Sərhəddəki təxribatlar təsadüfi deyil

Bütövlükdə ordu, diaspora, lobbi və digər qüvvələr Paşinyan hökumətinə qarşı ciddi təzyiqlər göstərir

  Ermənistan dövlət sərhədində Azərbaycan mövqelərinə qarşı təxribatları yenidən artırıb. Adətən, Azərbaycan və Ermənistan arasında ən yüksək səviyyəli görüşdən sonra belə hallar baş verir. Bundan əvvəl, Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan Avropa İttifaqının vasitəçiliyi ilə Belçikanın paytaxtı Brüsseldə görüşəndən sonra da təxribatlar baş vermişdi. Bu cür provokasiyalar Ermənistanın regionla bağlı konstruktiv siyasətini sual altında qoyur. Çünki rəsmi İrəvan danışıqlar masası arxasına oturmasına baxmayaraq, digər tərəfdən sabotajları davam etdirir. Ermənistan Qərblə Rusiyanın arasında qalıb. 

Kremlin və Aİ- nin tələbləri fərqlidir. İrəvan isə onların hər ikisini razı salmağa çalışır. Ekspertlər sərhədin müxtəlif istiqamətlərində baş verən təxribatları Rusiya ilə əlaqələndirirlər. İstisna deyil ki, şimal qonşumuz Ermənistandakı əlaltıları vasitəsilə provokasiyalar törədir. Məqsəd Azərbaycanla Ermənistan arasında etimad mühitinə zərbə vurmaqdır. Ona görə də rəsmi İrəvan indiki məqamda iradə göstərməli, hansı yolla olur-olsun sabotajların qarşısını almağa çalışmalıdır. Çünki belə hallar sülh prosesinə mane olur və növbəti anti-terror əməliyyatına zəmin yaradır. 

  Beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli "Şərq"ə bildirib ki, Ermənistan Brüssel görüşündən ciddi itkilərlə çıxdı. Analitik vurğulayıb ki, bütövlükdə ordu, diaspora, lobbi və digər qüvvələr Paşinyan hökumətinə qarşı ciddi təzyiqlər göstərir:

 "Sərhəddəki təxribatlar və regionda yaşanan digər hadisələr buradan qaynaqlanır. Lakin proseslərdə İrəvan hökumətinin də müəyyən rolu var. Əslində çox hibrid bir vəziyyət formalaşıb. Bir tərəfdən Paşinyanın diliylə sülh prosesindən söz açılır və ilin sonuna kimi müqavilənin imzalanmasının zərurətindən danışılır. Digər yandan "birləşdirici" faktor kimi qondarma "Artsax" uğrunda savaş məsələsi qabardılır. Bu məsələdə ABŞ-ın da ciddi rolu var. Hesab edirəm ki, Amerikada və Fransada müəyyən qruplaşmalar konkret olaraq sülh prosesinə zərbə vurmağa çalışırlar. Amerika Erməniləri Milli Komitəsi (ANCA) də təxribatlarda, pozuculuqda mühüm fəaliyyət sərgiləyir. Bunların hamısı kifayət qədər ciddi proseslərin getdiyindən xəbər verir. Təhlükəli tendensiyalar Azərbaycan-Ermənistan arasında atəşkəsin pozulması halları ilə müşayiət olunur. Ermənistan tərəfi sentyabrın 5-də erməni əsgərinin, guya, Azərbaycandan açılan snayper gülləsi ilə öldürüldüyünü tirajladı. Ancaq bu cinayəti ermənilərin özlərinin törətməsi ilə bağlı ciddi faktlar var".