Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb.
O, bunu Avropa Şurasının İslandiyanın paytaxtı Reykyavik şəhərində keçirilən sammitində deyib.
Paşinyan qeyd edib ki, bundan əvvəl Ermənistan və Azərbaycan Fransa Prezidenti Emmanuel Makronun və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Almatı Bəyannaməsi əsasında münasibətləri normallaşdırmaq barədə razılığa gəliblər.
“Üç gün əvvəl Aİ Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə biz irəliyə doğru addım atdıq və vurğuladıq ki, Ermənistan Azərbaycanın 86,6 min kvadrat kilometr, Azərbaycan isə Ermənistanın 29,8 min kvadrat kilometr ərazisini tanıyır”, - Paşinyan bildirib.
Bəyanatı "Sherg.az"a dəyərləndirən Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli söyləyib ki, proseslər davam edir:
"Paşinyanın açıqlamaları proseslərlə bağlı qiymətləndirici meyar deyil, sadəcə erməni cəmiyyətinə verilən mesajlardır. Bu mesajları da erməni cəmiyyəti düzgün oxuyur.
Çünki əgər yanlış oxusaydılar, Paşinyan hakimiyyətdə olmazdı. Görünən odur ki, əlavə bir xarici təsir olmasa, o hakimiyyətini davam etdirəcək. Ümumiyyətlə, Ermənistan baş nazirinin bəyanatları Azərbaycanda ciddi qəbul edilmir.
Çünki Azərbaycan iki il yarım müddətində A nöqtəsindən, B nöqtəsinə gəlib çıxıb. B nöqtəsi isə Paşinyanın Qarabağ və işğal altında olan 8 kənd daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıması idi.
Bunu da Brüssel görüşündə qeyd etdi. Ona görə də, düşünürəm ki, bu irəliyə doğru addımdır.
Biz Azərbaycan və Ermənistan arasındakı sülh müqaviləsinə yaxınlaşmışıq. Bu faktdır və Nikol Paşinyanın üzərindən icra olunur. Ümumiyyətlə isə onun dedikləri deyil, etdikləri daha həlledicidir".