Qərb “Vaqner”i terrorçu təşkilat kimi tanıyacaq - AÇIQLAMA


Rusiya kəşfiyyatı tərəfindən idarə olunan bu fiqurlaşmaya qarşı ən ağır sanksiyalar tətbiq olunmalıdır
  ABŞ Rusiyaya bağlı “Vaqner” dəstəsini terror təşkilatı elan etmək niyyətindədir. Amerikalı senatorlar Dövlət Departamentindən “Vaqner” özəl hərbi şirkətini (ÖHŞ) xarici terror təşkilatı kimi tanımasını tələb edən qanun layihəsi təqdim ediblər. Bildirilib ki, Nümayəndələr Palatasında da analoji təşəbbüsə baxılacaq. Senatorların təklif etdiyi qanun layihəsində “Vaqner”in davamçılarına bağlı olan istənilən strukturların xarici terror təşkilatları elan edilməsi də təklif olunub. Bir təşkilata terror strukturu statusu verməklə ABŞ onun üzvlərinə qarşı cinayət işi açmaq və bütün dünyada beynəlxalq aktivlərinə nəzarət etmək hüququ verir.
  Politoloq Azər Rəşidoğlu "Şərq"ə deyib ki, “Vaqner” özəl hərbi şirkəti Afrika və Suriyada törətdiyi vəhşi əməlləri ilə tanınıb. Analitik bildirib ki, bütün dünyada rus ordusu deyəndə, fərariliyin, başıpozuqluğun baş alıb getdiyi, heç bir müharibə qanununa və ənənəsinə məhəl qoymayan, günahsız mülki əhaliyə qarşı qətliamlar törədən işğalçı dəstə nəzərdə tutulur. Rusiya ordusunun bel sütununu kriminal yuvası olan “Vaqner” dəstələri və R.Kadırovun başkəsənləri təşkil edir. Bu baxımdan, kollektiv Qərb rus ordusunun aparıcı qüvvəsinə çevrilən “Vaqner”i terrorçu təşkilat kimi tanıyacaq. Artıq Avropa Parlamenti və NATO Parlament Assambleyası Rusiyanı terrora dəstək verən dövlət kimi tanıyıb. Yəni bütünlükdə hazırkı Rusiya dövlətinə və onun ordusuna haqlı olaraq terrorçu damğası vurulmaqdadır. Suriyada tarixi Palmira şəhərinin İŞİD-dən azad edilməsində “Vaqner” qrupu aparıcı rol oynayıb. Bu döyüşçülərin Şimali Qafqazda, əsasən Krasnodar vilayətindəki qapalı qəsəbələrdə xüsusi hazırlıq keçməsi barədə iddialar var. 2017-ci ilin sonunda Suriyada bu gizli ordunun 1500-2000 arası döyüşçüsünün olduğu bildirilib. Bu döyüşçülərdən, əsasən, 2015-ci ildə - münaqişənin pik həddinə çatdığı vaxtlarda istifadə olunub. Həmin vaxta kimi bu “gözəgörünməz” Rusiya ordusunun 150-dək döyüşçüsünün həlak olduğu barədə məlumatlar ictimaiyyətdən gizlədilib. Məxfi ordunun əsgərləri Əsədin hökumət qoşunları ilə çiyin-çiyinə döyüşüb və Rusiyaya rəsmi ordunun itkilərini aşağı həddə saxlamaq imkanı verib. “Vaqner” qrupu muzdlularının Suriyada mülki şəxslərə qarşı qırğınlarda və işgəncələrdə aktiv iştirakı barədə məlumatlar var. 2017-ci ildə “Vaqner” muzdluları Suriyanın Homs əyalətində Bəşər Əsədin ordusundan fərarilik etmiş əsgəri tutub vəhşi işgəncələrlə öldürüblər, daha sonra cəsədini təhqir ediblər və benzin töküb yandırıblar".
A.Rəşidoğlu qeyd edib ki, “Vaqner” şirkətinin 300-ə yaxın muzdlusunun Liviyanın bir hissəsinə nəzarət edən marşal Xəlifə Xaftarın ordusuna dəstək verdiyi də məlumdur: "“Vaqner” Rusiya kəşfiyyatı tərəfindən idarə olunur. Bu qruplaşma əsl terror təşkilatıdır və ona qarşı ən ağır sanksiyalar həyata keçirilməlidir. Bu gün Ukraynada ən ağır cinayətləri də “Vaqner” həyata keçirir. Odur ki, bu qurumun terrorçu kimi tanınması tam məntiqlidir".