Laçın və ətraf bölgələr  Azərbaycanın nəzarətindədir!

"Suriya və Livandan gətirilmiş ermənilərin Laçından çıxarılması bir mesaj idi ki, Azərbaycan vətəndaşı sayılmayan ermənilərin hamısı ölkəni mütləq şəkildə tərk edəcəklər"

  Laçın dəhlizinə alternativ avtomobil yolu ilə hərəkət yaxın bir həftədə mümkün olacaq. Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, cəmi 10 ay ərzində Laçın şəhərinə daxil olmadan 22 kilometri Azərbaycan ərazisindən, 10 kilometri Ermənistan ərazisindən keçməklə alternativ yol çəkilib. Agentliyin məlumatına görə, avqustun 15-də alternativ yol Azərbaycan ərazisindən keçmək şərtilə tam hazırdır. Lakin Ermənistan tərəfi üzərinə düşən 10 kilometri hələ də başa çatdırmayıb. Qarabağda yaşayan erməni icmasının xahişi ilə Azərbaycan tərəfi yeni yola birləşən 4,8 kilometr uzunluğunda birləşdirici yolun tikintisini də öz üzərinə götürüb və həyata keçirib. Azərbaycan tərəfi Laçın şəhərinə daxil olmayan yeni avtomobil yolunun tikintisinə 2021-ci ilin iyul ayında başlamışdı. Rəsmi məlumata görə, yolun ümumi uzunluğu 32 kilometr təşkil edir. Xatırladaq ki, Qarabağdakı ermənilər indiyə kimi Ermənistanla Laçın şəhərindən keçən “dəhliz” vasitəsilə əlaqə saxlayırdılar. Laçın “dəhlizi” Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olduğundan şəhər mərkəzində, Zabux və Sus kəndlərində qanunsuz məskunlaşan ermənilər bölgəni tərk etməmişdi. Lakin qısa müddət ərzində ermənilər sözügedən əraziləri boşaldıblar. 
  Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli "Sherg.az"a açıqlamasında Zabux və Sus kəndlərinin ermənilərdən təmizlənməsinin, yeni yolun istifadəyə verilməsinin əvvəlcədən gözlənilən olduğunu deyib. Analitik vurğulayıb ki, alternativ yol indiki məqamda Qarabağda yaşayan ermənilərin Ermənistanla əlaqəsini təmin etmək məqsədi daşıyır: “Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşı sayılır. Onların bütün hüquqları dövlətimiz tərəfindən qorunur və qorunacaq. Bəyan edilən budur. Lakin Suriya və Livandan gətirilmiş ermənilərin Laçından çıxarılması bir mesaj idi ki, Azərbaycan vətəndaşı sayılmayan ermənilərin hamısı ölkəni mütləq şəkildə tərk edəcəklər. Bu, Azərbaycan dövlətinin qəti iradəsinin ifadəsidir. Digər məqam odur ki, torpaqlarımızda separatçılar, qanunsuz silahlanmış ermənilər var. Azərbaycan tərəfi Laçın “dəhlizi”nə alternativ yolu istifadəyə verməklə tədricən separatçıların ərazimizdən təmizlənməsini həyata keçirəcək. Həmçinin, rəsmi Bakı Ermənistanın bölgədəki separatçılarla davranışını təhlükəsizlik aspektləri prizmasından nəzərdə saxlayıb, təhlil edə biləcək. Bu addım Yuxarı Qarabağın vacib nöqtələrinin Azərbaycanın əlində və nəzarətində qalması üçün çox vacibdir. Yeni yolun rusların nəzarətində olması Azərbaycan üçün problem yaratmır. Rusiya ilə imzalanmış müqavilədən sonra bəzi bölgələrdə ərazilərin Azərbaycanın nəzarətinə keçməsi müşahidə olunmaqdadır. Düzdür, sulhməramlıların müəyyən hərəkətləri Azərbaycanda narazılıq doğurur. Ancaq bunlar yekun nəticələrə təsir göstərəcək məqamlar deyil”.