İqtidarla müxalifət Qarabağ yolunda

...Fotoqramızla birlikdə paytaxtın əsas idman obyektlərindən biri olan Su İdman Sarayının qarşısındayam. İkimiz də tez çatmışıq. Odur ki, maşında oturub digər səfər iştirakçılarının gəlmələrini gözləyirik. Səfərimiz Zəngilanadır. Prezident Administrasiyasının təşkilatçılığı ilə iqtidar və müxalifət nümayəndələri orada yaradılan şərait, həyata keçirilən yenidənqurma işləri ilə tanış olacaqlar. Əlbəttə, bu cür turların təşkili olduqca vacibdir. Ən azından ona görə ki, görülən abadlıq-quruculuq tədbirləri barədə insanlarda əyani təsəvvür yaranır.


Hava alatorandır. Yüngül meh əssə də, bürkü var. Telefonumdakı saata baxıram.Təyin olunmuş vaxta 15 dəqiqə qalıb. Elə bu vaxt iki böyük avtobusun bizə tərəf gəldiyini görürəm. Bir az aralıda dayanırlar. Başa düşürəm ki, bizi aparacaq avtobuslardır. Maşından düşür və onlara yaxınlaşıram. İlk baxışdan avtobusların rahat və müasir olduğu hiss edilir. Şübhəsiz, belə də olmalıdır. Hər halda səfər kifayət qədər ciddi qurumun təşkilatçılığı ilə həyata keçirilir. 

Ətrafda gəzişirəm. Uzaqdan Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədovu görürəm. Asta-asta gəlir. Adətən emosional çıxışları ilə seçilən siyasətçi indi daha təmkinli görünür. Ətrafdaklara “Sabahınız xeyir” deyir və o da bizim kimi digərlərini gözləyir. 
İlk gələnlərdən biri də millət vəkili, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev olur. Gümrah olduğu hiss edilir. Media nümayəndələri ilə görüşür. Və gülə-gülə “Necəsiz, avtobus jurnalistləri?” deyə soruşur. Nəyə eyham vurduğunu, yəqin, hər kəs başa düşür. Öz-özümə düşünürəm ki, Razi bəy ötən müddət ərzində seçicilərin etimadını doğrultmağı bacarıb. Hər halda tənqidi fikirlərinə görə seçilir. Təsadüfi deyil ki, o, 25-26 ildir parlamentdə olan bəzi deputatlardan daha çox tanınır. Əlbəttə, ola bilsin, bu, həm də Razi bəyin siyasi karyerasının eniş-yoxuşluğu ilə bağlıdır. 
“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə maşından düşür və sürətlə bizə yaxınlaşır. Hər kəslə tək-tək əl tutub görüşür. Mənə çatanda “Səni hardansa tanıyıram. Tələbəm olmamısan ki?” deyə maraqlanır. “Xeyr” cavabı verir və əvvəllər bir neçə dəfə müxtəlif yerlərdə, tədbirlərdə görüşdüyümüzü xatırladıram. 
Çox keçmir ki, digər ictimai-siyasi nümayəndələr- Klassik Xalq Cəbhəsi partiyasının rəhbəri Mirmahmud Mirəlioğlu, Azərbaycan Demokrat Partiyasının rəhbəri Sərdar Cəlaloğlu, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Ədalət Partiyasının sədr müavini Elxan Şükürlü, politoloq Xəyal Bəşirli, hüquq müdafiəçisi Çingiz Qənizadə və başqaları da gəlirlər. Əksəriyyəti ilə tanışıq. Xarakterlərinə, siyasi fəaliyyətlərinə az-çox bələdəm. Ağ partiya sədri Tural Abbaslı, politoloq Zaur Məmmədovla da görüşür, ayaqüstü söhbətləşirik. Gözüm Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyni, Ümid Partiyasının sədri İqbal Ağazadəni axtarır. İkisi də yoxdur. 
Sonuncu gələnlərdən biri ReAL partiyasının sədri İlqar Məmmədov olur. 
Azərbaycan ictimai-siyasi cameəsinin tanınmış üzvləri buradadırlar.  Səfərin maraqlı keçəcəyini təxmin edirəm. 
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev media nümayndələri ilə görüşür. Səfərin əhəmiyyətindən danışır. Məlum olur ki, bu, iqtidar və müxalifət nümayəndələrinin Qarabağa dördüncü səfəridir. Səfərdə 40 siyasi partiyadan 46 nümayəndə, 19 jurnalist iştirak edir, 6 politoloq və siyasi şərhçi iştirak etdiyi nəzərə çatdırılır. Ədalət Vəliyev bu cür səfərlərin iqtidarla müxalifət arasındakı dialoqa verdiyi töhfəni xüsusi vurğulayır. 
Təxminən 10 dəqiqədən sonra avtobuslara oturur və yola düşürük. Səfərin başlanması ilə bağlı bir neçə cümləlik xəbər hazırlayır və redaksiyaya göndərirəm. Yanımda oturan yol yoldaşımız, administrasiyanın əməkdaşı Asif Usubəliyev soruşur:  “Bu qədər operativ?” Təbəssüm edirəm. Doğrudan da, sanki texnoloji imkanlar jurnalistlərin lehinə inkişaf edir. Əvvəllər belə imkanlar yox idi. İndi isə cəmi bir normal telefon kifayətdir ki, hər işi özün görəsən- yazasan, çəkəsən, emal edib göndərəsən. Hərçənd bunun gətirdiyi nöqsanlar da var. Artıq vətəndaş jurnalistikası o qədər inkişaf edib ki, bəzi hallarda peşəkar jurnalistikanın fəaliyyətinə mane olur. Çünki dezinformasiyalar, qeyri-dəqiq xəbərlər çoxalır. Bununla mübarizə aparmaq isə yenə peşəkar medianın öhdəsinə düşür. 
...Yolumuz davam edir. Bakıdan çıxırıq. Proqrama əsasən ilk dayanacağımız Salyan rayonudur. Avtobusdakılar gündəmin müxtəlif mövzularını müzakirə edirlər. Bəzən hətta səslər yüksəlir. Onları dinləyir, deyinləri təhlil edir və nəticə çıxarıram. 
Müxtəlif verilişlərdə, debatlarda üz-üzə gələn siyasilərin, demək olar, hər biri buradadır. Diqqətli onları müşahidə edirəm. Bu dəfə bir-birilərinə qarşı sanki daha nəzakətli olmağa çalışırlar. Hərçənd səfər hələ təzə başlayıb və müzakirələr qızışmayıb. 
Təxminən iki saatdan sonra Salyan rayonunda, “Hacıoğlu” restoranının qarşısında avtobuslardan düşürük. Bəziləri mağazaya gedir, bəziləri ətrafda gəzir, kimiləri də “opponentləri” ilə fikir mübadilələrini davam etdirirlər. Həmkarlarımız “fürsət bu fürsətdir”deyib iştirakçılara yaxınlaşır, onların belə səfərlərin əhəmiyyəti, iqtidarla müxalifət arasında dialoq və digər məsələlər barədə fikirlərini öyrənirlər. “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Ana Vətən Partiyasının sədri müavini Arzuman Abdulkərimov və digərləri jurnalistlərin suallarını həvəslə cavablandırırlar. 
Tural Abbaslı bir neçə həmkarı ilə  danışır. Aradabir zarafat edir və özü də gülür. Bəziləri yumoru səmimi qarşılayır, bəziləri isə, necə deyərlər, heç tükünü də tərpətmir. Belədir də siyasət...
İyirmi dəqiqədən sonra avtobuslarda yerlərimizi tutur və yolumuza davam edirik. Səfərin koordinatorları jurnalistlərin müxtəlif suallarına ətraflı  cavab verirlər. Deyilən görə, Bakıya gecə 12-də çatacağıq. İndi isə hələ səhər saat 10-dur. Kolleqalardan birinin bayaq səsləndirdiyi “Oturmaqdan bu qədər yorulacağım ağlıma gəlməzdi” fikrini xatırlayır və qeyri-iradi gülürəm. 
Administrasiyanın işçiləri iştirakçılara yemək və su paylayırlar. Ətrafıma baxıram. Bir çoxları gözünü yumub.Yəqin ki, aralarında yatanları da var. 
...Təxminən 12-də Cəbrayıla çatırıq. Burada bir post-patrul maşını  da bizim kortejə qoşulur. Yollar artıq kələ-kötürdür. Sürücülərin peşəkar olduqları hiss edilir. 
ANAMA əməkdaşları da bizi xoş qarşılayırlar. Qurumun nümayəndəsi İdris İsmayılov görülən işlər barədə jurnalistləri və siyasətçiləri məlumatlandırır. Məlum olur ki, mina hadisələrinin 45 faizi əraziyə qanunsuz daxil olma, 13 faizi heyvandarlıq fəaliyyəti, qalanı isə təmizlənmiş ərazidən kənara çıxma ilə bağlıdır. İdris bəyi mümkün qədər diqqətlə dinləməyə çalışır və statistik göstəriciləri telefonuma qeyd edirəm. ANAMA əməkdaşının sözlərinə görə, indiyədək Füzulidə 11, Cəbrayılda isə 14 mina hadisəsi baş verib. İdris bəy məruzəsini yekunlaşdırdıqdan sonra iştirakçıların sualları cavablandırılır. “Paşinyanın verdiyi xəritələrin nə qədəri doğrudur?” sualına cavab olaraq qurum rəsmisi bildirir ki, onların sadəcə 25 faizi səhih idi. Yerdə qalanlarda isə qeyri-dəqiqlik var idi. Görünür, erməni xisləti həmişə olduğu kimi bu dəfə də öz sözünü deyib. Hərçənd dəfələrlə bəyan edildiyi kimi, minalı ərazilərin xəritəsi siyasi alış-veriş predmeti olmamalıdır. Ermənistan iqtidarı, həqiqətən, regional əməkdaşlıqda, münasibətlərin normallaşmasında maraqlıdırsa, bunu baş düşməli  və məkrli siyasətindən əl çəkməlidir. 
Millət vəkili, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı görülən işlərin sürəti və əhalinin məskunlaşma tarixi il maraqlanır. Əvvəl ANAMA əməkdaşı, sonra isə Ədalət Vəliyev deputatın sualına cavab verir. Vurğulanır ki, fərqli ərazilərin minalardan təmizlənmə sürəti müxtəlif meyarlara uyğun olaraq dəyişə bilər. Ona görə də əhalinin məskunlaşması üçün ilk nəzərə alınan məqam məhz təhlükəsizlikdir. Çünki ərazidə “sürpriz” minalar da var. 
Görünür, doğrudan da, səbrli və soyuqqanlı olmaq daha faydalıdır. Necə deyərlər, gec olsun, güc olmasın.  Hər halda indiyədək xeyli hərbi və mülki şəxs minaların qurbanı olub. Biz bu rəqəmin artmaması üçün çalışmalıyıq.
Sual-cavabdan sonra təxminən 500 metr uzaqlıqdakı minanın partladılmasına hazırlıq gedir. Əvvəllər bir neçə dəfə bu prosesi izlədiyimə görə, həyəcanlı deyiləm. ANAMA əməkdaşları yüksək səslə saymağa başlayırlar: 5, 4, 3...Və qəfil güclü gurultu səsi eşidilir, ətrafı duman bürüyür.
Ardınca jurnalistlər, o cümlədən televiziya işçiləri qurum rəsmilərindən və səfər iştirakçılarından açıqlamalar alırlar. 
Redaktorum İmdad Əlizadə ilə danışır, onu məlumatlandırıram. 
Yenidən avtobuslarda yerimizi tuturuq. Zəngilana tərəf gedirik. O Zəngilan ki, 2020-ci il oktyabrın 20-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğadan azad edilmişdir. Ərazisi 707 kvadrat kilometr olan bu rayon İran və Ermənistanla sərhəddir. Zəngilandan olan müəllimim, professor Qulu Məhərrəmli torpaqlarımız işğaldan azad olunandan sonra həmişə deyir ki, ora mənim üçün həsrət və vüsalın sintezidir. İndi bu müqəddəs torpağa getdikcə müəllimimin dediklərini daha yaxşı anlayıram. 
Yolboyu pəncərədən çölə baxıram. Dağıdılmış abidələri görürəm. Beləliklə, erməni vəhşiliyinin nəticələrinin canlı şahidi oluram. Necə deyərlər, daş daş üstündə qalmayıb. Yollarda isə təmir işləri gedir. 
Günorta 2-də Zəngilana çatırıq. Həkəri çayına balıq buraxma mərəsimində iştirak edirik. Tural Abbaslı, Hafiz Hacıyev prosesdə həvəslə iştirak edirlər. Millət vəkilləri Fazil Mustafa, Razi Nurullayev və başqaları ətrafda xatirə fotosu çəkirlər. Fürsətdən istifadə edib mən də fotoqrafımızdan şəklimi çəkməyini xahiş edirəm. Bir də nə vaxt gələcəyik, Allah bilir. Hərçənd, otuz il əvvəl olduğu kimi, indi də bu ərazilər daha bizimdir. Nə zaman istəsək gələ bilərik...
  Bu vaxt Qulu müəllimdən mesaj gəlir: "Zəngilana məndən salam de". Ürəyimdə bu cənnət əraziyə professorun ismarıcını çatdırıram.
Nahar fasiləsinə gedirik. Səfər iştirakçıları masalar arxasında 3-3, 5-5 otururlar. Tural Abbaslı və Pənah Hüseynin oğlu, politoloq Vaqif Hüseyn ilə eyni masa arxasındayıq. Ətrafa baxıram. Bəzi siyasətçilərin ətrafında xeli həmkarları var, deyib-gülürlər. Lakin böyük masa arxasında tək oturanları da görürəm...Siyasətdə oldunsa gərək belə hallara da hazır olasan, hər şeyi nəzərə alasan və biləsən ki, ictimai rəy çox güclü silahdır. Restoran işçiləri bəzi siyasilərlə əl tutub görüşür, foto çəkdirirlər. Amma hiss olunur ki, səfər iştirakçılarından bəzilərini ümumiyyətlə tanımırlar...
Bəzi siyasilər jurnalistlərlə xüsusi nəzakətlə davranır, media nümayəndələrinə diqqət göstərirlər.Yadıma məşhur jurnalist Henri Şultenin “Ağıllı siyasətçilər jurnalistlərə kələk gəlməməlidirlər” fikri düşür. Doğrudan da, təcrübə göstərir ki, siyasətçilər “IV hakimiyyətlə” münasibətlərini nə qədər isti edərlərsə, o qədər yaxşıdır. Əksinə, media işçilərindən qaçmaq, onlara naqolay cavab vermək isə heç bir siyasətçiyə başucalığı gətirmir. Buna kifayət qədər nümunə göstərmək olar. 
Yarım saatdan sonra Ağalı kəndindəki "Ağıllı kəndlə" tanışlığa başlayırıq. Kənd təsərrüfatı naziri İnam Kərimovun rəhbərliyi ilə nazirliyin əməkdaşları burada yaradılmış şərait barədə səfər iştirakçılarını məlumatlandırırlar. Hər kəs diqqətlə dinləyir, aradabir suallar verilir. Nazir və əməkdaşlar sualları dolğun cavablandırırlar. Kənddəki evlərdə, məktəbdə oluruq. Bildirilir ki, “Ağıllı kənd” layihəsinin icrası ilə bağlı 110 hektardan çox ərazidə tikinti işləri aparılır. Burada 200 fərdi ekoloji evin, ikimərtəbəli 4 qeyri-yaşayış binasının, 360 şagird yerlik məktəbin və 60 yerlik uşaq bağçasının tikintisi sürətlə davam etdirilir. 
Səfər iştirakçılarına Qarabağın “Yaşıl enerji” zonasına çevrilməsi prosesində Zəngilanın xüsusi rolu haqqında da geniş məlumat verilir.  Eyni zamanda ölkə siyasiləri Zəngilandan keçən loqistik layihələr haqqında da məlumatlandırılırlar. Səfər iştirakçılarına inşa olunan Zəngilan Beynəlxalq Hava Limanı, ümumi uzunluğu 124 kilometr olacaq Zəngilan-Horadiz avtomobil yolu, eləcə də Horadiz-Zəngilan-Ağbənd beynəlxalq dəmir yolu haqqında da məlumat verilir. Vurğulanır ki, Zəngilan rayonunun ərazisindən keçən həm dəmir yolu, həm avtomobil yolu nəinki Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, eyni zamanda, beynəlxalq yükdaşımaları üçün yeni beynəlxalq bir yol olacaq.
Sonra Bəsitçay Dövlət Təbiət Qoruğunu ziyarət edirik. İlqar Məmmədov digərlərindən bir az aralı gəzir, fotolar, videolar çəkir. 
Burada da müshibələr davam edir. Tanınmış jurnalist Vüqar Rəhimzadəyə yaxınlaşıb, ondan açıqlama almaq istədiyimi bildirəm. Səmimi zarafat edir və “buyur” deyir. Onun sözlərinə görə, insanların azad edilən ərazilərdə olması və burada görülən işlərlə tanışlığı kifayət qədər önəmli məsələdir: "Biz bu gün “Böyük qayıdış”ın rəmzi olan rayonun Ağalı kəndində “Ağıllı kənd” layihəsi ilə tanış olduq. Mən bura kənd deməzdim. Çünki burada yaradılan şərait belə qənaətə gəlməyə əsas verir. "Ağıllı kənd" infrastruktur layihəsi, binaların və məktəblərin tikilməsi və s. kimi hallara görə inşa olunan ən müasir yaşayış məskənlərindən biridir".
...Nəhayət, yenidən avtobuslara minir və gəldiyimiz yolu geri qayıdırıq. Sərhəddə olduğumuza görə telefonda rominq xidməti işə düşür. Bunu görüb öz-özümə düşünürəm: “Görəsən, bizi müşahidə edən Ermənistan sərhədçiləri indi nə düşünürlər? Adətən müxtəlif mövzularda iqtidarla müxalifət nümayəndələri arasında fikir ayrılığı olsa da, bu, 44 günlük döyüşlərdə belə olmadı. Hər kəs yumruğu eyni yerə vurdu. Hətta ən radikal müxalifət rəhbərləri belə, hakimiyyətin siyasətini dəstəklədilər. Hər birimiz uğurlu nəticənin şahidi olduq.Və bu gün Zəngilanda iqtidarla müxalifət yenə birlikdə idi...”. 



İlk dayanacaqda bu dəfə Azərbaycan Demokratlar Partiyasının sədri Sülhəddin Əkbərə yaxınlaşıram. O da səfərin əhəmiyyətini yüksək qiymətləndirir: “Bu cür səfərlər hər şeydən əvvəl insani münasibətlərə töhfədir. Əlbəttə, bu, siyasi münasibətlərə də aiddir. İstər-istəməz qarşılıqlı inam yaranır və iqtidarla müxalifət bir-birinə qarşı əvvəlki kimi sərt yox, daha yumşaq mövqe tutur. Hər halda bu tendensiya müşahidə olunur. Belə təşəbbüslər nəticəsində iqtidar-müxalifət münasibətləri getdikcə daha sistemli xarakter ala bilər”. 
Gecə saat 1-də Su İdman Sarayının yanında avtobuslardan düşürük. Hər kəs yorğundur, yuxuludur. Bu, üzlərdəki ifadələrdən də bəlli olur. Hərə bir tərəfə gedir: bəziləri burada maşınları ilə birlikdə onları gözləyən sürücülərinə sarı addımlayır, bəziləri taksi çağırır, bəziləri də piyada gedərək gözdən itirlər. Müxalifət nümayəndələrinin heç də eyni yolu getmədiyi bu səfər zamanı bir daha təsdiqləndi...

Kənan Novruzov