İkitərəfli danışıqlar müsbət prosesdir


Rəsmi Bakı Rusiyanın nümayəndəsini formal qəbul etməlidir

   “ATƏT-in Minsk qrupu İkinci Qarabağ müharibəsindən sonra demək olar ki, iş fəaliyyətini dayandırıb”. Bunu “Şərq”ə açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. Ekspert bildirib ki, rəsmi Bakı artıq bu formata ehtiyac görmür: “Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ və Fransanın Moskva ilə əməkdaşlıq etməməsi Minsk qrupunun fəaliyyətinin dayandırılması kimi dəyərləndirildi. Əlbəttə, Kreml Cənubi Qafqaz siyasətindən vaz keçmək niyyətində deyil.

Elə ona görə də öz həmsədrini Azərbaycan-Ermənistan münasibətlərində vasitəçi kimi təyin edib. Moskva çalışır ki, proses Brüssel çərçivəsində deyil, Kremlin nəzarəti altında getsin. Amma problem ondadır ki, bu yanaşma sülhə mane olur. Çox güman ki, Rusiyanın xüsusi nümayəndəsinin əsas məqsədi müsbət irəliləyiş yox, idarəolunan münaqişə yaratmaqdır. O baxımdan rəsmi Bakı Rusiyanın nümayəndəsini formal qəbul etməlidir. Çünki onun nəyəsə töhfə verəcəyinə inam yoxdur. Artıq Azərbaycan və Ermənistan arasında ikitərəfli danışıqlar start götürüb. Prosesi tərəflər özləri idarə edəcək və Brüssel də buna töhfəsini verəcək. Rusiyanın vasitəçiliyi isə mane yaratmaq üçündür. Minsk qrupu fiaskoya uğrayıb və bundan sonrakı mandatının necə olacağı aydın deyil”.