İrəvan səhvlərini başa düşdü


Ermənistan indi Macarıstanla münasibətləri bərpa etməyə çalışır
  "Ermənistanın Macarıstanla diplomatik münasibətləri bərpa etmək qərarı biabırçılıqdır”. Bu sözləri Parlamentin “Hayastan” blokunun deputatı, “Daşnaksütyun” partiyasının nümayəndəsi İşxan Saqatelyan bildirib. Onun fikrincə, Macarıstanla əlaqələri yaxşılaşdırmaq Ermənistan hakimiyyətinin onurğasız siyasət yürütdüyünə dəlalət edir. Saqatelyan əlavə edib ki, Ermənistan hakimiyyəti bu addımı ilə Macarıstanda erməni zabitini öldürən və Azərbaycanda qəhrəman kimi qarşılanan Ramil Səfərovu bağışlamış olur. Erməni deputat bütün bunların ümumi siyasət kontekstində həyata keçirildiyinə əminliyini ifadə edərək deyib ki, Türkiyə, Azərbaycan və Ermənistan dövlət başçılarının Praqadakı görüşündə Macarıstanın baş nazirinin iştirakı təsadüfi olmayıb.
  Qeyd edək ki, Polşada keçirilən ATƏT Nazirlər Forumu çərçivəsində Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyartonun görüşündə tamhüquqlu diplomatik münasibətlərin bərpası barədə razılıq əldə olunub.
  "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib ki, Macarıstan Avropa İttifaqının mövqeyi olan dövlətlərdəndir. Ekspert bildirib ki, bu dövlətlə diplomatik münasibətlərin olmaması Ermənistanın maraqlarına zidd idi: "Bu səbəbdən vaxtilə Ramil Səfəvorun azad olunmasına qarşı Macarıstanla əlaqələri kəsən İrəvan bunun əbədiyyətə qədər uzanmasının onun maraqlarına cavab vermədiyini anladı. O ki qaldı Ramil Səfərova, Macarıstandakı məlum hadisə erməni təxribatına ilk tutarlı cavab idi. Ardınca Mübariz İbrahimovun şücaəti və İkinci Qarabağ müharibəsi zamanı yüzlərlə qəhrəmanlıq nümunəsi qeydə alındı. Ancaq işimiz hələ bitməyib..".