Moskva azərbaycanlıları türk qardaşlarına yardım edir

Moskvada yaşayan azərbaycanlılar artıq ikinci gündür Türkiyə səfirliyinin təqdim etdiyi siyahıya uyğun olaraq zəruri əşyaları gətirir və qardaş ölkədə baş vermiş güclü zəlzələdən əziyyət çəkənlərə humanitar yardım göstərir, eləcə də xatirə lövhəsi önünə gül və oyuncaqlar qoyurlar.

Bu barədə “Report”un Rusiya bürosu məlumat verib.

“Moskva Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti” regional ictimai təşkilatının sədri Bəxtiyar Həsənov Türkiyənin Rusiyadakı səfiri Mehmet Samsar ilə görüşüb.

Görüş zamanı B.Həsənov Türkiyəyə yardım edən azərbaycanlılardan danışıb: “Həmvətənlərimiz dərhal yardıma axışdı. Bu günlərdə Türkiyənin yanında olmalı, ağrını bölüşməli və bütün mümkün köməkliyi göstərməliyik. Bu məqsədlə bir sıra konkret addımlar atılıb və humanitar yardımın davam etdirilməsinə yönəlmiş təşəbbüslər həyata keçirilir”.

Moskvadakı Azərbaycan cəmiyyətinin sədri Oqtay Hüseynov qeyd edib ki, bu gün Türkiyə faciəli günlərlə üzləşib: “Bu ağrını bölüşmək üçün səfirliyə gəlmişik və bütün mümkün yollarla Türkiyəyə kömək etməyə çalışırıq”.