Tanınmış aparıcı rəhbərliklə davaya çıxdı  - Narazılıq varsa...

“Space” TV-də baş verənlər digər telekanallarda da yaşanır
Zeynal Məmmədli: “Aparıcı ilə rəhbərlik arasında narazılıq yaranırsa, bu, ilk növbədə media meneceri ilə əməkdaşlar arasında qarşılıqlı anlaşmanın olmadığını göstərir”

  "Space"də tanınmış aparıcı Zamirə Dadaşova ilə telekanalın rəhbərliyi arasında narazılıq yaranıb. Baş verənlər haqqında tv-aparıcı şəxsi feysbuk səhifəsində status paylaşıb. Aparıcı statusunda telekanalın rəhbəri Vado Karovinin ünvanına sərt fikirlər səsləndirib: "Mən bu gün dövlət başcısı İlham Əliyevə, hər zaman hüquqları ayaq altında qalan qadınların yanında olan Mehriban xanım Əliyevaya müraciət etməyə məcburam. “Space” MMC-nin hazırkı direktoru Vado Karovinin və onun ətrafında olan Fətiyev qardaşlarının, "Space"nin baş redaktoru, deyilənə görə, Karovinin qohumu olan, üzünü görmədiyim Elnurənin özbaşınalıqlarından. Artıq necə gündür mən əmək kitabçamı bu şirkətdən götürə bilmirəm. Hec bir səbəb olmadan aprelin 1-ı mənim müəllifi olduğum “Acıq söhbət” verilişinin saat 21.00-a efirə salınmasına baxmayaraq, efirdən cıxardılar. Halbuki özlərinin razılığı ilə cəkiliş aparılmışdı. Aprelin 27-də mənə Vado Karovinin imzasıyla ixtisara düşdüyüm haqda xəbərdarlıq göndərdilər. Həmin sənədin şəklini də sizə təqdim edirəm. Hec bir səbəb gətirmədən əmək kitabçamı və əmri mənə vermək istəmirlər. Səbəbini anlamıram. Deyirəm, siz mənə Karovinin imzasıyla xəbərdarlıq göndərmisiz. Xəbərdarlığı göndərən deyir, o, cızma-qaradır. Hüquqşunasımız deyir işə gəlmədiyinə görə işdən azad edək. Belə daha dogrudur. Əlimizdə sübut da var ki, "face kontrol"dan kecməyib. Kadrlar şöbəsinin müdiri deyir ki, mən onların sözündən cıxa bilmərəm. Yoxsa mənə pis olar. Dərəbəylikdir də "Space"də yəqin... Mənim əlimdə olan sənəd bəs, Karovin, sübut deyil? Bütün nəslin deyilənə görə, orda işləyir. İşçilər qızının, kürəkəninin adını da hallandırırlar. Fətiyevlər də - üc qardaş (Vüqar, İlqar və Qalib) bütün qanunsuzluqlara əl atırlar".
  Aparıcı məsələ ilə bağlı müvafiq orqanlara müraciət edəcəyini də vurğulayıb və bildirib ki, vəkili lazım olan instansiyalara yazılı müraciət edəcək.  

  “Space” TV-nin aparıcısının statusu ilə bağlı konkret fikir bildirməyin düzgün olmayacağını söyləyən peşəkar media eksperti, tədqiqatçı Zeynal Məmmədli  “Sherg.az"a açıqlamasında qeyd etdi ki, bu, hüquqi məsələdir: 
"Bizim konkret bu məsələyə rəy verməyimiz düzgün olmaz. Yəqin ki, aparıcı xanım problemi hüquqi müstəvidə həll etmək yolunu tutacaq. Statusdan da bu görünür. Qaldı, “Space” TV-də baş verənlərə, digər telekanallarda da təxminən eyni durumdur. Bizim telekanllar bir-birindən az fərqlənir. Ümumilikdə götürsək, aparıcı ilə, digər əməkdaşlarla rəhbərlik arasında narazılıq yaranırsa, bu, ilk növbədə media meneceri ilə əməkdaşlar arasında qarşılıqlı anlaşmanın, əməkdaşlığın olmadığını göstərir. İstənilən müəssisədə hər şey qarşılıqlı anlaşma, qarşılıqlı hörmət əsasında olmalıdır. Onlar hamısı həmkar sayılır. Həmkarlıq prinsiplərinə riayət etməlidirlər. Əgər hər hansı tv-də həmkarlıq mühiti yoxdursa, deməli, orada yaradıcılıq mühiti problemi var.  Harda ki, yaradıcılıq mühiti sağlam olur, orada belə narazılıqlar baş vermir".
  Z.Məmmədli qeyd etdi ki, bəzi tv-lərdə hələ də sovetdənqalma ənənələr davam etdirilir: “Sovet vaxtı da belə idi. Vəzifəcə nisbətən üstün olanlar özlərini komandan kimi aparırdı. Anlaşmaya varmaq əvəzinə ultumatumla, əmr tonunda danışmağa üstünlük verirdilər. İndi də bir çoxları “mən belə istəyirəm”, prinsipi ilə davranır. Bu idaretmə üsulu digər tv-lərdə də var”. 
Qeyd edək ki, “Space” TV-də rəhbərlik dəyişəndən sonra tanınmış aparıcıların bir çoxu, o cümlədən Turan İbrahimov, Elçin Əlibəyli də bu tv məkanını tərk etdi. Onların yerini isə meyxanaçılar tutdu. Görünür, “Space” TV-nin yeni rəhbərinə ciddi xəbərlər, ciddi mövzular yox, “meyxəbər”lər lazımdır.