İş təkcə sürət həddini endirməklə bitməyəcək


Təhlükəsizliyi artırmaq üçün dövlət proqramında nəzərdə tutulan xeyli digər işlər də görülməlidir

“Ən ciddi işlərdən biri də qəbul edilən qərarların düzgünlüyünün və ən yaxşısı olduğunun cəmiyyətə çatdırılması, insanların buna inandırılmasıdır”


  “Bakı şəhərinin və Abşeron yarımadasının bəzi küçə və yollarında sürət həddinin dəyişdirilməsi ilə bağlı qərar keçmişdə buraxılmış ciddi səhvlərin düzəldilməsidir”.
Bu sözləri “Şərq”ə açıqlamasında hüquqşünas, nəqliyyat eksperti Ərşad Hüseynov deyib. 
  Ekspertin sözlərinə görə, vaxtilə sürücüləri sıx məskunlaşma ərazilərindən keçən küçə və yollarda yüksək sürətə öyrəşdirən belə səhvlər olmamalıydı, yaxud çoxdan aradan qaldırılmalıydı: “Nəhayət ki, edildi. Amma iş təkcə sürət həddini endirməklə bitməyəcək. Təhlükəsizliyi artırmaq üçün dövlət proqramında nəzərdə tutulan xeyli digər işlər də görülməlidir. Məsələn, yol tikəndən başlamış yolda nişan qoyanadək hər kəsin peşəkar və məsuliyyətli fəaliyyətinin təmini, sürücü hazırlığı və sürücü olma işinin təkmilləşdirilməsi, cəmiyyətdə təhlükəsiz davranış mədəniyyətinin formalaşdırılmasıdır.  

  Ən ciddi işlərdən biri də qəbul edilən qərarların düzgünlüyünün və ən yaxşısı olduğunun cəmiyyətə çatdırılması, insanların buna inandırılmasıdır. Qərar qəbul edənlər (bu halda DYP və BNA) müasir elmi-texniki yanaşmalara istinadla insanları inandırmalıdırlar ki, belə qərarlar daha çox cərimə tətbiqinə, yolda daha çox vaxt itirilməsinə yox, hər kəs (piyada, sürücü, sərnişin) üçün daha təhlükəsiz və daha fasiləsiz, daha dayanıqlı və etibarlı hərəkət (mobillik) mühitinin yaradılmasına xidmət edəcək”.
  Ə.Hüseynov deyib ki, sürət hədləri ilə bağlı son qərar  hələ tətbiq edilməyib. Onun icrası üçün yollarda hərəkətin təşkilinə uyğun dəyişikliklər edilməlidir. 

  Qeyd edək ki,  Bakıda bu küçə və prospektlərdə sürət həddinin endirilməsi təklif olunur. Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli feysbuk sosial şəbəkə hesabında məlumat yayaraq bildirib ki, statistikalar paytaxt ərazisində baş verən yol-nəqliyyat hadisələrinin əsas səbəblərindən birinin də, yüksək sürət həddi olduğunu göstərir. 

Bakı Nəqliyyat Agentliyi tərəfindən yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artırılması, nəqliyyat axınlarının effektiv idarəolunması məqsədilə 14 yol sahəsində sürət hədlərinin endirilməsi ilə bağlı təkliflər hazırlanıb və Baş Dövlət Yol Polisi İdarəsi ilə razılaşdırılıb. Sözügedən yol sahələrində mərhələli şəkildə müvafiq yol nişanları quraşdırılacaq. Sürücülərimizin sürət hədlərinə riayət edəcəyinə inanırıq”.