Talıbovlardan daha bir sabotaj! – ““Arkoz” Holdinq” üçün məqsədli problem...”

Naxçıvanda “Arkoz Holdinq”ə məxsus fabrik və zavodlarda çalışan yüzlərlə fəhlə 14 martdan etibarən tətilə başlayıb.
Bu haqda “Gündəlik Naxçıvan”a tətilə qoşulan fəhlələr məlumat veriblər.
Bildirilib ki, buraya “Daş Məhsulları Sənaye Kompleksi”, “Bellissa Mebel Fabriki”, “Plastik Məhsulları İstehsalı” və digər müəssisələr daxildir.
Fəhlələr üç aydır maaşlarının verilməməsinə etiraz edirlər.

Onlar bildirirlər ki, problemlə bağlı rəhbərliyə dəfələrlə müraciət etsələr də, heç bir nəticəsi olmayıb.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun ailə üzvlərinə məxsus olan “Gəmiqaya Holdinq”in adı bir müddət əvvəl dəyişdirilərək “Arkoz Holdinq” olub. “Arkoz Holdinq” türkiyəli iş adamı Emin Uçara məxsusdur. Emin Uçar eyni zamanda “Gəmiqaya Holdinq”in İdarə Heyətinin sədri olub.

Məsələ ilə bağlı “Sherg.az” danışan "TNS” İnformasiya Agentliyinin baş redaktoru, əslən naxçıvanlı olan jurnalist Tural Səfərov bildirib ki, “Arkoz” Holdinqlə bağlı yayılan şişirdilmiş xəbərlər Talıbovların daha bir sabotajıdır”. Onun sözlərinə görə, belə problem olub, ancaq böyüdüləcək dərəcədə deyil:

“ “Arkoz” Holdinqin Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən fabrik və zavodlarında yüzlərlə fəhlənin tətil etdiyi ilə bağlı xəbər bir az şişirdilmiş formada təqdim edilib. Doğrudur, belə bir problem olub. Amma bu problem Vasif Talıbovun Naxçıvana rəhbərlik etdiyi, onun oğlu Rza Talıbovun “Gəmiqaya” Holdinqin ortağı olduğu dövrdə məqsədli şəkildə yaradılan problemdir. Jurnalist bildirib ki, hələ Vasif  Talıbovun Naxçıvan Ali Məclisinin sədri olduğu dövrdə Emin Uçarın rəhbərlik etdiyi şirkətlərə süni əngəllər yaradır, bu müəssisələrin istehsal etdiyi məhsulların satışına mane olurdular. Məqsəd sahibkarı tamamilə müflisləşdirmək idi. Çünki, Emin Uçar Vasif Talıbovun tələbləri ilə razılaşmamış, min bir əziyyətlə qurub yaratdığı şirkətləri onun övladlarına vermək istəməmişdi. Ona görə də Vasif Talıbov Emin Uçara məxsus şirkətlərin fəaliyyətinə əngəllər yaratmışdı. Bugünkü problemlər məhz Vasif Talıbovun dövründən miras qalmış problemlərdir. Bu xəbərin belə şişirdilmiş formada təqdim edilməsi, yüzlərlə fəhlənin guya tətil etdiyi ilə bağlı məlumatların sosial şəbəkələrdə paylaşılması Vasif Talıbovun komandasının daha bir sabotajıdır. Məqsəd Vasif Talıbovun dövründə hər şey daha yaxşı idi görüntüsünü yaratmaqdır”.

T.Səfərov deyib ki, “Gəmiqaya” şirkəti ləğv edildikdən, Emin Uçara məxsus olan fabrik və zavodlar “Arkoz” Holdinqin tabeliyinə keçirildikdən sonra bir sıra texniki və sənədləşmə məsələləri ortaya çıxıb:

“Bizdə olan məlumata görə, əməkhaqlarının gecikdirilməsinin səbəbi məhz budur. Holdinqin istehsal müəssisələrində çalışan işçilərin əməkhaqqı artıq ödənilib. Bizdə dəqiq məlumat var ki, “Arkoz Holdinq”ə məxsus şirkətlərin heç birində işçilər tərəfindən rəsmi tətil elan edilməyib. Hazırda fabrik və zavodlarda iş hər zamankı ritminə uyğun şəkildə davam etməkdədir. Görəsən, bu məsələni bu qədər böyütmək, yüzlərlə işçinin tətil etdiyi kimi təqdim etmək kimlərin marağındadır? Əlbəttə ki, Vasif  Talıbovun komandasının. Amma heç nəyə nail ola bilməyəcəklər. Naxçıvanda hər şey yaxşıya doğru dəyişəcək”.
Şərqiyyə Nəbi