Taksi xidmətindən narazılıq varsa, deməli, nəzarət zəifdir

Nazirlər Kabinetinin Bakı şəhərində taksi fəaliyyəti ilə bağlı konkret reqlament və tələbləri var
“Əsas şərtlərdən birinə görə, taksi kimi fəaliyyət göstərən minik avtomobillərinin damında sarı işıqlı fənər olmalıdır, sürücünün yaşı 21-dən az olmamalı və ən azı iki illik sürücülük təcrübəsi olmalıdır”

  Bakıda qadın sərnişinlərlə qeyri-etik formada davranan, əxlaqsız təkliflər edən və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul “Uber” və “Bolt” şirkətlərinin 69 sürücüsü barəsində qanunauyğun ciddi tədbirlər görülüb. Bu barədə DİN Mətbuat Xidmətindən məlumat verilib. 

Məlumatda bildirilib ki, paytaxt ərazisində “Uber” və “Bolt” taksi şirkətlərinin bəzi sürücülərinin xanım sərnişinlərlə qeyri-etik formada davranmaları, əxlaqsız təklif etmələri, eləcə də taksi fəaliyyəti ilə məşğul olan zaman narkotik vasitələrin təsiri altında olmaları barədə daxil olan çoxsaylı şikayətlər əsasında polis əməkdaşları tərəfindən silsilə əməliyyatlar davam etdirilir. Həyata keçirilən sonuncu tədbirlər nəticəsində bu günə qədər qeyd olunan əməlləri törədən həmin şirkətlərin 63 sürücüsü müəyyən edilərək saxlanılıb. Son günlərdə keçirilən tədbirlər zamanı analoji hərəkətlər törədən daha 6 sürücü də müəyyən edilərək məsuliyyətə cəlb edilib. Əməliyyatlar zamanı saxlanılan taksi sürücülərindən bir qisminin cinayət məsuliyyətinə, digərlərinin isə inzibati məsuliyyətə cəlb olunmaları təmin edilib. Bu istiqamətdə polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.  Məlumatda vətəndaşlara müraciət olunaraq qeyd edilir ki, “vətəndaşlar taksi xidmətlərindən istifadə edən zaman qarşılaşdıqları bu kimi neqativ hallarla bağlı dərhal ərazi polis orqanlarına, “102" Xidməti-Zəng Mərkəzinə və ya DİN-in sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilər”.
Baxmayaraq ki, taksi xidməti hazırda ən sərfəli sərnişindaşımadır, narazılıqlar azalmır. Səbəb nədir? Ekspertlərlə problemin qaynağını araşdırmağa çalışdıq. 
  Nəqliyyat problemləri üzrə ekspert Aslan Əsədov “Şərq”ə açıqlamasında bildirdi ki, paytaxtın ictimai nəqliyyat yükünün əsas hissəsi taksi xidmətinin çiyinlərindədir. Lakin bu sahədəki xoşagəlməz hadisələr əhalidə taksi xidmətinə inamsızlıq yaradır:  
- Bu sahəyə nəzarət gücləndirilməlidir. Taksi xidməti ilə bağlı dövlət orqanlarının resursları daxilində müəyyən tənzimləmələr həyata keçirilməlidir. Yalnız Daxili İşlər Nazirliyi, Dövlət Yol Polisi İdarəsinin müdaxiləsi ilə problem həll olunası deyil. Taksi şirkətlərini qeydiyyata alan orqan da bu sahəyə nəzarəti artırmalıdır.  Taksi sürücüləri işə götürülən zaman psixoloji, tibbi, narkoloji yoxlamadan keçirilməli, sürücülük sənədi ilə yanaşı məhkumluq haqqında arayış da tələb olunmalı, taksi sürücülüyünə qəbulda yaş senzi tətbiq edilməlidir. Konkret bir orqan bu sahəni nəzarətə götürməli və sürücülüyə qəbulda bütün bu şərtlərə əməl edilməsi mütləq şəkildə icra olunmalıdır. Hazırda qüvvədə olan müvafiq qanunlara əsasən sərnişindaşıma xidməti göstərən hər bir avtomobil reysdən qabaq texniki baxışdan, sürücü də tibbi baxışdan keçməlidir. Qanunvericiliyin bu maddəsi icra olunsa, nəzarət güclənsə, bu kimi neqativ hallar da azalar, getdikcə aradan qalxar. 
  Nəqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfərov da bu fikirdədir ki, problemlər taksi xidməti hüquqi tənzimlənmədən kənar qaldığı üçün baş verir:  
- Taksi xidməti göstərən şirkətlər çoxdur. Bu sahədə ciddi rəqabət var və bu səbəbdən də taksi xidməti ucuz və sərfəlidir. Taksi xidməti sahəsində liberal bazar iqtisadiyyatı şərtləri hökm sürür. Bu, yaxşıdır. Lakin liberal iqtisadiyyat nəzarətsizlik kimi anlaşılmamalıdır. İstehlakçının hüquqları hər zaman öndə olmalıdır. Əgər bu gün taksi xidmətindən narazılıq varsa, deməli, nəzarət zəifdir, hardasa boşluq var. Taksi sürücüləri  ilə sərnişinlər, sürücülərlə də taksi şirkətləri arasındakı anlaşılmaz vəziyyət yaranır.  Təəssüf ki, bu problemlər müvafiq qurumlar tərəfindən tənzimlənmir. Tənzimləyici qurumlar Nazirlər Kabinetinin 2019-cu ildə qərara aldığı xüsusi reqlament və tələblərin yerinə yetirilməsinə  nəzarəti həyata keçirə bilmir. NK-nın Bakı şəhərində taksi fəaliyyəti ilə bağlı konkret reqlament və tələbləri var. Əsas şərtlərdən birinə görə, taksi kimi  fəaliyyət göstərən minik avtomobillərinin damında sarı işıqlı fənər olmalıdır, sürücünün yaşı 21-dən az olmamalı və ən azı iki illik sürücülük təcrübəsi olmalıdır. Əksər sürücülər bu şərtlərin heç birinə  əməl etmir. Nəzarət mexanizmi zəifdir deyə, problemlər yaranır. Vətəndaşlar da hüquqlarını bilməli, nalayiq davranışla qarşılaşdıqda DİN-in ”102” Qaynar xəttinə müraciət etməlidirlər. Vətəndaşlara qarşı nalayiq hərəkətlər edən sürücülərsə cərimə olunmaqla yanaşı, onların taksi fəaliyyəti də qadağan edilməlidir. Ən azından müəyyən bir müddətə.