Ermənistan vaxtı uzatmaqla geosiyasi proseslərin dəyişməsinə ümid edirdi  - Siyasi şərhçi

" Hazırda bu dəyişikliyi müşahidə edirik və zaman bizim əleyhimizə işləyir"

"Qərb və Rusiyanın “təklifləri”nin heç biri Azərbaycan üçün tam məqbul deyil".

"Sherg.az" xəbər verir ki, bu barədə siyasi şərhçi Asif Nərimanlı deyib. 

Ekspert bildirib ki, Qərb “Xankəndi-Bakı mexanizmi”nə dəstək verir: 

"Bu, separatçıları “tərəfə” çevirə, o cümlədən, “etnik münaqişə” məsələnini yenidən aktuallaşdıra bilər. Rusiya Qarabağda daha uzunmüddətli qalmaq məqsədilə “qarant” olmaq və separatçıların müdafiəsini davam etdirmək niyyətindədir. Ermənistan müharibədən sonra razılaşmaların icrasını uzatmaqla geosiyasi proseslərin dəyişməsinə ümid edirdi. Hazırda bu dəyişikliyi müşahidə edirik və zaman bizim əleyhimizə işləyir. Xankəndidəki separatizmə qarşı daha praktiki addımlara ehtiyac var, hərbi müstəvidən tutmuş həyat şərtlərinin çətinləşdirilməsinə qədər. Sabah separatçılar mitinqə hazırlaşır: qondarma “parlament” rejimin gələcək mövcudluğu haqda iclas keçirəcək. Daha sonra meydanda çıxış edəcəklər. 1988-ci ilin separatizm hərəkatının başlandığı hadisələrin analogiyası müşahidə edilir. Aydın görünür ki, “Qarabağ münaqişəsinin” “etnik münaqişə” kimi davam etdirilməsi planını icra etmək cəhdləri var".