Ekologiyaya zərbə vurmaq əsl cinayətdir

Ekologiya və ətraf mühitin mühafizəsi;

Qabaqlayıcı tədbirlər yaşıllıqların məhv edilməsi hallarını azaldıb
 
 Yaşıllıqların qorunması, meşə örtüyünün masştabının genişləndirilməsi ekoloji müdafiənin əsas istiqamətlərindən biridir. Son illərdə ölkəmizdə bu sahədə müsbət irəliləyiş hiss olunur. Ağacəkmə ilə bağlı aksiyaların təşkili və ictimaiyyət nümayəndələrinin də bu aksiyalarda fəal iştirakı sevindiricidir. Bununla yanaşı, təəssüf ki, yaşıllıqlara ziyan vurulması, ağacların qanunsuz kəsilməsi hallarına da rast gəlinir. Bu cür əməllərə qarşı aidiyyətli qurumlar mübarizə aparır. Dünən paytaxtda "Ekologiyanın mühafizəsi" ilə bağlı mətbuat konfransı keçirilib. Baş Prokurorluq və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən mətbuat konfransında son illərdə ekologiyanın mühafizəsi istiqamətində görülən işlər barədə məlumat verilib. Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri Samir İdayətov çıxışı zamanı vurğulayıb ki, Ermənistanın 30 ilə yaxın müddətdə işğal altında saxladığı və bu müddət ərzində ekoloji fəlakətlər törətdiyi ərazilər işğaldan azad edildikdən sonra Azərbaycan dövləti yenidənqurma və bərpa işlərini ekoloji mühitin qorunması və normallaşması prinsiplərinə riayət edərək aparır. Bu ərazilərdə görülən işlər zamanı ekologiyaya ziyan dəyməməsinə ciddi önəm verilir. Təbii ehtiyatlardan da səmərəli istifadə olunur. Yenidənqurma və bərpa işləri ilə əlaqədar tələb olunan xammal həmin ərazilərdə yerləşən faydalı qazıntı ehtiyatları hesabına təmin edilməkdədir. S.İdayətov bildirib ki, 2021-2022-ci illər ərzində yol infrastrukturunun qurulması, hava limanlarının tikintisi və sosial layihələrinin icrası məqsədilə 11 qeyri-filiz faydalı qazıntı yatağı daxilində tələb olunan xammaldan istifadəyə razılıq verilib: "Əlavə olaraq 2023-cü ildə Ağdam rayonu ərazisində yerləşən “Şahbulaq” əhəng daşı yatağı istifadəyə verilib. Monitorinqlər və qanunsuz fəaliyyətlə bağlı hüquqi tədbirlər görülüb". Samir İdayətov onu da qeyd edib ki, Agentlik tərəfindən respublika ərazisində faydalı qazıntıların çıxarılması ilə əlaqədar 2020-ci ildə 190, 2021-ci ildə 512, 2022-ci ildə 440, 2023-cü ilin altı ayı ərzində isə 364 olmaqla, ümumilikdə 1506 istismar sahəsinə monitorinq keçirilib: "Monitorinq işləri yataq sahələrinə yerində baxış, müasir texniki avadanlıqların istifadəsi ilə əldə olunmuş məlumatlar və peyk görüntülərinə əsasən yerinə yetirilib. Toplanılmış informasiyaya uyğun təhlillər aparılıb, uçot və hesabatlılıq təmin edilib, müəyyən edilmiş 342 qanunsuz fəaliyyət ilə əlaqədar müvafiq hüquqi tədbirlər həyata keçirilib. Qanunsuz fəaliyyət ilə bağlı 2020-2022-ci illər ərzində Agentliyin İdarə Heyətinin Qərarı ilə əsasən çay yataqlarında icazə şərtlərini pozmuş yer təki istifadəçilərinə verilmiş 97 icazə sənədi ləğv edilib. Hüquqi və fiziki şəxslər barəsində ümumilikdə 160 protokol (fiziki şəxslərlə bağlı 112, hüquqi şəxslərlə bağlı 48), fiziki şəxslərlə bağlı 111 inzibati tənbehvermə haqqında qərar, hüquqi şəxslərlə bağlı isə məhkəmələrə edilmiş müraciətlər əsasında 40 məhkəmə qərarı qəbul edilib. 2021-ci ildən başlayaraq monitorinqlərin nəticəsində yer təki istifadəçilərinə verilmiş icazə sənədində qeyd olunan şərtlərin yerinə yetirilməməsi, həmçinin icazə sənədi olmadan yer təkinə qanunsuz müdaxilə halları aşkar edilmiş və bu istiqamətdə hüquqi tədbirlərin görülməsi məqsədilə Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə birgə fəaliyyətə başlanılıb". Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev fəaliyyətləri haqqında məlumat verərək bildirib ki, idarə 2020-ci ildə təsis edilib. Və idarənin əsas fəaliyyətlərindən biri də ətraf mühitin mühafizəsidir. Fəaliyyəti dövründə idarə tərəfindən 691 inzibati xəta haqqında icraat başlanıb. Təkcə bu yarımillikdə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən yerin təkinin qorunması və istifadəsi qaydalarının pozulması və qanunsuz ağackəsmə nəticəsində dəymiş ziyan könüllü olaraq sahibkarlar və şirkətlər tərəfindən 1.5 milyon manat ziyan ödənilib. E.Musayev bildirib ki, qısa zaman ərzində davam edən araşdırmalar nəticəsində toplanan sübutlar qarşısında qanun pozuntusuna yol vermiş şəxslər qanunsuz əməllərini etiraf edib. “Həmin şəxslərin məsuliyyət məsələləri həll olunmaqla yanaşı ziyanın ödənilməsi və ətraf mühitə dəymiş ziyanın bərpa olunmasına dair kompleks tədbirlər görülüb”, - deyə o qeyd edib. Prokurorluqda qanunsuz ağackəsmə halları ilə bağlı cinayət işləri və inzibati xəta haqqında icraatlar başlanılır. 2023-cü ilin birinci yarımilliyində qanunsuz ağackəsmə ilə bağlı Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən 108 məlumata baxılıb, 65 cinayət işi başlanıb, 11-i üzrə araşdırma davam edir, digərləri üzrə isə müvafiq qərarlar qəbul edilib. Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi fəaliyyəti dövründə 274 cinayət işi başlanaraq istintaq edilməsi üçün aidiyyəti istintaq orqanlarına göndərilib. Eyni zamanda yaşıllıqların mühafizəsi ilə bağlı idarədə 6 inzibati xəta haqqında icraat başlanıb. Meşələrdə əsasən yaşlı, şəhər ərazilərində isə yeni əkilmiş ağaclar kəsilir. Onun sözlərinə görə, bütün növ ağaclar kəsilir: "Məsələn, bu yaxınlarda Gəncədə 107 sm-lik ağac kəsilmişdi. Bir əsrə bərabər yaşı var idi. Bu, əsl faciədir. Kəsilən ağaclardan Xan çinarı, qovaq ağacı kimi növlərə rast gəlmişik. Bundan əlavə, kolların da məhv edilməsi qəbuledilməzdir. Biz mütəmadi olaraq icra hakimiyyətlərinə və xüsusən də bələdiyyə sədrlərinə təqdimatlarımızı veririk. Bu halların baş verməsinə görə bələdiyyə sədrləri məsuliyyət daşıyır". Baş Prokurorluqda qanunsuz heyvan və balıq ovu ilə əlaqədar 7 cinayət işi və 149 inzibati xəta haqqında iş üzrə icraat başlanıb. İdarə rəisi vurğulayıb ki, əvvəlki dövrdə başlanmış cinayət işlərinin qabaqlayıcı təsiri ötən ilin yarımilliyində bu sahədə hüquqpozmaların sayına müsbət təsir göstərib. Meşə yanğınlarının qarşısını almaq məqsədilə də aidiyyəti qurumlarla bağlı işlər aparılır. Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə qeyd edib ki, Azərbaycanda baş verən yanğınların 99 faizi qəsdən və ehtiyatsızlıqdan baş verir. Son 3 ildə meşələrin mühafizəsi sahəsində 87 şəxs vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə görə 7 nəfər isə birbaşa onlara dövlət nəzarəti edən şəxs tərəfindən vəzifəsindən azad edilib.
  
Bələdiyyələrin Fəaliyyətinin Təbliği İctimai Birliyinin sədri Vüqar Tofiqli “Sherg.az”a açıqlamasında qeyd etdi ki, yaşıllıqların, ümumilikdə ekologiyanın qorunması ictimaiyyətin üzərinə düşən əsas vəzifələrdən biridir:

- Bu günlərdə Dənizkənarı Milli Parkda bir qadının kaktusa ziyan vurduğunu əsk etdirən video yayıldı. Televiziyalar bununla bağlı reportaj da hazırlayıb efirə verdilər. Dənizkənarı bulvarda belə yaraşıqlı, qeyri-adi, növbənöv neçə-neçə ağac, kol var. Onlara xüsusi qulluq göstərilir, becərilir. Həmçinin də qazonlara, gül-çiçəyə qulluq göstərilir. Bunlar təkcə göz oxşamaq üçün deyil, həm də havanın təmizliyi, orada istirahət edənlərin təmiz hava alması üçündür. Amma görürük ki, bəzən nadan insanlar ortaya çıxır və əslində heç bir əsaslı səbəb olmadan yaşıllıqlara ziyan vururlar. Bu cür insanlarla sərt davranılmalıdır, necə ki, ağacları qanunsuz kəsənlər, yaşıllıqları şəxsi mənfəətləri naminə məhv edənlər inzibati və ya cinayət məsuliyyətinə cəlb edilir. Ekologiyaya zərbə vurmaq əsl cinayətdir. Müsbət haldır ki, son illərdə aidiyyəti qurumların bu sahədə fəaliyyəti genişlənib. Ağacları, yaşıllıqları qəsdən məhv edənlərə qarşı ciddi mübarizə aparılır. Bu işdə ictimaiyyətin də üzərinə böyük vəzifə düşür. Biz ictimaiyyət olaraq bu məsələdə dövlət qurumlarına dəstək olmalıyıq. Harada ağacların qanunsuz kəsildiyini, yaşıllıqlara qənim kəsildiyini görsək, müdaxilə etməliyik və dövlət orqanlarına da xəbər verməliyik. Bu, bizim borcumuzdur. Kimsə düşünməsin ki, harasa zəng edəcəksə, buna görə onu qınayan olacaq. Ekologiyanın mühafizəsi hamımızın ümumi işi olmalıdır.
  V.Tofiqli işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma və bərpa işləri zamanı ekoloji mühitin qorunması barədə mətbuat konfransında səsləndirilən fikirlərə də münasibət bildirdi:
- Separatçı Ermənistan indi görsün ki, torpaq necə qorunmalı, ekologiya necə mühafizə olunmalıdır. 30 ildə erməni separatçıları yurdumuzu talan etdi. Torpaqla, çaylarla yanaşı havamızı da zəhərlədi. Onların təbiətə vurduğu ziyanı indi Azərbaycan dövləti aradan qaldırır, yaşayış yerləri, tarixi abidələrlə yanaşı, təbiəti də bərpa edir.