AZAL-da müsbət irəliləyiş: Yeni rəhbərliyin baxışı fərqlidir!

"Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakı-İstanbul-Bakı marşrutu üzrə xüsusi təklif təqdim edir.
Bu barədə  AZAL-dan bildirilib.

Əlverişli qiymətlərlə aviabiletləri bu gündən başlayaraq oktyabrın 19-na qədər əldə etmək mümkündür. Həmin biletlərlə 1 noyabr 2023-cü ildən 30 mart 2024 -cü ilə qədər (bayram günləri istisna olmaqla) səyahət etmək mümkündür.

Bakı-İstanbul-Bakı marşrutu üzrə biletlərin qiyməti 198 avrodan, İstanbul-Bakı-İstanbul marşrutu üzrə biletlərin qiyməti isə 226 dollardan başlayır.

Biletləri aviaşirkətin rəsmi www.azal.az saytından və ya “Azərbaycan Hava Yolları”nın akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür. 

AZAL-ın son dövrlərdəki fəaliyyəti barəsində “Sherg.az”a danışan  iqtisadçı Rəşad Həsənov AZAL-ın fəaliyyətində müsbət mənada irəliləyişlərin olduğunu vurğulayıb:

 “Yeni rəhbərliyin məsələyə baxışı fərqlidir. Doğrudur, hava nəqliyyatı ilə sərnişin daşıma istiqamətində islahatların aparılmasında konkret qərarlar qəbul edilməyib. Lakin hazırki  idarəetmə şirkətin bazarda olan imkanları  və mövqeyini istifadə edərək dominant qiymət qoyma mexanizminə və bazar məhdudiyyətlərinə meyil etmir. Bazar iştirakçılarının sayının artırılması və Azərbaycan hava nəqliyyat sahəsinə yeni şirkətlərin cəlb edilməsi istiqamətində təşəbbüslərlə çıxış edir. 
Tələb olunan istiqamətlərdə təklifin şaxələndirilməsi ilə müəyyən qədər rəqabətin formalaşması və bunun da öz növbəsində qiymət optimallığının təsir göstərməsi  yönündə addımlar atılır”.

 R.Həsənov  eyni zamanda  AZAL dövlət müəsissəsi olduğu üçün bəzi sosial məsuliyyətlərinin olduğunu vurğulayıb.

“Məsələn, əvəzedici məhsullar olmadığı halda AZAL-ın tələbələrə göstərdiyi qiymətlərin ucuzlaşması kimi məqamlar əslində davamlı olaraq bu şirkətin siyasətinin bir parametri olaraq  təzahür etməlidir. Bilirsiniz ki, pandemiya ilə əlaqədar ölkənin quru sərhədləri bağlandı. O cümlədən dəmiryolu xidmətləri dayandı. Yəni Azərbaycana  giriş-çıxış yalnız hava nəqliyyatı ilə mümkün oldu. Hava nəqliyyatına olan tələbin artdığı bir dövrdə  Anti-inhisar və  İstehlak Bazarına Nəzarət Dövlət Xidməti məsələni  diqqətdə saxlamalı və yuxarı qiymət limitlərini tətbiq etməlidir. Təssüflər olsun ki, bu günə qədər bu istiqamətdə heç bir təşəbbüs olmayıb”.