Paşinyanın çıxısları tamamilə propaqanda xarakteri daşıyır
Rusiyanın “İnterfaks” agentliyinin məlumatına görə, Ermənistanın baş naziri Nikol Paşinyan yaxın günlərdə Qarabağda bir nəfər də olsun erməni qalmayacağını açıqlayıb.
Məsələyə münasibət bildirən tanınmış jurnalist, siyasi şərhçi Elçin Alıoğlu "Sherg.az"a açıqlamasında vurğulayıb ki, Nikol Paşinyan bütün ermənilərin tamamilə Qarabağı tərk etməsini deyə bilməz:
"Birincisi həmin ermənilər Ermənistan vətəndaşı olsa belə, bir tərəfdən Azərbaycan sakinləridir. Digər tərəfdən Ermənistan Respublikasının bu qədər məcburi köçkünləri qəbul etməyə nə hümanitar, nə iqtisadi, nə də təşkilatı potensialı var. Həmçinin Paşinyanın Qarabağda erməni qalmayıb kimi çıxısları da tamamilə propaqanda xarakteri daşıyır. İlk olaraq bu Rusiya və Qərbə yönəlmiş bir bəyanatdır. Ermənistan mediası, sosial şəbəkələri, xüsusilə də, Teleqram kanalları hər gün 10 minlərlə erməninin Ermənistana keçdiyini vurğulayırlar. Amma bu rəqəmlər şişirdilmə və yalandır. Əfsuslar olsun ki, bizim medialar da heç bir yoxlanış etmədən bu məlumatları tirajlayırlar. Ermənilərin bu məlumatları yaymaqda səbəbi Qarabağda 120 min erməninin yaşadığını və həmin insanlara qarşı bizim tərəfimizdən guya etnik təmizləmə siyasətinin yürüdülməsini göstərməkdir. Digər tərəfdən Nikol Paşinyan bununla Qarabağda real hümanitar faciənin yaşandığı göstərməyə çalışır. Yəni, guya ermənilər Azərbaycanda qalsa, onların həyatlarına, sağlamlıqlarına və hüquqlarına qarşısıalınmaz təhdid oluna bilər. Bunlar isə açıq-aşkar yalan məlumatlardır. Ermənistan dezinformasiya və təbliğat maşınının növbəti bir məhsuludur".