Ermənilər başına 1 milyard pul qoymuşdu
Əsrlər boyu yağı düşmən doğma yurdumuzun barlı, bəhrəli torpaqlarına, tükənməyən sərvətlərinə göz dikmiş, igid oğullarımız, qeyrətli qızlarımız tikan olub onların gözünə batmışdır. igidlərimiz sinəsini Vətənə sipər edərək mənfur düşmənə meydan oxumuş, göz dağı çəkdirmişdir. Çox «mənəm-mənəm» deyən hökmdarlar Azərbaycan iştahına düşərək bu torpağa hücum etmiş, lakin axırda qan içməkdən doymayan başlarını bu torpaqda qoymuşlar. Anamız Tomris bir qılınc zərbəsi iiə Keyxosrovun başını kəsəndə dünya heyran qaldı türk qadınının hünərinə, igidliyinə. Bu gün öz keçmişi ilə - Cavanşiri, Tomrisi, Babəki, Koroğlusu, Xətaisi, Cavad xanı, Xiyabanisi ilə və daha neçə-neçə igid oğlu, qızı ilə fəxr edir Azərbaycan.
Cənub...
Bəli, bu torpaq özünə layiq igid oğullar, qızlar yetirib. Elə igidlər ki, əsrlər keçsə də onların adı xalqımızın daş yaddaşında əbədi iz buraxmış, gələcək nəsillərə örnək kimi xatirələrdə qalmışdır.
1930-cu ildə təşkil edilmiş, 1963-cü ildə ləğv edilib, Lənkəran rayonuna birləşdirilmiş, 1965-ci ildə ayrılaraq yenidən müstəqil rayon olmuş Astaranın əhatə etdiyi ərazisi etibarilə qədim tarixə söykənir. O tarix bir çox hadisələrin - müharibələrin şahidi olub. Vətəni, eli-obanı qorumaq həm də güc tələb edib. Vətəni müdafiə etmək eşqi döyüşkən, mübariz, vətənpərvər nəsil yetişdirib. O nəsil isə vətənpərvərliyi ali dəyər kimi özündən sonrakı nəsillərə miras olaraq ötürüb. Zəfərlə bitən Vətən müharibəsində Astaradan olan döyüşçülərin də payı az deyil.
YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərovla bərabər bir yol aldıq. Kəndin yolunun üstündə səliqə ilə hasara alınmış lövhədə Azərbaycan torpaqlarının müstəqilliyi uğrunda şəhid olmuş üç əzərudlu gəncin portreti vurulmuşdu. Portretin üstündə isə üçrəngli Azərbaycan bayrağı dalğalanırdı. Onu yüksəklərdə görəndə ürəyim nanə yarpağı kimi əsib, titrəyir hər zaman. Bayrağı ucalarda görmək ən gözəl hissdir.
Astara rayonunun Əzərüd kəndində kiçik bir evin qarşısındayıq. Üzü nurlu gözəl anayla və ev sakinləri ilə görüşüb evə daxil oluruq. Evdə xəstə yatağında yatan bir ata və baxışları ilə bütün hüznlərini gözlərində anladan dərdli bir ana... Bütün gerçəklər isə analıqla yanaşı, "şəhid anası" adına məhkum edilən Vahimə xanımın hüzn dolu baxışlarında donub qalıb. 2 aprel 2016 ci il tarixindən...
Bəs kimdir Vahimə xanımın baxışlarına yoxluğunun nəqşini vurmuş qəhrəman? Kimdir Vahimə xanımın zərif çiyinlərinə ağır yükü qoyub gedən adam?
Qəhrəmanlıqları düşməni vahiməyə gətirmişdi
Bu ad bəlkə də bir çoxunuza tanışdır. Əlbəttə, ermənilərin başına 1 milyard (dramla) pul qoyduğu bu “kölgə adam” mümkün qədər gizli fəaliyyət göstərməli idi. Özü hər nə qədər sirli olsa da, qəhrəmanlıqları düşməni vahiməyə gətirmişdi.
Pəncəli Teymurov 1981-ci ilin martın 24-də Astara rayonunun Əzərüd kəndində anadan olub. 1998-ci illərdə Astara rayonu, B.Rüstəmov Asxanakəran tam orta məktəbini bitirib. 1999-cu ildə Astara Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmət zamanı kəşfiyyatçı peşəsinə yiyələnib və hərbi hissənin ən mahir kəşfiyyatçısı olub. Daha sonra könüllü olaraq xidmətini yenicə yaradılan Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin kəşfiyyatçı-diversant taborunda davam etdirib və 17 il Azərbaycan ordusunda şərəflə xidmət edib.
11 yaşlı Pəncəli söz vermişdi ki...
Pəncəli Teymurov hələ uşaq ikən, 1992-ci ildə baş vermiş Xocalı soyqırımının kadrlarını izləyəndə hərbçi olacağına və düşməndən intiqam alacağına söz vermişdi.
O, illər sonra sözünü tutur. Xocalı faciəsi zamanı azərbaycanlıları öldürən erməni hərbçi general rütbəsi almağa gedərkən Pəncəli Teymurov onu izləyir və əlverişli məqamda məhv edir. Bu olay erməni ordusunu lərzəyə salır, böyük çaxnaşma yaradır.
Kəlbəcərdə 24 ermənini məhv edir
Pəncəlinin qəhrəmanlığı bununla da bitmir. 2015-ci ildə kəşfiyyat qrupu ilə Kəlbəcərə keçən Pəncəli 4 erməni zabitin və 20 əsgərin olduğu “Ural” markalı maşını partladaraq onların hamısını məhv edir.
Bu qəhrəmanlıqlardan sonra ermənilər Pəncəlinin başına bir milyard dram qoyurlar, lakin nə qədər cəhd etsələr də, onu ələ keçirə bilmirlər.
Hətta bir dəfə erməni hərbçiləri Pəncəlini tutmaq üçün pusquya salırlar, o isə 21 gündən sonra pusqudan çıxaraq növbəti dəfə düşməni şoka salır.
Həmin gecə... aprelin 1-dən 2-nə keçəndə, düşmənin təxribatının qarşısını almaq üçün döyüşə yollanan hərbçilərimiz sanki ov ovlamağa, quş quşlamağa çıxmışdılar. Onların oturduğu döyüş maşınının içərisində ancaq gülüş və zarafat səsləri eşidilirdi. Pəncəli də maşının yük hissəsinin baş tərəfinə keçib oturmuşdu. Keyfi çox yuxarı idi. Əslində döyüşə gedib-gəlmək, ağır əməliyyatlarda iştirak etmək xüsusi təyinatlılar üçün adi həyat tərzinə çevrilmişdi. Elə döyüşün əvvəlində Azər Məmmədov ağır yaralandı. Onun yaralandığını görən digər xüsusi təyinatlı zabit Həsrət Almasov yoldaşını kürəyinə alıb, əsgərləri ilə təcili olaraq döyüş bölgəsindən çıxarmışdı. Seysulan düşməndən təmizlənmişdi. İndi növbə xüsusi təyinatlıların idi. Bir neçə qrupa bölünmüş xüsusi təyinatlılar bu dağların-daşların yollarını əzbər bilirdilər. Burada hər kolu-kosu tanıyırdılar. Bu meşəlikdə, dağ-dərədən dəfələrlə kəşfiyyata gəlib, verilən tapşırıqları uğurla yerinə yetirmişdilər. Bir qədər vaxt keçəndən sonra qarşı tərəfdən yenə də artilleriya hücumları şiddətlənməyə başladı... Pəncəlinin və onun yanında olan zabitlərin dayandıqları səngərə düşən mərmidən Pəncəlinin əlindəki avtomat və başındakı qoruyucu şlem yerə düşdü. Top mərmisinin zərbəsi Pəncəlini götürüb səngərin o biri üzünə atdı. 17 ildə heç zaman gizir Pəncəli Teymurov belə zərbə görməmişdi. Yıxıldığı yerdən ayağa durub, silahını götürərək səngərdən qabağa tullandı... Arxadan Murad Mirzəyev onu nə qədər çağırsa da, Pəncəli eşitmirdi... Çünki Pəncəli kontuziya almışdı. Və özündən asılı olmayaraq, döyüş vərdişlərinə əsasən yenidən hücuma keçmişdi. Hücuma keçdiyi ərazidə - qarşıda mənfur düşmən idi. Düşmənin ikinci dəfə atdığı ağır texnika atəşindən Pəncəli ağır yaralanaraq, yerə yıxıldı... Üzbəüz döyüşdə qalsaydı, Pəncəli erməniyə can verməzdi... Axı bu yollarda düşmən tapdağı altında olan ərazilərimizə keçib o qədər uğurlu əməliyyatlarda iştirak etmişdi ki...
Və Pəncəli şəhidlik zirvəsinə yüksəldi. Bəli, hər zaman öz vətənpərvər övladları ilə seçilən tək Astara yox, Azərbaycan Respublikası da da Pəncəli kimi bir igidini itirdi.
O, doğulub-böyüdüyü Astara rayonunun Əzərüd kəndində torpağa tapşırıldı. Pəncəli Teymurovdan geriyə göstərdiyi igidliklər və bu sözlər qaldı:
“Həmişə özümə arzu etmişəm ki, Vətənim üçün şəhid olum, tabutum Azərbaycan Respublikasının üçrəngli, ay-ulduzlu bayrağına bükülüb dəfn olunmağa aparılsın”.
Arzusu Allah dərgahında qəbul olunaraq çin oldu şəhidimin. Doğma elinə, obasına qəhrəman şəhid kimi qayıtdı. O, otuz beş yaşında vətən uğrunda şəhid olmaq arzusuna çatdı... Pəncəlini haqq evinə yola salmağa təkcə Astara camaatı deyil, Azərbaycanın dörd bir yanından adamlar axışıb gəlmişdi... Azərbaycan bayrağını bağrına basan şəhid atası isə dərd belini büksə də, vüqarını sındırmadı, "Vətən sağ olsun!" – dedi...
O vaxtdan Əzərüd kəndini sanki ana nəvazişi ilə qucaqlayan dağlar oğlu Pəncəli ilə fəxr edirmiş kimi bir az da qamətini dik tutub...
Sağ ikən qisasını alan qəhrəman
Erməni generalını məhv etmək, hərbçilərin olduğu maşını partlatmaq, Aprel döyüşlərində onlarla erməni əsgərini, texnikasını sıradan çıxarmaq... Təbii, bunlar Pəncəlinin bizə məlum olan qəhrəmanlıqlarıdır. Onun düşmənə sarsıdıcı zərbələr vurduğu elə xüsusi əməliyyatları var ki, bu gün də erməni ordusunda qorxu ilə xatırlanır.
Təsadüfi deyil ki, qardaşı Famil Teymurov da bunu deyir:
“Şəhid olandan sonra döyüş yoldaşları dedi ki, Pəncəli sağ ikən öz qisasını almışdı”.
Pəncəlinin həyata keçən arzusu
Vətənə canı və qanı ilə bağlı olan Pəncəli Teymurov öz toyunda düşməndən intiqam alıb şəhid olmağı və üçrəngli bayrağımıza bükülüb dəfn olunmağı arzulamışdı.
O həm bu arzularına çatdı, həm də özündən sonra böyük bir yol qoyub getdi. Hansı ki, bu gün o yolla Pəncəli Teymurovun dayısı oğlu gedir. O, “Cıdır düzündən dərilmiş gülləri Pəncəlinin məzarına düzmək istəyirəm” deyərək, şəhid qəhrəmanımızın yolunu davam etdirəcəyini bildirib.
Xəstə yatağındakı dərdli ata və kövrələ-kövrələ xatirələrini danışan anaya qulaq asdıqca ürəyimdə yağış kimi yağan göz yaşlarını hiss edirdim. Lakin ana təskinlik tapsin deyə özümü güclə tuturdum ağlamamaq üçün. Ana-ata və igid qardaşı Famil qəhrəman Pəncəli haqqında danışanda, Əmir Teymurun düşmənlə döyüşdən sonra Ordu qarşısında etdiyi bir çıxışını xatırladım.
“Tüzüklar” kitabında yazılıb: “Düşmənin başını bir zərbə ilə qılıncla bədənindən üzdüm, onun yerdə qalmış cansız bədənindən qan yaşıl otlar üzərinə axdıqca, mən sanki yenidən güc alırdım. Düşmənin qanını axıtmaq, ona dərs vermək əsl qəhrəmanlıqdır”.
Ananın dediyi isə: "xidmət etdiyi gündən sonra hər zaman Pəncəli haqqında xidmət etdiyi hərbi hissələrdən minnətdarlıq və təşəkkür məktubları aldıq. 17 il Vətənin keşiyini çəkdi. 17 il xalqına, Vətəninə, millətinə, torpağına xidmət etdi. Lakin biz bir dəfə də olsun, nə işlə məşğul olduğunu bilmədik. Sonradan məlum oldu ki, ermənidən elə qisasını alıbmış. Onun etdiyi igidlikləri çox olub. Lakin bu gün də təssəvvür edə bilmirəm ki, rəhmətə gedib. Elə bilirəm ki, sağdır".
Vahimə ana danışdıqca alışıb-yanır, göyüm-göyüm göynəyirdi. İstədim soruşam ki, “ana, Pəncəlinin həlak olması xəbərini eşidəndə nə hisslər keçirdin?”.
Fikirləşdiyim sualdan utandım. Adam da oğlu şəhid olan anaya belə sual verərmi? Araya çökmüş müvəqqəti sükutu Vahimə ana özü pozdu:
"Cəsurluqda və zirəklikdə isə Pəncəli o biri uşaqlardan çox seçilirdi. Sonra hərbçi oldu. Hərbçi olandan sonra bəzən aylarla üzünü görmürdüm, səsini eşitmirdim. Bir də görürdün dizə qədər yağan qara bata-bata gəlib. Elə keçib təzə otururdu ki, hərbi hissədəki komandanlığından zəng gəlirdi, heç gözlərinin çimirini almamış, yenə də geri qayıdırdı. Adına bişirdiyim yemək, adına açdığım süfrə toxunulmamış qalırdı. Yanıb-tökülürdüm".
Məzlum ana danışdıqca hiss edirdim ki, hələ də inanır ki, bir gün qapını qonaq deyil, balası Pəncəli döyəcək...
Daha sonra həyətdə olan Pəncəliyə aid ev muzeyinə keçdik. Birinci mərtəbədə Pəncəlinin avtomobili saxlanılmışdı. İkinci mərtəbədə isə onun əşyaları idi. Pəncəliyə aid olan bütün əşyalar orda idi. Bıçaq qabından tutmuş əl yazılarınadək...
O müqəddəs yerdə igidin bütün şəxsi əşyaları ilə tanış olmağın çətinliyini sözlərlə ifadə etmək çox çətindir. Ancaq ev muzeyində masaya qoyulan kicik təəssürat dəftərini qısa da olsa yazanda göz yaşlarımın qeyri-ixtiyari yanağımdan süzüldüyünü gördüm. Yazdıqlarımdan isə yadımda qalan sadəcə bu kəlmələr oldu: "İgid qardaşım Pəncəli: Bizi bağışla, biz sənin əvəzinə yaşayır, sənin yarım qalan arzularını öz arzularımız ilə əvəzləyirik. Səninlə qürur duyuruq, gənc və gələcək nəsillərə örnək qəhrəman! Ruhun şad olsun, şəhidim".
Belə olmamalıydı... Pəncəli hələ Şuşaya bayraq sançmaq istəyirdi axı.. Pəncəlinin ruhu bədənini tərk etdi. Və Tanrıya qovuşdu. Tanrı dərgahında dəfələrlə keçid etdiyi Kəlbəcərə getdi, oradan bir dəfə zəfəran da gətirmişdi. Tanrı dərgahında Yerə baxaraq gülümsəyirdi Pəncəli... Çünki o yüksəklikdən ruhu bütün olanları görürdü... hətta içəridən olan satqınlardan da xəbərdar idi... bütün həqiqətlər ona bir andaca əyan oldu. Çünki o, bu döyüşdən həmişəki kimi salamat qayıtmalı idi... Bir az bundan əvvəl aşağıda torpağın üstündə döyüş yoldaşları ilə birlikdə kömək gözləyirdi... İndi isə Tanrı dərgahında dayanmışdı... O, Tanrı dərgahına sorğusuz-sualsız gəlmişdi. Çünki Vətən uğrunda həlak olmuş, vətəni qorumuşdu, Vətəni canından da, anasından da əziz bilmişdi. Tanrı Vətən və torpaq uğrunda şəhid olanları, dərgahına sorğusuz-sualsız aparır. Sorğu-sualı olanları isə Göyün bir az aşağı qatında qarşılayaraq, haqq divanına çəkir. O haqq divanında Raquf Orucovun, Vüqar Yusifovun, Mühit Orucovun, Pəncəli Teymurovun... 2016-cı ilin aprel müharibəsində şəhadətə yüksələn Qalibiyyət şəhidlərinin günahkarlara verilən o qədər sualları var ki...
Aygül Bağırova,
AJB üzvü,
"Qızıl qələm" ali media mükafatı laureatı