Laçının azadlığı ermənilərin "belini" qırdı - Böyük Qayıdışın bir addımlığında...

Böyük Qayıdış gününə bir addım da yaxınlaşdıq
   “Laçın şəhəri, Zabux və Sus yaşayış məntəqələrinin Azərbaycanın nəzarətinə keçməsinə sıradan bir texniki məsələ kimi baxmaq olmaz”. Bu sözləri “Sherg.az"a açıqlamasında Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov deyib. Partiya rəhbəri vurğulayıb ki, bu hadisə tarixi əhəmiyyətli hadisə olmaqla yanaşı, həm də olduqca strateji önəm daşıyır: “Məsələ burasındadır ki, bu ərazilərin Azərbaycanın nəzarətinə keçməsi ilə artıq “Laçın dəhlizi” ifadəsi də tarixə qovuşdu. Bundan sonra alternativ yola dəhliz statusunun verilib-verilməyəcəyi ilə bağlı Azərbaycanın diktə imkanlarını artırdı. Vaxtilə aparılan sülh danışıqlarında məhz “Laçın dəhlizi” məsələsində heç cürə güzəştə getmək istəməyən Ermənistan indi Qarabağ və Zəngəzur ərazilərinə nəzarət və diktə etmək imkanlarını tamamilə itirib. Başqa sözlə desək, “Laçın dəhlizi”nin Azərbaycan Ordusunun nəzarətinə keçməsi ermənilərin “bel”ini qırdı. Artıq əminliklə deyə bilərik ki, Laçın rayonu tam şəkildə öz tarixi sahiblərinə qaytarıldı, torpaqlarımız üzərində suverenliyimiz bərpa edildi. Beləliklə, Böyük Qayıdış gününə bir addım da yaxınlaşdıq”.
Ə.Hüseynov vurğulayıb ki, 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş nazirinin birgə imzaladıqları üçtərəfli bəyanatın müddəalarına əsasən, “Laçın dəhlizi”nə alternativ yolun çəkilməsi üç il ərzində öz həllini tapmalıydı: “Lakin Azərbaycan bu prosesi daha qısa zaman ərzində yekunlaşdırmağı bacardı. Ərazilərimizə nəzarətin təmin olunması vaxtından tez icra edildi. Hərçənd, rəsmi İrəvan və hazırda Xankəndidə cəmləşən terrorçu-separatçı erməni çətələri bu prosesə hər vasitə ilə mane olmağa çalışırdı. Onlar bu məqsədlə zaman-zaman ən müxtəlif təxribatlara əl atırdılar. Hətta Ermənistan rəhbərliyi Azərbaycanın Laçın “dəhlizi” ilə bağlı tələblərini “qanunsuz” adlandıraraq işğal dönəmində qanunsuz məskunlaşmış ermənilərin ərazidən çıxarılmasını yubatmağa, süni şəkildə vaxtı uzatmağa cəhd göstərirdi. Əlbəttə, Ermənistanın buna heç vaxt cəsarəti çatmazdı. Həmişə olduğu kimi Ermənistan bu dəfə də xarici ağalarına güvənirdi. Lakin Azərbaycan Ordusunun uğurla həyata keçirdiyi “Qisas” əməliyyatı Ermənistan rəhbərliyinin bütün ümidlərini və planlarını alt-üst etdi. Rəsmi İrəvanın bütün səylərinə və vurnuxmalarına baxmayaraq, avqustun 25-də Laçın şəhəri, Zabux və Sus yaşayış məntəqələrinin tam boşaldılması prosesi başa çatdı. Prosesin bu cür uğurla yekunlaşmasında Prezident və Ali Baş Komandan İlham Əliyevin rolunu xüsusilə qeyd etməliyik. Prezidentin zaman və məkan şərtlərini düzgün hesablaması və qəbul etdiyi doğru qərarlar prosesi daha tez həyata keçirməyə imkan verdi. Onun qətiyyətli mövqeyi bu məsələdə son nöqtəni qoydu”.