“Azərbaycan-Türkiyə- Qırğızıstan hərbi üçbucağı formalaşdırılır”

“Bütün türk dövlətləri arasındakı münaqişəli vəziyyətin aradan qaldırılmasına yönəlik iş həyata keçirilir”

“Hazırda türk ölkələri təşkilatının rıçaqlarının real olaraq işə salınma prosesi gedir”  

“Azərbaycan-Türkiyə münasibətləri qədər, Qırğızıstan-Türkiyə münasibətləri də xüsusi önəm daşıyır”

Prezident İlham Əliyev Qırğızıstana səfər edib. Bişkekdə Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın geniş tərkibdə iclası başa çatdıqdan sonra tərəflər arasında ticarət, sənaye, qardaşlıq əlaqələrinin qurulması, ətraf mühitin mühafizəsi, məcburi dövlət sosial sığortası, bitki karantini sahəsində əməkdaşlığa dair bir sıra sənədlər imzalanıb. Qırğızıstan Prezidenti Sadır Japarov vurğulayıb ki, dövlətlərarası Şuranın ilk iclasının keçirilməsi iki ölkə arasında siyasi, ticarət-investisiya, mədəni-humanitar sahələrdə əməkdaşlığın fəal inkişafının bariz göstəricisi olacaq. 

O, eyni zamanda, Qırğızıstanın qardaş Azərbaycanla sistemli və uzunmüddətli əməkdaşlıq niyyətində olduğunu və strateji sektorlarda ciddi əməkdaşlığa hazır olduğunu da diqqətə çatdırıb.

 Qırğızıstanda Qırğız-Azərbaycan Dostluq Parkının, Nizami Gəncəvi adına məktəbin açılacağını qeyd edən dövlətimizin başçısı İlham Əliyev isə bildirib ki, əməkdaşlığımızın bütün bu əlamətdar məqamları Azərbaycan xalqının dərin minnətdarlığına səbəb olur və münasibətlərin qardaş xarakterini ifadə edir. Ölkə rəhbərimiz dövlətlərin bundan sonra da səmərəli əməkdaşlıq edəcəyinə əminliyini ifadə edib.

Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli ölkə başçısının Qırğızıstan səfərindən “Sherg.az”a danışanda bildirib ki, prezidentin bu səfəri birbaşa dünyada və regionda baş verən proseslərlə bağlıdır:

 “Aprel ayında Azərbaycan və Qırğızıstan arasında ciddi bir strateji əməkdaşlıq sazişi imzalanıb. Ondan sonra belə bir səfərin baş verməsi yeni dünya nizamında türk ölkələri birliyinin ayrıca rolu olduğunu göstərir. Qırğızıstan KTMT-nin üzvüdür.  Buna baxmayaraq o, hərbçilərinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) 10 oktyabrda Tacikistanda başlatdığı “Sərhəd-2022” birgə təlimində iştirak etmədi. Eyni zamanda Ermənistanın 14 sentyabrda sərhəddə törətdiyi təxribatlar zamanı bu ölkə Qazaxıstanla birlikdə Azərbaycana ciddi  dəstək nümayiş etdirdi. 

KTMT üzvü kimi Qırğızıstan və Tacikistan arasındakı toqquşma da önəmlidir. Hesab edirəm ki, Azərbaycan-Türkiyə-İran üçbucağında baş verən  qarşıdurmanın müəyyən bir hissəsi hazırda Tacikistana köçürülməkdədir.  Onların vasitəsilə anti-sülh məsələsini gündəmdə saxlamağa çalışırlar. Digər tərəfdən artıq  Qırğızıstan-Özbəkistan arasında sovetdən qalan şirin su hövzələri ilə bağlı yaranmış münaqişə də öz həllini tapıb. Bunlara əsasən deyə bilərik ki, deyəsən, bütün türk dövlətləri arasındakı münaqişəli vəziyyətin aradan qaldırılmasına yönəlik iş həyata keçirilir. Hazırda türk ölkələri təşkilatının rıçaqlarının real olaraq işə salınma prosesi gedir”.  

Ekspert diqqətə çatdırıb ki, Rusiya-Ukrayna müharibəsinin fonunda Qırğızıstan, Azərbaycan , eləcə də, Orta Asiyanın digər ölkələri formalaşacaq yeni dünya düzəninə hazırlıqlı olmalıdırlar:

 “Bunun da ilk işartısını biz Praqadakı sammitdə gördük. Ümumi şəkildə bu münasibətlərin içində həllini tapacaq bir sıra məsələlər var. İndi  Azərbaycan da Türk dünyasına inteqrasiya yolunda Qırğızıstan ilə ciddi bir əməkdaşlıq yaratmaq niyyətindədir. Azərbaycan-Türkiyə münasibətləri qədər, Qırğızıstan-Türkiyə münasibətləri də xüsusi önəm daşıyır. Sanki bu yöndə hərbi üçbucaq formalaşdırılır”.