İlham Əliyev bütün vədlərinə əməl etdi

"Cənab İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra xalqımız qarşısında verdiyi vədlərin hamısına bu 20 il ərzində əməl etdi. İlham Əliyev “mənim Prezidentliyim dövründə ölkədə bir ədəd belə çadır şəhərciyi olmayacaq” mesajını Azərbaycan xalqına ünvanlamışdı. Bundan sonra təxminən 2007-ci ildə bir dənə çadır şəhərciyi qalmamışdı. 12 çadır şəhərciyi və 15 fin qəsəbəsi tamamilə ləğv edildi. Onların yerində isə daha abad qəsəbələr salındı və məcburi köçkünlər ev ilə təmin edildi".

Bu fikirləri Cənab İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 20 ilin keçməsi ilə əlaqədar "Sherg.az"a açıqlamasında Millət vəkili Mahir Abbaszadə deyib.

O bildirib ki, Ali Baş Komandan indiyə qədər verdiyi vədlərin hər birinə əməl edib:


"Cənab İlham Əliyev Prezident seçilərkən Azərbaycan xalqı qarşısında verdiyi sözlərdən digərləri isə ölkənin iqtisadiyyatını gücləndirmək, siyasi fəaliyyətini artırmaq, ölkədə demokratik islahatların həyata keçirilməsini təmin etmək və ordunun maddi-texniki bazasını möhkəmləndirmək idi. Biz 20 il müddətində görürük ki, Ali Baş Komandan tam şəkildə bu vədlərin həll edilməsini təmin edə bilib. Eyni zamanda möhtərəm cənab Prezident xalqımıza Azərbaycanın ərazi bütövlüyünü tamamilə bərpa etmək ilə bağlı mesajlar vermişdi. İlham Əliyevin sayəsində Azərbaycan xalqı  iqtisadiyyatını gücləndirdi, ordusunu möhkəmləndirdi və müasir silahların alınmasını təmin etdi. Eyni zamanda orduda xidmət edən əsgər və zabitlərin həyat şəraitini yaxşılaşdırdı. Bütün bunların fonunda cənab Prezidentin rəhbərliyi ilə işğal altında olan bütün torpaqları geri qaytara bildik. Məhz 2020-ci ildə cəmi 44 gün ərzində Azərbaycanın 30 illik işğal altında qalan torpaqları azad olundu. Azərbaycan ilk dəfə olaraq həmin ərazilərdə öz qələbə bayrağını qaldırdı. 2023-cü ilin aprel ayında Laçın sərhəd buraxılış məntəqəsini açmaqla Prezident Azərbaycanın ərazi bütövlüyünü təmin etdi. Lokal xarakterli antiterror tədbirlərini həyata keçirməklə möhtərəm cənab Prezidentin başçılığı ilə Azərbaycan xalqı ilk dəfə öz ərazisində hüquqi hakimiyyəti bərpa etdi. Bütövlükdə siyasi hakimiyyətimiz Azərbaycanın bütün ərazisində öz hüquqi və qanuni həllini tapdı. Bütün bunlar isə möhtərəm Prezident İlham Əliyevin son 20 il ərzində apardığı gərgin fəaliyyətinin nəticəsidir. Bu gün Azərbaycan xalqı çox fəxrlə deyə bilər ki, onun lideri məhz İlham Əliyevdir! Bundan sonra da Azərbaycan xalqı cənab İlham Əliyevin rəhbərliyi ilə daha ciddi uğurlara imza atacaq. Həmçinin, İlham Əliyevin vurğuladığı kimi Azərbaycan xalqı tarixdə müzəffər xalq kimi yaşayacaq".


Qeyd edək ki, 2003-cü il oktyabrın 15-də keçirilən Prezident seçkilərində seçicilərin 76 faizindən çoxu İlham Əliyevin lehinə səs verərək onu Azərbaycan Prezidenti seçdi.