“Bakı Metropoliteni”ndən RƏSMİ AÇIQLAMA: "Məsələ araşdırılır"

Xəbər verdiyimi kimi, “Bakı Metropoliteni” QSC-nin ilk xanım maşinisti Günay Həbibli vəzifəsindən azad edilib.

Məlumata görə, onun işdən çıxarılmasına səbəb qatarı idarə edərkən mobil telefondan istifadə etməsi olub.

Bildirilib ki, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, maşinist təlimat qaydalarını pozaraq mobil telefonla danışıb.

G. Həbibli isə mediaya açıqlamalarında işdən çıxarılma səbəbi ilə bağlı  məlumatların yalan olduğunu vurğulayıb. 

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov "Sherg.az"a açıqlamasında bildirib ki, Günay xanım könüllü şəkildə ərizə yazaraq işdən çıxıb: 

"Telefon ilə bağlı məlumatı mətbuat sosial mediadan götürüb. Təlimat tələblərinə uyğun prosedur qaydalarına əməl etmədiyinə görə  işdən çıxıb. Könüllü şəkildə ərizə yazaraq çıxdığına görə hər dediyi sözə şərh verə bilmərik. Bu məsələni mən araşdırıram. Lazım olarsa, mediaya məlumat verəcəyik. Hadisə bu gün baş verməyib. Biz 5-ci gün maşinistlərmizi təqdim edirdik. Bildirdik ki, yeganə xanım maşinistimiz yeni işə götürüləndir. Burada sual ortaya çıxdı ki, bəs digər xanım maşinist? Biz isə digər xanımın  təlimat qaydalarına uyğun olaraq müəyyən nöqsanlara yol verdiyinə görə maşinistlik vəzifəsindən uzaqlaşdırıldığını vurğuladıq. Ona başqa iş təklif olunsa da, qəbul etmədi. 5-ci gün tədbirə gələn hər kəs bu xanımın işdən çıxdığını bilirdi. 

Bu məsələ yeni maşinistin işə qəbulu ilə bağlı deyil. Türkan xanım bizə kursa gələn zaman Günay xanım işinə davam edirdi. Biz hər əməkdaşın işdən çıxması ilə bağlı mətbuata məlumat vermirik".

Qeyd edək ki, G.Həbibli 2019-cu il aprelin 1-də maşinist kimi işə başlamışdı.

Xatırladaq ki,  ötən günlərdə Türkan Bəylər adlı xanım "Bakı Metropoliteni" QSC-də maşinist kimi işə götürülüb.