Firdovsi Umudova polkovnik, Hacı Əliyevə kapitan rütbələri verildi - FOTOLAR


Dövlət Sərhəd Xidməti (DSX) yarışlarda fərqlənmiş idmançılarını mükafatlandırıb.

"Sherg.az" xəbər verir ki, bu gün son dövrdə milli və beynəlxalq idman yarışlarında böyük nailiyyətlər qazanmış “Sərhədçi” İdman-Olim­piya Mərkəzinin idman­çıları ilə görüş keçirilib, əldə etdikləri nailiyyətlər münasibətilə DSX rəisi ge­neral-polkovnik Elçin Quliyevin təbrikləri idmançılara çatdırılıb.

2021-ci il ərzində mərkəzin idmançılarının 58 müxtəlif statuslu yarışlarda iştirak edərək 154-ü qızıl, 70-i gümüş, 75-i bürünc olmaqla 299 medal qazandıqları qeyd olunub, yalnız 2022-ci ilin birinci rübündə idmançıların Azərbaycan, Avropa, dünya çempionatları, beynəlxalq və yerli yarışlarda 164 medal qazandıqları, bunların 75-ni qızıl, 45-ni gümüş, 44-nü isə bürünc medallar təşkil etdiyi vurğulanıb. “Sərhədçi” İdman-Olimpiya Mərkəzinin idmançılarının təkcə fiziki hazırlığına deyil, həmçinin tədrisinə, Vətənə məhəbbət ruhunda tərbiyəsinə xüsusi diqqət yetirildiyi bildirilib.

İdmançılar adından çıxış edən polkovnik Firdovsi Umudov göstərilən ali diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıq ifadə edib, yeni uğurlar və qələbələr ilə göstərilən etimadı doğruldacaqlarına söz verib.

Sonda DSX rəisinin əmri ilə xidməti fəaliyyətlərində və iştirak etdikləri mötəbər yarışlarda yüksək nailiyyətlər əldə etmiş idmançılar təltif olunub. Əvvəl də bildirdiyimiz kimi, sərbəst güləşçi Hacı Əliyevə kapitan, sərbəst güləş millimizin sabiq baş məşqçisi və Güləş Federasiyasının sabiq vitse-prezidenti, “Sərhədçi” voleybol klubunun prezidenti Firdovsi Umudova polkovnik rütbələrinin poqonları verilib.

Həmçinin, sərbəst güləş üzrə gənclərdən ibarət millimizin böyük məşqçisi Cəbrayıl Həsənova, yunan-Roma güləşçisi Rəsul Çunayevə, cüdoçu Rüstəm Orucova, kikboksinq məşqçisi Fuad Zeynalova, karateçi Fəridə Abiyevaya, sabiq cüdoçu İlqar Müşkiyevə və s. fəxri fərman və döş nişanları təqdim olunub.