Prezident İlham Əliyevə ad günü təbrikləri davam edir

Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir.

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru, Rusiya Elmlər Akademiyasının akademiki Anatoli Torkunovdan:

Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi və xoş arzularımı qəbul edin.

Sizə şəxsən öz adımdan və Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun məzunları olan çoxsaylı dostlarınız adından möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan Respublikasının rifahı naminə fəaliyyətinizdə sədaqətli dostlar və məsləkdaşlar arzu edirəm. Qoy Sizin hər bir təşəbbüsünüz uğurlu olsun.

xxx

Rusiya Federasiyası Prezidenti Administrasiyası rəhbərinin müavini Dmitri Kozakdan:

Möhtərəm İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Sizin müdrik rəhbərliyinizlə Azərbaycan beynəlxalq arenada layiqli yer tutur və regional gündəlikdə həlledici rol oynayır.

Sizin həyata keçirdiyiniz sosial-iqtisadi siyasət respublikada sabitliyi və tərəqqini təmin edir.

Ölkələrimiz arasında strateji tərəfdaşlığın və müttəfiqliyin inkişafına Sizin şəxsi töhfənizi Rusiyada yüksək qiymətləndirirlər. Bu tərəfdaşlıq və müttəfiqliyin potensialı əsla tükənməyib. Sizə Azərbaycanın rifahı və xalqlarımız arasında dostluğun möhkəmlənməsi naminə bütün təşəbbüslərinizdə tükənməz enerji və uğurlar arzu edirəm.

xxx

Rusiya Dövlət Dumasının deputatı, “Spravedlivaya Rossiya – Za pravdu” fraksiyasının rəhbəri Sergey Mironovdan:

Hörmətli İlham Heydər oğlu.

Sizi doğum gününüz münasibətilə təbrik edirəm.

Sizin məramlarınız, gücünüz və enerjiniz Azərbaycanın iqtisadi, sosial, mədəni potensialının möhkəmlənməsinə yönəlib. Sizi yüksək dəyərləndirən təkcə Azərbaycan vətəndaşları deyil, Siz istedadlı və məsuliyyətli lider kimi respublikanın hüdudlarından kənarda da haqlı olaraq böyük nüfuz qazanmısınız.

Azərbaycan Respublikası ilə ənənəvi mehriban qonşuluq, tərəfdaşlıq münasibətləri Rusiya üçün çox mühüm və dəyərlidir. Əminəm ki, bu münasibətlər bundan sonra da inkişaf edəcək.

Sizə möhkəm cansağlığı, səadət və Azərbaycan xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar arzulayıram.

xxx

Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirilldən:

Zati-aliləri, möhtərəm İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Siz dövlət başçısı vəzifəsində çalışdığınız illər ərzində Azərbaycanın sosial-iqtisadi inkişafı və onun vətəndaşlarının rifahı üçün çox iş görmüsünüz. Ölkədə dinlərarası dialoqun dəstəklənməsinə, milli və mədəni müxtəlifliyin qorunub saxlanmasına yönələn səylərinizi də qeyd etmək istərdim.

Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanlarının Rus Pravoslav Kilsəsinin Bakı Yeparxiyası ilə qarşılıqlı əlaqələrinin möhkəmlənməsinə verdiyiniz töhfəyə görə Sizə minnətdaram. Ümidvaram ki, bu cür əməkdaşlıq müasirlərimizin həyatında yüksək əxlaqi idealların təsdiqlənməsinə, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə, sülhün və ictimai həmrəyliyin dəstəklənməsinə bundan sonra da kömək edəcək.

Sizə möhkəm cansağlığı və ruh yüksəkliyi, Uca Yaradanın köməyini, doğma ölkənizin və həmvətənlərinizin rifahı naminə ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.

xxx

2008-2015-ci illərdə Moldova Respublikasının Ombudsmanı, İctimai Palatanın sədri Aureliya Qriqoriudan:

Hörmətli cənab Prezident.

Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm. Müasir Azərbaycanın qazandığı bütün böyük nailiyyətlər və qələbələrdə Sizin xüsusi rolunuzu qeyd etmək istəyirəm.

Mütərəqqi dünyada Azərbaycanın və dost ölkələrin xalqları arasında qarşılıqlı hörmətə əsaslanan münasibətlərin inkişafına Sizin şəxsi töhfəniz, beynəlxalq miqyasda respublikanızın nüfuzunun sürətlə artması yüksək qiymətləndirilir. Enerji ehtiyatları ilə təchizat sahəsində yeni mühüm razılaşmalar Avropa İttifaqı ilə strateji tərəfdaşlığın hərtərəfli şəkildə möhkəmlənməsinin vacib amilləridir. Əminəm ki, həmin razılaşmaların ardıcıl surətdə reallaşması iştirakçı ölkələrin mənafelərinin təmin edilməsinin və qonşuluq münasibətlərinin inkişafının parlaq nümunəsi olacaq.

Hörmətli İlham Heydər oğlu, Siz müasir dünya tarixinə Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, ölkənin ərazi bütövlüyünün təmin olunması, işğal altındakı torpaqlarınızın azad edilməsi uğrunda mübarizəyə uğurla başçılıq etmiş müzəffər Ali Baş Komandan kimi düşmüşünüz. Milli lider və müdrik dövlət xadimi kimi Sizi hələ qarşıda bir sıra mühüm işlər gözləyir. Tarixi missiyasınızın həyata keçirilməsi yolunda Sizə uğurlar arzu edirəm. Qoy həyatınızın hər günü Sizə möhkəm cansağlığı və yaxşı əhval-ruhiyyə bəxş etsin, sədaqətli məsləkdaşlarınız, həmfikirləriniz, köməkçiləriniz, doğmalarınız, dostlarınız daim yanınızda olsunlar.

Doğum gününüz mübarək, cənab Prezident!

xxx

Rusiyanın TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmandan:

Möhtərəm İlham Heydər oğlu.

Xahiş edirəm, doğum gününüz münasibətilə Rusiyanın TASS İnformasiya Agentliyi adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi qəbul edin.

Siz görkəmli siyasi xadim və Ali Baş Komandan olaraq Azərbaycanın mənafelərini ardıcıl surətdə və inamla müdafiə edir, vətəndaşlarınızın təhlükəsizliyini qoruyur, onların rifahını yüksəldirsiniz.

Uzun illər boyu ölkəni müdrikliklə və səmərəli idarə etməyiniz Azərbaycanın davamlı iqtisadiyyatını, qabaqcıl texnologiyalarını, güclü ordusunu, humanitar sahədə ciddi və parlaq nailiyyətlərini uğurla təmin edib.

Ölkə vətəndaşları sosial baxımdan yüksək səviyyədə qorunur və onlar gələcəyə inamla baxırlar.

İcazə verin, həyatınızın bu əlamətdar günündə Sizə uğurlar və nailiyyətlər, sevinc və xoşbəxtlik, ən başlıcası, möhkəm cansağlığı arzulayım.

Qoy Sizin bütün şəxsi və peşəkar planlarınız həyata keçsin.

Sizə və Azərbaycan Respublikasının xalqına xoş günlər və firavanlıq diləyirəm.

xxx

Rusiyanın TASS İnformasiya Agentliyinin baş direktoru Sergey Mixaylovdan:

Hörmətli İlham Heydər oğlu.

Rusiyanın TASS İnformasiya Agentliyinin kollektivi və şəxsən mən Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirik.

Siz bir dəfə TASS İnformasiya Agentliyinə müsahibənizdə demişdiniz ki, insanlarla canlı ünsiyyət Sizə zamanın nəbzini tutmaq, insanları nəyin narahat etdiyini bilmək imkanı verir. Mənim fikrimcə, bu, Sizin siyasətinizin uğurunun əsas reseptlərindən biridir. İnsanların ehtiyaclarına həssas münasibət və bütün xalqın dəstəyi Azərbaycan cəmiyyətinə zamanın çağırışlarının öhdəsindən uğurla gəlməyə imkan verən ən mühüm amildir. Sizin rəhbərliyinizlə Azərbaycanda həyata keçirilən genişmiqyaslı layihələr respublikanın inkişaf vektorunu illərcə qabaqcadan müəyyən edir. Azərbaycanın uğurları, onun sosial-iqtisadi potensialının və beynəlxalq nüfuzunun möhkəmlənməsi Sizin bütün daxili resursları birləşdirmək, onları dövlətin mənafelərinin müdafiəsinə yönəltmək bacarığınızın nəticəsidir.

Ölkələrimizi sıx strateji tərəfdaşlıq münasibətləri bağlayır. Siz bu münasibətlərin möhkəmlənməsi üçün ciddi səy göstərirsiniz.

TASS Agentliyində bizim informasiya sahəsində əməkdaşlığımızın, o cümlədən dövlət kütləvi informasiya vasitələri arasında əməkdaşlığın inkişafına Sizin şəxsi töhfənizi yüksək qiymətləndirirlər.

Ümidvaram ki, bu məsələlərdə səmərəli qarşılıqlı fəaliyyətimiz davam edəcək.

Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, əmin-amanlıq, Rusiya və Azərbaycan xalqlarının rifahı naminə təşəbbüslərinizdə yeni-yeni uğurlar arzu edirəm.

xxx

GUAM-ın Baş katibi Altay Əfəndiyevdən:

Zati-aliləri.

Doğum gününüz münasibətilə Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat – GUAM-ın Katibliyi adından və şəxsən öz adımdan Sizə ən səmimi təbriklərimizi çatdırıram.

Sizin beynəlxalq hüququn normalarına söykənən əsas prinsiplərinizdə təsbit olunduğu kimi, müharibədən sonra sülhün, sabitliyin və əməkdaşlığın təmin edilməsi istiqamətində yorulmaz, ardıcıl və əlaqələndirilmiş səylərinizi yüksək qiymətləndirir və dəstəkləyirik.

Biz işğaldan azad edilmiş Azərbaycan torpaqlarının bərpa edilməsi və yenidən qurulması, bu ərazilərin ölkənin sosial-iqtisadi həyatına inteqrasiyası istiqamətində əldə olunan uğurlara heyranıq.

Biz, həmçinin yeni yaranmış beynəlxalq təhlükəsizlik və əlaqə baxımından strateji əhəmiyyəti getdikcə artan regionumuzda sülhün, sabitliyin, əməkdaşlığın və inkişafın təşviq edilməsi üçün Sizin rəhbərliyinizlə GUAM çərçivəsində Azərbaycan Respublikası ilə əməkdaşlığın daha da möhkəmlənməsinə və genişlənməsinə ümid edirik və bunu səbirsizliklə gözləyirik.

Zati-aliləri, fürsətdən istifadə edərək bir daha doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edir, eləcə də güclü, müasir, demokratik və firavan Azərbaycanın daha da inkişafı naminə fəaliyyətinizdə mühüm nailiyyətlər əldə etmək üçün Sizə möhkəm cansağlığı və güc-qüvvət arzulayıram.

xxx

Rusiya Federasiyasının İslam Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi Ramazan Abdulatipovdan:

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri, cənab Prezident.

Möhtərəm İlham Heydər oğlu.

Siz Azərbaycanın görkəmli dövlət xadimi, böyük Heydər Əliyevin göstərişləri və vəsiyyətləri əsasında istedadlı Azərbaycan xalqının dövlətçiliyini, ənənəvi mədəniyyətini inkişaf etdirən və milli mənliyini bərpa edən insansınız.

Möhtərəm İlham Heydər oğlu, Siz xalqın əsl Prezidenti, mərd və müdrik rəhbəri, qəhrəman Azərbaycanın mənəviyyatı, istək və amalları, perspektivləri ilə sıx bağlı olan lidersiniz.

Dağıstanı və şəxsən məni hər zaman dəstəklədiyinizə görə əbədi məsləkdaşınız və dostunuz kimi Sizə təşəkkür edirəm.