“Kiçik təkanlar var və olmalıdır”

“Amma 5,5 maqnitudada baş verən zəlzələnin təkrarlanması ehtimalı yoxdur”

Qurban Yetirmişli: 
“Ola bilsin, arada 3 maqnitudada, hiss edilən zəlzələ baş versin. Bəlkə də heç olmayacaq. İnsanlara mənim adımdan, rəsmi olaraq çatdırın ki, heç bir təxribata, şayiələrə inanmasınlar. Qorxulu heç nə yoxdur"
  
İyulun 4-ü, yerli vaxtla saat 00:01-də Xəzər dənizində zəlzələ qeydə alınıb. Zəlzələ Quba, Xaçmaz, Şabran, Siyəzən 6 bala yaxın, Sumqayıt, Abşeron yarımadası və ona yaxın ərazilərdə 5-4 bala qədər hiss olunub. Təkanların maqnitudası 5,5, dərinliyi isə 65 km olub. Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatında bildirilir. “TASS”ın məlumatında isə qeyd olunur ki, Xəzər dənizinin Azərbaycan sahillərində baş verən zəlzələ Qazaxıstan və Dağıstanda da hiss olunub. Qazaxıstanda yeraltı təkanlar Aktau şəhərində, Dağıstanda isə Dərbənd şəhərində hiss edilib.
 
Dağıstan sakinləri Dərbənddən 100 km aralıda baş verən zəlzələni 5,9 bal gücündə hiss ediblər. Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin respublika üzrə baş idarəsinin mətbuat xidmətinin rəhbəri Tamila Qazimaqomedova deyib: "Dərbənddən 100 kilometr aralıda, Azərbaycan istiqamətində 5,9 bal gücündə zəlzələ 10 kilometr dərinlikdə baş verib. Dağıntılar barədə məlumat yoxdur. Yeraltı təkanlar Xəzər dənizinin sahillərində hiss olunub". Sosial şəbəkələrdə Mahaçqala, Kaspiysk, Novolakski rayonu və bir sıra digər ərazilərin sakinləri yeraltı təkanlar barədə məlumat veriblər.
“Seysmoloji xəritəmiz yoxdur” 

  
Ölkəmizdə baş vermiş zəlzələ barədə ətraflı məlumatları Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli mətbuat konfransında açıqlayıb. Q.Yetirmişli qeyd edib ki, zəlzələ daha çox şimal rayonlarında hiss olunub. Təkanın baş verməsi 10 saniyədən bir qədər çox olub. Bu, təhlükə yaratmayıb. Heç bir fəsad, dağıntı, tələfat qeydə alınmayıb. Baş direktor Azərbaycanın müasir standartlara cavab verən seysmoloji xəritəsinin olmadığını da deyib. O, yeni xəritə ilə bağlı RSXM tərəfindən təklif verildiyini söyləyib: “Azərbaycanın seysmoloji xəritəsi ən son 1957-ci ildə hazırlanıb. Ondan sonra xəritə yenilənməyib. Hazırda Fövqəladə Hallar Nazirliyi ilə birlikdə yeni xəritənin hazırlanması istiqamətində işlər aparılır”. 

Tikintidə zəlzələyə davamlılıq nəzərə alınır? 
  
Hazırda ən çox müzakirə olunan mövzu məhz binaların zəlzələyə davamlılığıdır. Qardaş Türkiyədəki zəlzələ faciəsindən sonra bu məsələ xüsusilə aktualdır.  Q.Yetirmişli qeyd edib ki, ölkəmizdə binalar tikilərkən 8 ballıq zəlzələyə davamlılığı da nəzərə alınır. “Azərbaycan seysmik zonada yerləşir və buna görə zəlzələlərin olması normaldır. Son zamanlar Azərbaycanda güclü zəlzələlərin baş verəcəyinə dair söz-söhbətlər yayılır. Kim deyir ki, Azərbaycanda zəlzələ olmayacaq? Ola bilər. Azərbaycan seysmoloji zonada yerləşir və buna görə binalar tikilərkən, bu, nəzərə alınmalıdır", söyləyən Q.Yetirmişli baş vermiş zəlzələnin təkrarlanması ehtimalının olmadığını da vurğulayıb və izah edib ki, zəlzələ ocağı - 65 kilometr dərinlikdədir. Və bunun heç bir qorxusu yoxdur. Baş direktor əhalinin narahatlığına əsas olmadığını da deyib: “Gecə saatlarında bir neçə hiss edilməyən zəlzələ olub. Narahat olmalı bir şey yoxdur”.  

Şayiələrə inanmayın
  
Q.Yetirmişlinin sözlərinə görə, yenidən zəlzələ baş verəcəyi barədə söylənilənlər şayiələrdir, bunları bəzi adamlar sosial şəbəkələrdə yayırlar: "Bunların hamısı absurddur. Kiçik təkanlar var və olmalıdır, yəni afterşoklar, enerji boşalamaları gedir. Güclü təkanlar olub və cihazlar bunları qeydə alıb. Amma 5,5 maqnitudada baş verən zəlzələnin təkrarlanması ehtimalı yoxdur. Amma ola bilsin, arada 3 maqnitudada, hiss edilən zəlzələ baş versin. Bəlkə də heç olmayacaq. İnsanlara mənim adımdan, rəsmi olaraq çatdırın ki, heç bir təxribata, şayiələrə inanmasınlar.  Qorxulu heç nə yoxdur".  “İstanbul Texniki Universitetinin Avrasiya Yer Elmləri İnstitutunun əməkdaşı Celal Şengör Azərbaycanda iyulun 4-ü gecə 00:01-də zəlzələ olacağını demişdi? Xeyr. Mən də deyirəm ki, Yaponiya, İran, Çində zəlzələlər olacaq. Olanda deyərsiniz demişəm. "Fevralın 6-dan sonra İstanbulda zəlzələ olacağı deyilir. 20 milyonluq şəhər əhalisi zəlzələ anını oturub gözləməlidir? Bu absurddur. Ona görə deyirəm ki, şayiələrə qəti inanmayın" - deyə Q.Yetirmişli bildirib.

Yollar yoxlanır
  
Dünən gecə saatlarında  Xəzər dənizində baş vermiş zəlzələdən dərhal sonra Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin zəlzələ bölgəsində yerləşən müvafiq strukturları gücləndirilmiş iş rejiminə keçib. Qeyd edilir ki, Agentliyin mütəxəssisləri gecəboyu yol infrastrukturuna baxış keçirib, süni mühəndis qurğularının (körpülər, keçidlər, tunellər və s.) vəziyyətini yoxlayıb. Gün ərzində də yoxlamalar davam etdirilir. Bundan başqa Agentliyin balansında olan bütün körpü və yol ötürücülərinə, yeraltı və yerüstü keçidlərə, tunellərə nəzarət gücləndirilib.