İran özünü cinayətkar təşkilat kimi aparır

40 ildir bu ölkəyə beynəlxalq güclərdən ciddi cavab verilməyib

İranın terrorçu ənənəni mənimsəməsinin bir neçə təməl səbəbləri var

  "Son 40 ildə, yəni İranda inqilab baş verən gündən etibarən idarəçilərin xarici siyasətdə istifadə etdikləri mühüm vasitələrdən biri terror aktları törətmək, terrora dəstək vermək, siyasi fikir ayrılığının olduğu, problem yaşadıqları ölkələrin diplomatik nümayəndəliklərinə hücum etməkdir". 

Bu barədə "Şərq"ə açıqlamasında Təbriz Araşdırmaları İnstitutunun sədr müavini, dr. Babek Şahed deyib. Tədqiqatçı-alim bildirib ki, İranın xarici siyasətinin digər mühüm alətlərindən biri Livan "Hizbullah"ı, Yəmənin "Ənsarullah" hərəkatı və "Həşdi Şabi" kimi müxtəlif ölkələrdə dəstəklədiyi terrorçu təşkilatlardır: 

"Bu qruplaşmalar dəfələrlə sui-qəsdlər və terror aktları həyata keçiriblər. Dünyanın müxtəlif yerlərində istər rejim müxaliflərinə, istər yəhudilərə, istərsə də ABŞ, Böyük Britaniya və Səudiyyə Ərəbistan kimi ölkələrin İrandakı səfirliklərinə hücumlar təşkil olunub. Yəni terror və diplomatik hədəflərə hücumlar İran dövlətinin xarici siyasətində ənənəyə və kiməsə "cavab vermə" vasitəsinə çevrilib. Düşünürəm ki, İranın bu ənənəni mənimsəməsinin bir neçə təməl səbəbləri var. İran özünü beynəlxalq hüquqa riayət etmək məcburiyyətində olan normal dünyəvi dövlət kimi görmür. Siyasi şizofreniya kimi qələmə verə biləcəyimiz dövlət təfəkkürünü "inqilabi dövlət" məntiqi ilə eyniləşdirməyə çalışır". 

  Babek Şahed diqqətə çatdırıb ki, 40 il ərzində İranın kifayət qədər güclü dövlətlərə qarşı hücumlarına belə ciddi cavab verilməyib. Sadəcə, siyasi-iqtisadi sanksiyalar tətbiq edilib:

 "Bu da İran hakimiyyətində getdikləri yolun, tətbiq etdikləri metodun "haqlı və faydalı" olduğuna dair yanlış təsəvvür formalaşdırıb. Ona görə də İran hökuməti terrorçuluqla, xarici vətəndaşları girov götürməklə, diplomatik hədəflərə hücumlar təşkil etməklə özünü normal dövlət yox, daha çox cinayətkar təşkilat kimi aparıb. Beynəlxalq güclərdən ciddi reaksiya görmədiyi üçün məhəllədə "dəli oğlan" obrazını oynamağı davam edib. Düşünürəm ki, İranın Azərbaycan səfirliyinə qarşı törətdiyi terror aktı da bu kontekstdə dəyərləndirilməlidir". 

  Alim bəyan edib ki, son dövrlərdə regionda baş vermiş mühüm olaylar İranın hədsiz aqressivləşməsinə səbəb olub: "Xüsusilə İkinci Qarabağ müharibəsindəki qələbədən sonra regionda Azərbaycan-Türkiyə müttəfiqliyinin güclənməsi və İrana qarşı dəyişən geosiyasi tarazlıqlar Tehranı aqressivləşdirdi.

 Digər tərəfdən Zəngəzur dəhlizi məsələsi İran və Azərbaycan arasında anlaşılmazlığın mühüm amilinə çevrildi. Nəticədə Tehran-Bakı münasibətləri ən gərgin dövrünə qədəm qoydu. İranın Azərbaycan səfirliyinə qarşı törətdiyi terror aktı isə ABŞ, Böyük Britaniya və Səudiyyə Ərəbistanı nümunələrində olduğu kimi, onun tipik davranışının və aqressiv münasibətinin yenidən təzahürü və təsdiqlənməsidir".