Erməni əsilli rusiyalı iş adamı Ruben Vardanyan "ittiham elan edilməklə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunub, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib", Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti (DTX) xəbər yayıb.
Separatçı Dağlıq Qarabağ respublikasının "dövlət naziri” olmuş Ruben Vardanyan azı üç maddə ilə ittiham olunur.
O, Azərbaycan Cinayət Məcəlləsinin "terrorçuluğu maliyyələşdirmə", "qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında, fəaliyyətində iştirak etmə" və "Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçmə" maddələri ilə ittiham olunur, - DTX bildirib.
Qurum əlavə edib ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərində fəaliyyət göstərmiş qanunsuz erməni silahlı birləşmələri tərəfindən ötən müddət ərzində törədilmiş "çoxsaylı terrorçuluq cinayətlərinin" araşdırılması ilə bağlı DTX-da ibtidai istintaq aparılır".
Məsələyə münasibət bildirən politoloq Ərəstun Oruclu "Sherg.az"a açıqlamasında söyləyib ki, Ruben Vardanyanın saxlanılması tamamilə qanuni bir addımdır:
"Çünki Vardanyan separatçı qurumun rəsmisi olub. Həmçinin, o, Azərbaycana qarşı müxtəlif çağırışlar edib. Son çağırışlarında Azərbaycanın dövlət rəhbərlərinin ailələrini, övladlarını terror ilə hədələyib. Vardanyan barəsində araşdırılmalı olan xeyli məsələlər var. Ona hansı cəzanın verilməsi qanunla müəyyənləşəcək. Digər tərəfdən Rusiyanın himayəsində olan və Xankəndində gizlənən separatçıları üzə çıxarmaq elə də asan olmayacaq. Ruben Vardanyanı Rusiya istəyəcək? Əgər istəsə, biz onu Şimal qonşumuza təhvil verəcəyik? Bunlar hələ cavabı olmayan suallardır? Digər separatçıların tapılması və cəzalandırılması vacibdir. Həmçinin onların yaradılmış süni imicini darmadağın etmək lazımdır. Qarabağın dağlıq hissəsində məskunlaşan erməni icması ilə bağlı məsələlər təkcə Azərbaycanın maraqları deyil. Burada Rusiyanın çox ciddi maraqları var. Şimal qonşumuz başa düşür ki, oradakı ermənilər Azərbaycan ilə geniş formatda əməkdaşlığa getsə, yaxud həmin ərazini tərk etsələr, Rusiya sülhməramlılarına ehtiyac qalmayacaq. Buna görə də Rusiya prosesin öz nəzarətində qalmasına çalışacaq. Yaxın zamanda nə baş verəcəyini söyləmək çətindir".