Türkiyədə güclü zəlzələ: Ölənlərin sayı artdı - YENİLƏNİB + FOTO/VİDEO

Düzcedə zəlzələ zamanı daha bir nəfər həyatını itirib. Beləliklə, təbii fəlakət qurbanlarının sayı ikiyə yüksəlib.
Məlumata görə, yeraltı təkanlar başlayanda 47 yaşlı Hikmet Çələbi evdən tələsik çıxmağa çalışıb. Bu zaman o, müvazinətini itirərək yıxılıb və başı pilləkənə dəyib. Çələbi dərhal xəstəxanaya çatdırılsa da, həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

11:52
Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) Düzcedə yerli vaxtla saat 4 radələrində baş verən 5,9 bal gücündə zəlzələ ilə bağlı son vəziyyəti açıqlayıb.
Məlumatda bildirilir ki, Düzcedə 37, İstanbulda 1, Zonquldakda 6, Sakaryada 1, Boluda 1 olmaqla, ümumilikdə 50 nəfər yaralanıb.
Həmçinin Düzce Çay Məhəlləsində yaşayan 63 yaşlı Sevim Çengelin zəlzələdən sonra təlaşa düşdüyü və infarkt nəticəsində öldüyü qeyd olunub.

10:22
Türkiyənin Düzce vilayətində baş verən zəlzələ nəticəsində yaralananların sayı 46-ya çatıb.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) bildirilib.

Türkiyənin daxili işlər naziri Süleyman Soylu jurnalistlərə açıqlamasında deyib ki, zəlzələdə ölən olmayıb: “Bu, ən böyük təsəllimizdir”.

O bildirib ki, Prezident Rəcəb Tayyib Ərdoğan mövcud durumla yaxından izləyir: “Bəzi yerlərdə elektrik enerjisi kəsilib, amma tədricən bərpa edilir. Gün ərzində bu məsələ həllini tapacaq.

Zəlzələdən sonra 70-dən çox afterşoklar qeydə alınıb. Müxtəlif qurumlar, o cümlədən Qızıl Aypara Cəmiyyəti vətəndaşlarımıza kömək edir, dəstək olurlar”. 

Nazirin sözlərinə görə, əraziyə xilasedicilər cəlb edilib: “Zəlzələ bir çox regionda hiss edilib”. 

Düzce valisi Cevdat Atay bəzi ərazilərdə, o cümlədən Düzcede və Boluda məktəblərdə tədrisin dayandırıldığını bildirib. 

Türkiyənin ailə və sosial xidmətlər naziri Derya Yanıkın sözlərinə görə isə vətəndaşlara dəstək olmaq üçün bölgəyə 10 psixososial qrup göndərilib.

08:26

Türkiyənin Düzce vilayətində baş verən güclü zəlzələ nəticəsində xəsarət alanların sayı 35 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca tviter hesabında yazıb.

Nazir bildirib ki, xəsarət alan şəxslərin müalicəsi davam edir.