkkil cinayətkarlığa, silahların, narkotik vasitələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə, insan alveri və informasiya-kommunikasiya texnologiyaları sahəsində cinayətlərə, eləcə də digər yeni təhlükəsizlik çağırışlarına qarşı mübarizədə və onların neytrallaşdırılmasında səylərini birləşdirirlər. 

Bu bənd 10 noyabr bəyanatının 4-cü bəndi kontekstində diqqət çəkir. Belə ki,Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindən erməni silahlılarının çıxarılması hələ təmin edilməyib. Düşünmək olar ki, 18-ci maddə Rusiya tərəfinə əlavə öhdəlik qoyur və separatçıların Azərbaycan ərazilərindən çıxarılmasının tezləşdirilməsini rəsmiləşdirir. Digər tərəfdən, həmin bənd Azərbaycana qarşı digər təhlükələr də mövcud olduğuna işarədir. Bu təklükənin də haradan gəldiyi haqqında kəşfiyyat orqanları məlumatlıdırlar”. 

A.Kərimovun qənaətincə,müttəfiqlik razılaşması ilə Moskva digər tərəfdən rəsmi  Bakıdan  ona qarşı formalaşan yeni cəbhələrdə yer almaması üçün zəmanət alır: 

“Bura iqtisadi platformaların Rusiyaya qarşı qaynadılması prosesində, eləcə də Ukrayna məsələsində Azərbaycanın iştirakını istəməməsi də daxildir. Təbii ki, indi Azərbaycan tərəf  ehtiyatlı və ölçülü-biçili davranacaq.Azərbaycan isə Ukraynanın ərazi bütövlüyünü dəstəkləsə də, əvvəlki illərdə olduğu kimi Rusiya əleyhinə sanksiyalar paketinə qoşulmayacaq”.  

Siyasi şərhçi sonda Azərbaycanla Rusiya arasında imzalanan sənədlə  rəsmi Bakının yeni təhlükəsizlik zəmanəti qazandığını və bununla da Ermənistanın yeni fazada sıxışdırılmasının rəsmiləşdiyini diqqətə çatdırıb.