Kəndinə zəngin qayıdacaqdı, tabutu göndərildi!

Varlanmaq üçün qaçaq yollarla ABŞ-a getdi

  Qaçaq yolla Amerika Birləşmiş Ştatlarına gedən 23 yaşlı gəncin həyatı faciəylə sonlanıb. 
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən bildirir ki, Əbdülhəkim Eşiyok Türkiyənin Ağrı bölgəsində doğulub. Uzun müddət işsiz qalan, maddi sıxıntı keçirən gənc ABŞ-yə getmək qərarına gəlib. Lakin bu ölkədən məskunlaşma izni   ala bilmədiyindən qaçaq yollara baş vurub. Və Vaşinqton ştatının Bellevyu şəhərinə yerləşə bilib. Burada qaçqın düşərgəsində qalan Əbdülhəkim müxtəlif işlərdə çalışıb. Son olaraq da kuryerlik edirmiş. Gəncin məqsədi bir müddət ABŞ-də çalışıb, yurda müəyyən miqdar pulla dönüb şəxsi biznesini qurmaq olub. Lakin sən saydığını say, gör fələk nə sayır. Həftə sonu hər günki kimi yatağından qalxıb işləməyə gedən gənc elə onun kimi, Amerikaya işləməyə gələn və sürücülük edən 26 yaşlı Mahbub Ali  tərəfindən avtomobillə vurulub. Ağır xəsarət alan gənc  Bellevyu xəstəxanasına aparılsa da, həkimlər onun həyatını xilas edə bilməyib. Bundan sonra yaşananlar da faciəlidir. Əbdülhəkimin qəzada həlak olması Ağrıdakı ailəsinə çatıb, lakin onların cənazəni gətirmək üçün ABŞ-yə getmək istəyi reallaşmayıb. Ailə üzvlərinə viza verilməyib.  Gəncin cənazəsinin yurduna göndərilməsi üçün qaçqınların yaşadığı binada yardım toplanıb. 25 min dollar pul yığılıb. Bunun sayəsində gəncin cənazəsi Türkiyəyə - Ağrıya yola salınıb. Əbdülhəkimi avtomobiliylə vuran sürücü də həbs edilib.