Qarabağda sülh doğacaq

İlham Əliyevlə Paşinyan Brüsseldə razılığa gəliblər

Xarici işlər nazirlərinə sülh müqaviləsinin hazırlanması tapşırılıb

Sərhədlə bağlı birgə komissiyanın aprelin sonuna kimi yaradılması erməni qoşunlarının Azərbaycan ərazisindən çıxarılması məsələsini də aktuallaşdırır

Aprelin 6-da Belçikanın paytaxtı Brüssel şəhərində Prezident İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında gözlənilən görüş baş tutdu. Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə təşkil edilən görüş sayca ikinci üçtərəfli görüş idi. Bu formatda ilk üçtərəfli görüş 14 dekabr 2021-ci ildə keçirilmişdi. 4 saatdan artıq davam edən ikinci Brüssel görüşünü ümumi olaraq müsbət qiymətləndirmək olar. Görüş sonrası Şarl Mişel də “Twitter” hesabında paylaşım edərək görüşü məhsuldar adlandırıb. 4 saatdan artıq müzakirələr tərəflər arasında bir çox məsələnin ətraflı müzakirə edildiyini göstərir. Görüşün nəticəsi olaraq Prezident İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan xarici işlər nazirlərinə gələcək sülh müqaviləsinin hazırlanması ilə məşğul olmağı tapşırmaq barədə razılığa gəliblər.

Liderlər 2021-ci ilin dekabrında Brüsseldə keçirdikləri son görüşdən və 2022-ci ilin fevralında Prezident Makronla videokonfransdan sonra baş verənlər ətrafında fikir mübadiləsi aparıblar. Onlar üzərlərinə götürdükləri öhdəliklərin yerinə yetirilməsinin gedişatını nəzərdən keçiriblər. Tərəflər gərginliklə bağlı son məlumatları müzakirə edib və 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın müddəalarına tam əməl olunmasının zəruriliyini bir daha təsdiqləyiblər. 

Onlar 2022-ci il martın 30-da Aİ-nin himayəsi altında Brüsseldə Ermənistan və Azərbaycanın yüksək səviyyəli nümayəndələrinin görüşünü alqışlayıblar. Liderlər səviyyəsində əldə olunmuş razılaşmaların lazımi səviyyədə həyata keçirilməsini təmin etmək üçün bu qarşılıqlı fəaliyyətin davam etdirilməsinin zəruriliyi barədə razılığa gəliblər. Prezident Mişel etimad və yanaşı yaşayışı təşviq etmək üçün hər iki tərəfdən humanitar jestlərin vacibliyini vurğulayıb. Sərhədlərinin delimitasiyası və demarkasiyası istiqamətində də önəmli addımlar atılacaq. Bu məqsədlə 26 noyabr 2021-ci il tarixli Soçi Bəyanatına uyğun olaraq aprelin sonuna qədər Birgə Sərhəd Komissiyasının çağırılması qərara alınıb. Birgə Sərhəd Komissiyası Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası ilə məşğul olacaq və sərhəd boyunca təhlükəsizlik vəziyyətini təmin edəcək. Mişel vurğulayıb ki, qüvvələrin düzgün məsafədə saxlanmasının təmin edilməsi insidentlərin qarşısının alınmasında və gərginliyin azaldılmasında mühüm elementdir. Tərəflər həmçinin Ermənistanla Azərbaycan arasında, xüsusən də Cənubi Qafqazda kommunikasiya infrastrukturunun bərpasını müzakirə ediblər. Liderlər görüşün nəticələrini izləmək və qarşılıqlı əlaqəni davam etdirmək barədə razılığa gəliblər. 

Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell rəsmi tviter hesabında Brüssel görüşündən yazıb. O bəyan edib ki, Ermənistan və Azərbaycan rəhbərliyi arasında baş tutan görüşün nəticələri qənaətbəxş olub: “Davamlı sülh, sabit və təhlükəsiz Cənubi Qafqaz istiqamətində çalışmaq üçün Ermənistan və Azərbaycan arasında mühüm səylər və irəliləyiş əldə olunub. Mövcud geosiyasi kontekstdə münaqişələrin diplomatik həll yollarını tapmaq həmişəkindən daha vacibdir”. 

Üçtərəfli görüşü şərh edən ATƏT-in amerikalı sabiq həmsədri Riçard Hoqland da qeyd edib ki, Prezident İlham Əliyevin dəqiq liderliyi regionu sülhə və daha yaxşı gələcəyə aparır: “Münaqişə onilliklərini geridə qoymaq asan iş deyil, amma həm Prezident Əliyev, həm də Baş nazir Paşinyanın əmin və dəqiq rəhbərliyi hər iki ölkənin təhlükəsiz və daha yaxşı gələcəyinə yön verir. Hər iki ölkənin qarşısında uzun və çətin yol dayanır”. 
ABŞ-ın Azərbaycandakı sabiq səfiri Robert Sekuta da açıqlamasında qeyd edib ki, Azərbaycan və Ermənistan liderlərinin görüşü, xüsusilə də dekabrın 14-də Avropa İttifaqı Şurasının sədri Şarş Mişellə görüşdən sonra vacib və ümidverici addımdır. Avropanın Cənubi Qafqazda sülhün təşviq olunmasında iştirakının güclənməsi ümidvericidir: “Azərbaycan və Ermənistan xarici işlər nazirlərinə sülh sazişinin hazırlanması üzərində işləmək tapşırığı, aprelin sonunadək Birgə Sərhəd Komissiyasının çağırılması vacib, zəruri və müsbət addımlardır”. O bildirib ki, Ermənistanla Azərbaycan arasında otuzillik münaqişənin aradan qaldırılması asan olmayacaq: “Sülh üçün lazım olan anlayış və etimad səviyyəsinə nail olmaq üçün vaxt, qətiyyət və ağır iş tələb olunacaq. Amma Prezident İlham Əliyevlə Baş nazir Nikol Paşinyanın bu çətin işə başlamalarını görmək məmnunluq doğurur. Azərbaycanla Ermənistan arasında səmərəli, möhkəm sülh sazişini hazırlamaq və qüvvəyə mindirmək vacibdir”. Sekuta əlavə edib ki, xarici subyektlər bu prosesin irəliləməsinə, sülh sazişinin təşviqi üçün zəruri olan şərtlərin və etimadın yaradılmasına kömək edə bilər. 

Brüssel müzakirələrinin əhəmiyyətini dəyərləndirən millət vəkili Sahib Alıyev görüşün nəticəsiz bitməyəcəyi haqda əvvəlcədən müəyyən nikbinlik olduğunu deyib. Deputat bildirib ki, Ermənistan rəhbərliyinin bəzi açıqlamaları və İrəvanda təşkil olunan etiraz aksiyası bu nikbinliyi tam aradan qaldırmasa da, xeyli azaltmışdı:

 “Ancaq görünür, Avropa Birliyi Şurasının prezidenti Şarl Mişel də Paşinyana başa salıb ki, təkcə regionda deyil, Avrasiyada gedən proseslər, özəlliklə də Rusiya-Ukrayna savaşında yaranmış vəziyyət İrəvana sözdə sülhə hazır olduqlarını bildirib, əməldə "mərkəz"in diktəsiylə hərəkət etmək üçün yer qoymur. İrəliləyiş mütləq olmalı, görüş sonrası açıqlamada da vurğulandığı kimi 2020-ci il 10 noyabr üçtərəfli bəyanatında əksini tapan bütün məsələlər yerinə yetirilməlidir. Danışıqlar öncəsi görüşün məhz Azərbaycanın gündəliyi əsasında keçiriləcəyini demişdim. Şarl Mişelin açıqlaması göstərir ki, elə də oldu. Ermənistan rəhbərliyinin bizim 5 maddəlik sülh təklifimizə “əlavələr”i buxarlanıb, “Artsax” yoxdur. Brüssel danışıqlarının nəticəsi haqda Şarl Mişelin açıqlama verməsi göstərir ki, tərəflərin tam razılığa gəlmədiyi məsələlər də qalır. Əsas odur ki, sülh danışıqları hazırlığı görmək üçün hər iki ölkənin xarici işlər nazirlərinə konkret tapşırıq verilib. Sərhədlərin delimitasiyası ilə bağlı bu ayın sonuna kimi ikitərəfli komissiyanın yaradılması planlaşdırılır. Bir sözlə, əgər Ermənistan yenə forpostcasına davranmasa, Brüssel danışıqları regionun postkonflikt dövründən barış dövrünə keçməsi yönündə yaxşı perspektivlər vəd edir”.

Siyasi şərhçi Asif Nərimanlı da vurğulayıb ki, dörd saatdan artıq davam edən Brüssel görüşündə iki mühüm razılaşma əldə olundu. Onun sözlərinə görə, birinci məqam xarici işlər nazirlərinə sülh müqaviləsinin hazırlanması ilə bağlı tapşırığın verilməsidir. Digər məsələ isə sərhədin delimitasiya və demarkasiyasıdır:

 “Tərəflər 26 noyabr 2021-ci il Soçi bəyanatına uyğun olaraq, aprelin sonuna qədər birgə komissiyanın yaradılmasına razılaşıb. Birgə komissiyanın mandatı sərhədin müəyyən edilməsi və sərhəd xətti boyunca təhlükəsiz vəziyyəti təmin etməkdir. Sülh sazişinə dair razılaşma deməyə əsas verir ki, İrəvanın Bakının təklif etdiyi 5 baza prinsipini “əlavəsiz” qəbul edib. Bəyanatda “status”, yaxud “münaqişə”yə dair heç bir qeydin olmaması da bu fikri gücləndirir. Sülh sazişinin hazırlanması ikitərəfli formatda həyata keçiriləcək. Bu, bölgədə maraqlı tərəflərin prosesdə birbaşa iştirak etməməsi deməkdir və Bakının maraqlarına uyğundur. Bu kontekstdə “Rusiya Avropa masasındakı razılaşmaya müdaxilə edəcəkmi” sualı aktuallaşır. Görüşdən öncə Rusiya rəhbəri Azərbaycan və Ermənistan liderləri danışmışdı və mümkündür ki, bu müzakirələrdə qarşılıqlı məlumatlandırma da olub. İkincisi, razılaşmada Rusiyanın vasitəçiliyi ilə əldə edilən iki anlaşmaya - 10 noyabr və 26 noyabr bəyanatlarına istinad edilir. 10 noyabr razılaşmasının bütün bəndlərinin icrası qeyd olunur. Sərhədlə bağlı ikitərəfli komissiyanın yaradılması da Rusiya masasındakı razılaşmaya əsaslanır. Bu baxımdan, Moskvanın razılaşmanı sıfırlayacağı ehtimalı azdır. Mümkündür ki, növbəti görüş Rusiya masasında keçirilsin. Yaxud tərəflərlə müəyyən təmaslar qurulsun və sərhəd razılaşması istəyinə uyğun olan Moskva sülh sazişinin hazırlanmasında vasitəçi kimi iştirak etmək istəyəcək”. 
Ekspertin sözlərinə görə, sərhədlə bağlı birgə komissiyanın aprelin sonuna kimi yaradılması erməni qoşunlarının Azərbaycan ərazisindən çıxarılması məsələsini də aktuallaşdırır: “Birgə komissiya sərhədin müəyyənləşməsi prosesinə başladığı vaxtdan 10 noyabr razılaşmasının 4-cü bəndinin icrası da həyata keçirilə bilər. Çünki Ermənistan qoşunları Azərbaycan ərazisində olduğu təqdirdə iki ölkənin dövlət sərhədlərinin müəyyən edilməsi və tanınması məntiqdən kənardır. Rəsmi İrəvan razılaşmanın bu bəndini özünəməxsus formada şərh etsə də, məsələnin Brüssel görüşündə müzakirə edildiyi istisna deyil. Bəyanatda “10 noyabr razılaşmasının bütün bəndlərinin tam icra edilməsinin zəruriliyi” də bunu deməyə əsas verir. Hərçənd, erməni qoşunların hansı formada - səssiz, yoxsa məcburetmə ilə - çıxarılacağını proseslərin inkişafı göstərəcək. Yekun bəyanat görüşün ümumilikdə Bakının maraqlarına uyğun keçdiyini göstərir. Qarabağın adı çəkilmir, ümumiyyətlə, “münaqişə” haqda heç bir qeyd yoxdur. Münaqişənin həll edildiyi reallığı Avropa masasında bir daha qəbul edildi. ATƏT-in Minsk qrupundan bəhs edilmir, Rusiya və Aİ vasitəçiliyi ilə əldə olunan razılaşmalara istinad edilir. Bu, Minsk qrupu formatının faktiki olaraq sıradan çıxması və yerini Aİ-yə verməsi deməkdir”.