İranda məktəblər bağlandı, ÇÖLƏ ÇIXMAQ DA OLMAZ


İranın paytaxtı Tehran və Elborz vilayətində havanın intensiv çirklənməsi səbəbindən təhsil 2 gün müddətinə dayandırılıb. 
Sherg.az xəbər verir ki, İran dövlət televiziyasının xəbərinə görə,  Fövqəladə İş Komissiyasından verilən açıqlamada, paytaxt Tehran və Elborz əyalətlərində sıx hava çirkliliyinin sağlamlıq üçün qeyri-sağlam olduğu ifadə edilərək, təhsilin 2 gün müddətinə dayandırıldığı açıqlanıb. 

Tehran Hava Keyfiyyətinə Nəzarət Mərkəzinin hesabatına görə, paytaxt Tehranda havanın keyfiyyəti 150 mikroqram/kubmetrdən yuxarı ölçülür ki, bu da bütün yaş qrupları üçün qeyri-sağlam və təhlükəlidir. İran Meteorologiya Qurumunun Milli Hava Proqnozu və Böhran İdarəetmə Mərkəzinin rəhbəri Sadik Ziyayiyan Tehran və Elborz əyalətlərində havanın çirklənməsinin bazar ertəsinə qədər davam edəcəyini bildirib və iranlılara fövqəladə hallar istisna olmaqla çölə çıxmamaq barədə xəbərdarlıq edib.

İran Səhiyyə Nazirliyinin Hava Sağlamlığı və İqlim Dəyişikliyi İdarəsinin rəisi Dr. Abbas Şahsuninin sözlərinə görə, ölkədə hər il 20 800 insan havanın çirklənməsi səbəbindən ölür. İranın 27 şəhərində aparılan araşdırmada 20 min 800 adamın hava çirkliliyi ilə bağlı xəstəliklərə görə həyatını itirdiyi, paytaxt Tehranda isə bu rəqəmin 6 min 400 nəfər olduğu bildirilir.


Bildirilir ki, Tehranın havasının çirklənməsinə şəhərin hava sirkulyasiyası üçün yararsız olması, əhalinin sıxlığı, köhnə model avtomobillər və çox istifadə edilən motosikletlərdən çıxan qazlar səbəb olur. Tehranda havanın çirklənməsi səbəbindən məktəblərdə tez-tez fasilələr olur.

Digər tərəfdən   ölkə daxilində başlayan etirazlar da şiddətlənir. 23 yaşlı Muhsin Şikarinin edam edilməsindən sonra  ölkənin bir çox yerində, xüsusən də Tehran, Məşhəd, Buşehr, Şiraz və Əhvaz şəhərlərində polis  qərargahları  yandırılıb. Sosial mediada paylaşılan görüntülərdə nümayişçilərin molotof kokteyli, benzin və yanar maddələrlə qərargahı yandırdığı görünür. 

Turan