Prezidentin sədrliyi ilə MÜŞAVİRƏ: “Ciddi proqramlar həyata keçirilib”


Aprelin 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə keçirilib. Ölkə başçısı bir çox məsələlərə toxunub. Prezident qeyd edib ki, postmünaqişə dövrünün nəticələri, birinci ilin nəticələri deməyə əsas verir ki, qarşımızda duran bütün vəzifələr icra edilmişdir:"Biz, ilk növbədə, beynəlxalq təşkilatlarla öz təmaslarımızı, fəal əməkdaşlığımızı davam etdirmişik və dünyanın aparıcı beynəlxalq təşkilatları yeni reallıqları qəbul etmişlər".

Ölkə başçısının çıxışını yüksək qiymətləndirən Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə görülən işlərin müsbət nəticə verdiyini bildirib:

“Mənə elə gəlir ki, Azərbaycan çox çətin dönəmdə postmüharibə və pandemiya dövründə həm çox böyük bir sosial layihələri həyata keçirdi. İlk növbədə müharibə əlillərini, şəhid ailələrini sosial cəhətdən dəstəklədi. 

Bununla yanaşı, əhali üçün pandemiya dövründə vəziyyəti stabilləşdirməklə əlaqədar ciddi proqramlar həyata keçirilib. Bu istiqamətdə aparılan işlər ölkəmizi çətin problemləri dəf etməyə imkan yaradıb”.

 Millət vəkili Azərbaycanın daim başqa ölkələrə yardım etdiyini xüsusi vurğulayıb:

“Həmçinin dünyada bu istiqamətdə bir çox ölkələrdə zəruri işlər görülməyib, zəif ölkələrə dəstək verilməyib. Azərbaycan BMT-nin tribunasından istifadə edərək COVİD-lə bağlı mübarizədə səylərini reallaşdırıb. Bir çox ölkəyə ciddi dəstək verib.  Lakin daha zəngin və böyük dövlətlər bunu etməyiblər. 

Bu, təəssüf doğurur. Azərbaycan həmişə humanist prinsiplərdən irəli gələn siyasət yürüdür. Dünyanın bir çox yerində köməyə ehtiyacı olanlara dəstəyimizi göstərmişik”.