Azərbaycan sülh layihəsini Ermənistana təqdim edib

İlin sonuna qədər danışıqların üçüncü raundu keçiriləcək

  Dünən Moskvada Azərbaycan və Rusiya xarici işlər nazirləri - Ceyhun Bayramov və Sergey Lavrov arasında görüş keçirilib. Görüşdə ikitərəfli əməkdaşlığın vəziyyəti və perspektivləri müzakirə olunub. Həmçinin regional və beynəlxalq gündəliyin ən aktual aspektləri, o cümlədən Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması məsələləri üzrə fikir mübadiləsi aparılıb. Müzakirələrdən sonra Azərbaycan Xarici İşlər Nazirliyi ilə Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi arasında 2023-2024-cü illər üçün Məsləhətləşmələr Planı imzalanıb. Sonra görüşün yekunları ilə bağlı nazirlərin birgə mətbuat konfransı keçirilib. 

"Azərbaycan Qarabağ ermənilərinin digər vətəndaşlarla eyni hüquqlara malik olacağına təminat verir"

  Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib ki, Azərbaycan Qarabağ ermənilərinin digər vətəndaşlarla eyni hüquqlara malik olacağına təminat verir. XİN rəhbəri qeyd edib ki, Azərbaycan Qarabağ bölgəsində yaşayan erməni əsilli əhalinin Azərbaycanın bütün vətəndaşları ilə eyni hüquq və azadlıqlara malik olacağına təminat verəcəyini dəfələrlə bildirib: "Azərbaycan sülh yolu ilə nizamlanma haqqında saziş layihəsi hazırlayıb və onu Ermənistan tərəfinə təqdim edib. Bu ilin sonuna kimi Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi üzrə danışıqların üçüncü mərhələsinin keçirilməsi mümkündür". XİN rəhbəri onu da qeyd edib ki, BMT Nizamnaməsi və Almatı Bəyannaməsi irəli getmək üçün yaxşı əsasdır.

"Azərbaycan Ermənistanla normallaşma prosesində Rusiyanın rolunu yüksək qiymətləndirir"

  C.Bayramov bəyan edib ki, Azərbaycan Ermənistanla münasibətlərin normallaşması prosesində Rusiyanın rolunu yüksək qiymətləndirir. Nazir Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı üçtərəfli bəyanatların tam icrasının vacibliyini bildirib və əlavə edib ki, Ermənistan hələ də üçtərəfli bəyanatları tam icra etmir. XİN rəhbəri qanunsuz erməni hərbi birləşmələrin Azərbaycan ərazilərindən çıxarılmadığını vurğulayıb: "Azərbaycan-Ermənistan münasibətlərinin normallaşma prosesinə birtərəfli qaydada müdaxilələrin olunmasını qeyri-məhsuldar hesab edirəm. Azərbaycan danışıqlar prosesində iştirak edərək hər zaman Cənubi Qafqazda vəziyyətin gərginləşməməsinə, qarşıdurmaların yaranmamasına çalışır".

"Bakı ilə İrəvan arasında sülh müqaviləsi Almatı Bəyannaməsi əsasında imzalanacaq"

  Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, tərəflərin sülh müqaviləsinin Almatı Bəyannaməsinə əsaslanmasına razı olması yekun işi yüngülləşdirir. Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi ilə bağlı mövcud təkliflərdən danışan Lavrov qeyd edib ki, Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı Rusiyanın təklifi çoxdan vardı: "Bu təklif bu ilin əvvəlində tərəflərə təqdim olunmuşdu. Praqada tərəflər sülh müqaviləsinin Almatı Bəyannaməsi əsasında imzalanması barədə razılığa gəliblər. Tərəflər buna razıdırlar. Bu isə sülh müqaviləsi ilə bağlı vəzifənin həllini yüngülləşdirir".

Azərbaycan və Rusiya xarici işlər nazirləri 3+3 formatını müzakirə edib

  S.Lavrov bildirib ki, görüşdə 3+3 əməkdaşlıq formatı müzakirə olunub. Lavrov Cənubi Qafqazda 3+3 əməkdaşlıq formatının bugünkü görüşdə müzakirə olunduğunu, artıq bu formatda bir dəfə görüşün keçirildiyini söyləyib. Rusiya XİN başçısı qeyd edib ki, bu formatda növbəti görüşün keçirilməsi planlaşdırılır. Lavrov Ceyhun Bayramovla görüşünü müsbət qiymətləndirib. O qeyd edib ki, ikitərəfli əlaqələrin inkişafına ən yüksək səviyyədə olan münasibətlər də təsir göstərir: "Rusiya Azərbaycanla Ermənistan arasında nəqliyyat əlaqələrinin açılmasına, sərhədlərin delimitasiyasına və sülh müqaviləsinin bağlanmasına yardım etmək niyyətindədir. Biz nəqliyyat əlaqələrinin açılması və sərhədin delimitasiyası, sülh müqaviləsinin bağlanması və ümumilikdə etimad tədbirlərinin gücləndirilməsində maraqlıyıq”. Lavrov qeyd edib ki, görüşün mühüm mövzusu Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında üçtərəfli sazişlərin və bu ilin oktyabrında Soçi görüşündə imzalanmış sazişlərin icrası məsələsidir: "Bundan başqa, regionda əməkdaşlıq, Xəzər beşliyi, ATƏT, MDB-də əməkdaşlıq və digər proseslər də gündəlikdədir".