“Bu, müharibə dövründə
qoyulmuş yol göstərici plakatdır. Lakin videoda danışan erməninin narahatlığı
başadüşüləndir”
Ermənistan ərazisində Azərbaycana istiqamət
göstərən lövhələr quraşdırılıb. Bu barədə "Paralel Z" teleqram kanalı
video paylaşıb. Videoda danışan şəxs Azərbaycan sərhədindən 500 metr aralıda -
Ermənistanın Hayqeovan kəndində Azərbaycana istiqamət göstərən lövhələr yerləşdirildiyini
bildirir: "Burada Bakıya qədər 458, Gəncəyə qədər isə 98 km məsafə olduğu
yazılıb. Əgər sülh müqaviləsi imzalansa, bu ərazinin taleyi necə olacaq? Burada
ermənilər yaşayır. Onlar buranı tərk edəcəklər? Bu o deməkdir ki, Paşinyan Ermənistan
pasportu olan 120 min ermənini, erməni kəndlərini Azərbaycana vermək istəyir.
Biz bunun qarşısını necə ala bilərik. Düzü, bilmirəm". Qeyd edilir ki,
Hayqeovan Azərbaycanın hazırda Ermənistanın nəzarətində olan Barxudarlı kəndinə
qonşu kənddir.

Yayılmış video ilə bağlı “Sherg.az”a danışan
hərbi ekspert Ədalət Verdiyev qeyd etdi ki, diqqətlə baxdıqda bu plakatın yeni
olmadığı bilinir:
- Bu, köhnə plakatdır. Orada
Şamxor yazılıb, məlumdur ki, “Şamxor” adı çoxdan ləğv edilərək Şəmkir rayonu
adlandırlıb. Gəncənin adı da düzgün yazılmayıb. Və plakatda “giriş qadağandır”,
işarəsi var. Bu, müharibə dövründə qoyulmuş yol göstərici plakatdır. Lakin
videoda danışan erməninin narahatlığı başadüşüləndir. Ermənistanı narahat edən
odur ki, Azərbaycan yaxın zamanda öz tarixi ərazilərinə tamamilə sahib olacaq,
sərhədlərini bərpa edəcək. Azərbaycanın 8 kəndi hələ də işğal altında
saxlanılır. Onlardan biri – Kərki kəndi Naxçıvanındır, 7 kənd isə Qazaxa
aiddir. Azərbaycan Qazaxın 7 kəndini də işğaldan azad etdikdən sonra Ermənistan
Gürcüstanla onu birləşdirən magistral yola nəzarəti itirəcək. Kərki azad
edildikdə isə İrəvan-Qafan yolu Azərbaycanın nəzarətinə keçəcək. Erməniləri də
narahat edən budur. Amma günahkar özləridir. Ermənistan Azərbaycan ərazilərini
işğal edib qanunsuz məskunlaşdırma həyata keçirib. Qanunsuz məskunlaşdırma həyata
keçirmək beynəlxalq konvensiyalarla qadağandır. Bunun üçün Ermənistan məsuliyyət
daşıyır.