“İranın özünü böyük qardaş  kimi aparmaq cəhdləri effekt vermir” - ŞƏRH

Cəmaləddin Quliyev: “Buna görə də özlərini təcrid olunmuş kimi göstərirlər”


İranın tanınmış hüquqşünaslarından olan Ərdəvan Əmiraslani İranın “Şərq” qəzetinə müsahibəsində bildirib ki, Türklər və Osmanlılar tarix boyu bizə düşmən olublar. 

İranlı hüquqşünas Türkiyənin bölgədəki artan nüfuzundan narahatlığını ifadə edib: 

“İlham Əliyevin Azərbaycanı, Səudiyyə Ərəbistanının dəstəklədiyi Əfqanıstan, Pakistanda olan Taliban qruplaşması, Körfəz ölkələri, qeyri-sabit vəziyyətdə olan İraq və Türkiyə tərəfindən mühasirəyə alınmışıq”.

Hüquqşünas həmçinin qeyd edib ki, Ərdoğan İranın şimalı, Qafqaz və Orta Asiya türklərini dəstəkləməklə onların siyasi, iqtisadi və hərbi rəhbərinə çevrilmək istəyir. 
Ərdəvan Əmiraslani bölgə ölkələrinin İranla düşmənçiliyinin səbəbləri, münasibətlərin soyumasında İranın rolu barədə fikir bildirməyib.
Siyasi şərhçi Cəmaləddin Quliyev "Sherg.az"a açıqlamasında vurğulayıb ki, Ərdəvanın dediyi fikirlər yeni deyil:

"İkinci Qarabağ müharibəsindən sonra tanınmış İranlı keçmiş diplomatların, ekspertlərin bu cür ittihamlarının şahidi olmuşuq. Təəssüf ki, bizim regionun mühüm ölkəsi, qonşu kimi tarixi mədəni əlaqələrə bağlı saydığımız İranda dəfələrlə belə fikirlər səsləndirilir. Azərbaycanın həyata keçirdiyi   Zəngəzur layihəsi, Türkiyənin və  İraqın neft-qaz layihələrinin  İranın mühasirəyə alınmasına səbəb  kimi görürlər. Uzun müddətdir ki, onlar Şimal Cənub dəhlizinin  Pakistanın  limanlarından yox, İranın Çabahar limanından istifadə olunmasını   istəyirlər. Azərbaycan alternativ olaraq Cənubi Zəngəzur dəhlizinin layihəsində onlara yönəlmədiyi aydın olsun deyə  İranla razılaşmaya getdi. Amma təəssüf ki bu yozumlar yenə davam edir. Bu və digər İranlı şəxslərin eyni şərhlərinə rast gəlirik. Hətta İranlı ekspertlər bir müddət öncə nəqliyyat yolları ilə bağlı siyasəti karvan yolları uğrunda mübarizə kimi təqdim edirdilər. Məsələyə Orta əsrlər düşüncəsi ilə yanaşırlar. Necə ki, Orta çağda zamanın böyük dövlətləri Şərqdən Qərbə və Qərbdən Şərqə gedən yola  nəzarət ilə sanki dünya ticarətinə nəzarəti götürməyə çalışırdılar".

Ekspert  onu da qeyd edib ki, bunların içində ağıllı, rasional yanaşan ekspertlər və diplomatlar da var:
 "Onlar Zəngəzur dəhlizinin onlara qarşı olmadığını anladıqlarını deyirlər. Azərbaycan İran Ermənistan arasındakı əlaqələri kəsməyə çalışmır, hansısa ölkəyə ərazi iddiası qaldırmır  və söhbət sadəcə Naxçıvan ilə Azərbaycan arasında normal əlaqələrin bərpasından gedirsə burada hər hansı təhdidlərdən söhbət getməməlidir. Burada etnik dözümsüzlük elementləri  də var. Sanki bütün dünya türkləri İrana qarşı zidd mövqedə dayanıb kimi görüntü yaratmaq istəyirlər. Halbuki  keçmiş milyarder Babək Zəncaninin İranın ən çətin dövrlərində belə ifadəsi var idi ki, Türkiyə və Azərbaycan ilə əlaqələri sayəsində  aclıqdan xilas olublar. Heç bir zaman İrana qarşı düşmən mövqe bəsləməmişik. Azərbaycanın  istənilən ölkə ilə rahat diplomatik əlaqələr qurmaq hüququ var. Məsələn İraq, İsrail  Bəhreyn və digər ölkələr ilə əlaqələri var. Hazırda İranın düşmən kimi gördüyü ölkələrdən söhbət gedir. Baxmayaraq ki, son dövrlərə qədər İraqla İran arasındakı münasibətlər düşmənçilikdən çox uzaq idi. Hətta sabiq prezident Mahmud Əhmədinejadın səfəri zamanı iki dövlət bir millət kimi yanaşmanın da şahidi olmuşuq. Həm Əfqanıstana, həm də Tacikistana və İraqa  səfəri zamanı bu sözləri demişdi. Amerikanın İraq karbohidrogen ehtiyatlarına maraq göstərməsi, İraqın Fau limanından Türkiyə üzərindən keçib Azərbaycan nəqliyyat ərazilərinə birləşərək Avropa açılmaq planlarının ortaya çıxması İraqı da bu düşmənlər siyahısına daxil olmasına səbəb olub. Yaxud bu yaxınlarda Əfqanıstan ilə İran arasında Gilmand vilayətlərindəki su ehtiyatları uğrunda  yüngül toqquşmaların şahidi olduq. Yenə də danışıqlar yolu ilə bu həll olundu. Haqlı tərəf su mənbəyi olaraq  Əfqanıstan idi. Trans sərhəd çayları  ilə bağlı müqavilələr var. Bunlardan istifadə beynəlxalq müqavilələr ilə tənzimlənir. Sadəcə İranın qonşu ölkələrə qarşı qeyri səmimi siyasəti, özünü böyük qardaş  kimi aparmaq cəhdləri effekt vermir. Effektiv olmadığına görə də özlərini təcrid olunmuş kimi göstərirlər. Belə bir vəziyyətin olmamağı üçün İran qonşu dövlətlər ilə normal siyasət yürütməlidir. Azərbaycan, Türkiyə, Səudiyyə Ərəbistanın  və İraqın təklifləri İranın xilas kəməridir. Uzadılan əməkdaşlıq əlini geri çevirmək yerinə sıxmaq lazımdır".